Son günlər Qarabağ bölgəsində Ermənistanın işğalçı
ordusunun atəşkəsi intensiv pozması, təxribat xarakterli
əməliyyatlara əl atması nəticəsində hər iki tərəfin çoxsaylı itki
verməsi müharibənin artıq başlaması təsəvvürünü yaradıb. Vəziyyəti
qəzetimizə şərh edən Qarabağ qaziləri artıq geri yol olmadığı və
müharibəni başlatmağın zamanının çatdığı
fikrindədirlər.
Qarabağ qazisi Rey Kərimoğlu "Musavat.com"a bildirib ki, baş
verənlər artıq müharibədir:
"Düşünürəm ki, bu, bir məqamıdır və artıq müharibədir. Dünya
gördü ki, ermənilər bizim səngərlərə basqın ediblər, itkilərimiz
var. Düşünürəm ki, ordu hərəkətə keçməli və bu məsələni birdəfəlik
bitirməliyik. Geri çəkilmək olmaz. Mən buradan çağırış edirəm ki,
ön cəbhəyə keçmiş döyüşçüləri çağırsınlar. Bizim 1991-1994-cü
illərdə əməliyyatlarda iştirak etmiş əsgər və zabitlərimiz var.
Müdafiə Nazirliyinin rəhbərliyi müəyyənləşdirməli və hər səngərə
keçmiş döyüşçülərdən bir-iki nəfəri yerləşdirməlidir. Gənc
əsgərlərimiz onların təcrübəsindən faydalanmalıdır. Biz 18-20 yaşlı
əsgərlərimizi ermənilərə yem edə bilmərik. Mən ordu rəhbərliyindən
xahiş edirəm ki, keçmiş döyüşçüləri orduya cəlb etsin. Çünki
onların təcrübəsi var. Hətta elə qazi döyüşçülərimiz var ki, onlar
ordunun psixoloji hazırlığına kömək edə bilər. Bizim torpaqlarımız
işğal altındadır və biz psixoloji cəhətdən yaxşı deyilik. Amma
Qarabağ müharibəsində kifayət qədər uğurlu əməliyyatlar olub.
Ağdərə, Horadiz əməliyyatı, Tərtərin Həsənqala istiqamətindəki
müdafiə əməliyyatları, Ağdamın 43 kəndinin müdafiə olunması
əməliyyatları və başqa uğurlu əməliyyatlar olub. Bu əməliyyatlarda
iştirak etmiş kifayət qədər əsgər və zabit heyətimiz var. Bunlar ön
cəbhədə dayanmalıdır".
R.Kərmoğlu müharibə ərəfəsi olduğu üçün itkilərin
olmasının gözlənilən hal olduğunu da deyib:
"Əvvəlki illərə baxanda bir neçə gündə verdiyimiz itkilər
çoxdur. Ancaq artıq müharibə gedir və itkilərin olması
gözləniləndir. O vaxtlar biz bir gündə 100-200 şəhid verirdik. Yəni
müharibədə hər şey olur. Mən tam məsuliyyətimlə deyirəm ki, erməni
tərəfinin itkisi bizdən ən azı iki dəfə çoxdur. Düzdür, rabitə
texnologiyalarının, müasir texnikanın, internet mediasının inkişafı
gedən bir zamanda ölüm və itkiləri gizlətmək çətindir. Xüsusən də
Azərbaycan tərəfindən. Azərbaycan bir itkisini də gizlədə bilmir.
Çünki tutaq ki, Lerikdə, Yardımlıda bir nəfər əsgər şəhid oldusa o
dəqiqə hamı bunu bilir. İnternetdə, sosial şəbəkələrdə bu haqda hay
düşür. Amma Dağlıq Qarabağda dünyanın nəzarət edə bilmədiyi bir
ərazi var. Ermənistanda həlak olan əsgərlərin heç valideynlərinə
xəbər verilmir, onlar elə Dağlıq Qarabağda dəfn edilir. Üstündən
bir neçə gün keçdikdən sonra onları müxtəlif adlarla Ermənistana
aparıb dəfn edirlər. Yəni Ermənilərin itkilərini gizlətmək üçün
kifayət qədər imkanları var. Biz orduda olmasaq da məlumatımız var
ki, erməniyə layiqli cavab verilib. Ermənilər ilk gün çox çaşqın
vəziyyətdə idilər. Bunun ardınca dərhal hücuma keçmək lazım idi.
Ancaq biz gecikirik. Dərhal hücum olsaydı, ən azı bir rayonumuzu
tam qaytarmaq imkanımız vardı. Mən istəyirəm ki, torpaqlarımızı
azad edənədək geri çəkilməyək. Ancaq heç nə bizim istəyimizlə
olmur. Ordunun rəhbərliyi, bizim ali baş komandanımız var. Həmçinin
bizim artıq nəzarətimizdən çıxan, təsir imkanlarımızdan kənarda
olan ATƏT-in Minsk Qrupu və digər böyük güclü dövlətlər var. Bunlar
münaqişənin həllində iştirak edirlər. Görünür, onların da basqısı,
təzyiqi var. Ona görə ola bilər ki, yenidən atəşkəs elan olunsun.
Ancaq mən düşünürəm ki, artıq bunu keçmək lazım deyil".
"Qarabağ qaziləri" Birliyinin sədri Etimad Əsədov isə
baş verənlərin nə müharibə, nə də atəşkəs olduğunu
bildirib:
"Çox təəssüf olsun ki, biz şəhidlər veririk. Bu çox üzücü
haldır. Allah onlara rəhmət eləsin. Son olaylar ondan xəbər verir
ki, ermənilər öz xəbis, separatçı niyyətindən əl çəkmək,
torpaqlardan çıxmaq fikrində deyillər. Azərbaycan dövləti və xalqı
öz torpağına sahib çıxmalıdır. Xalq Azərbaycan dövlətinin
rəhbərinin arxasında birləşməlidir. Bu gün Azərbaycanda
vətənpərvərlik ruhu çox yüksəkdir. Azərbaycan artıq müharibə elan
etməli və xalqı ordu ilə birlikdə müharibəyə cəlb etməlidir.
Torpaqlarımızı geri almalı və ermənilərdən təmizləməliyik.
Müharibə varsa, şəhidlərimiz də olacaq. Bu bizə çox ağırdır. Ancaq
düşmənlərində itki verdiyini görüb az da olsa təsəlli tapırıq.
Azərbaycan övladları vətəni müdafiə etmək üçün doğulub. Şəxsən mən
özüm əlil olaraq müharibənin başlamasını bütün gücümlə
istəyirəm.
Müharibənin başlamasını gözləyirəm ki, özüm də gedim o əsgərlərə
qoşulub qalib bir dövlətin, qalib bir ordunun əsgəri olum. Qalib
bir xalq olaraq qələbə zəfəri yaşamaq istəyirəm. İstəyirəm ki, mən
də vətənə olan sevgimi ortaya qoyum. Bəlkə şəhid olacağam, amma ən
azından bilim ki, torpaqlarımız azad oldu və Azərbaycan dövləti
qalib bir dövlət oldu".