"Rusiya Avrasiya İttifaqı kimi sonu qaranlıq və uçurum
olan bir projeyə özü ilə Azərbaycanı da sürükləmək
istəyir".
Bu sözləri Axar.az-a NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux
Məmmədov Qarabağ ətrafındakı son hadisələri şərh edərkən
söyləyib.
O, buraxılan istənilən səhvin Azərbaycanın Rusiya tərəfindən
təzyiqə məruz qalacağını bildirib:
"Cənubi Qafqaz həssas bir dönəm yaşayır. Burada kiçicik bir
yanlış xarici siyasət Gürcüstan və Azərbaycanı işğala sürükləyəcək.
Rusiya hazırda bu məqamı gözləyir və buna imkan vermək lazım deyil.
Rusiya Avrasiya İttifaqı kimi sonu qaranlıq və uçurum olan bir
projeyə özü ilə Azərbaycanı da sürükləmək istəyir. Bununla bərabər,
Ermənistana dəstəyi ilə bölgədə sülhü pozur və nəticədə hər kəsin
narahatlığına səbəb olur. Baş verən hadisələr Azərbaycana bir daha
sübut edir ki, Rusiya ilə birgə olmaq sonu uçuruma gedən yolda
addımlamaq deməkdir. Mən bir neçə gün öncə verdiyim bəyanatda da
qeyd etmişdim ki, Azərbaycan Avrasiya İttifaqı üçün strateji önəm
daşıyır. Bu, Rusiyanın yenidən bölgəni tam nəzarətə keçirməsi
deməkdir. Əgər bu baş tutmasa, Rusiya Qarabağda fəallığını yaxın
vaxtlarda daha da artıracaq".
F.Məmmədov Azərbaycanın seçim etmək zamanının gəldiyini
deyib:
"Rusiya Qarabağla yanaşı ölkə daxilində də müəyyən manevr
imkanlarından maksimum dərəcədə istifadə edəcək. Buna müəyyən qədər
gücü çatır. Bu gün Azərbaycanın milli təhlükəsizliyinin təhdidi
Rusiyadır. Bunu hər kəs açıq şəkildə bilməlidir. Azərbaycan dövləti
artıq tərəfdaşlarına səslənməlidir və özünə güclü tərəfdaş dost
ölkələrini ətrafına toplamalıdır. Azərbaycan dövləti Beynəlxalq
qurumları əlində olan bütün materiallarla məlumatlandırmalı və
onlardan bu məsələ ilə bağlı konkret tələblər irəli sürülməlidir.
Rusiya ATƏT-in Minsk Qrupunda təmsil olunsa da, Ermənistana verdiyi
dəstək hər kəsə bəllidir. Azərbaycan bu reallıqları görməli, artıq
dost və düşmənin kim olduğunu anlayaraq seçim etməlidir. Balans
siyasəti dönəminin bitdiyini deyə bilərik. Ya güclülərlə olub ən
güclü olacağıq, ya da Rusiya ilə olub işğala məruz qalacağıq. Seçim
dövlətimizindir".