Yuxarı

İlham Əliyev 2 sərəncam, 4 fərman imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:17

Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbua xidməti məlumat yayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, səhiyyə obyektlərinin tikintisinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 7,55 milyon (yeddi milyon beş yüz əlli min) manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

İlham Əliyev elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda deyilir: Bununla əlaqədar bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini, dövlət nəzarətinin gücləndirilməsini və görülən işlərin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

1.1. elektron hökumət sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirsin;

1.2. dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirsin;

1.3. “Elektron hökumət” portalının idarə olunmasını və fəaliyyətini təmin etsin və təkmilləşdirilməsi ilə əlaqədar zəruri tədbirlər görsün;

1.4. dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsini və elektron xidmətlərin göstərilməsini “elektron hökumət” portalı vasitəsilə təşkil etsin;

1.5. elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) elektron xidmətlərinin inkişafı ilə bağlı tədbirlər görsün;

1.6. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.7. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və digər aidiyyəti qurumlarla birlikdə “Milli Məkan Məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.8. “Rəqəmsal hökumətə keçid üzrə Fəaliyyət Planı”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.9. bu Fərman ilə verilmiş tapşırıqların icrası ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə hesabat versin.

2. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan vəzifələrin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılsın.

3. “Elektron hökumət” portalı texniki-texnoloji infrastrukturu ilə birlikdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansından Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansına verilsin.

4. Müəyyən edilsin ki, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirir.

5. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:

5.1. bu Fərmanın 3-cü hissəsində müəyyən edilən tapşırığın icrasını üç ay müddətində təmin etsin;

5.2. dövlət informasiya ehtiyatlarının və sistemlərinin data mərkəzdə saxlanılmasının effektiv təşkili üçün tədbirlər görsün;

5.3. “Rəqəmsal hökumət”ə keçid prosesinin sürətləndirilməsi məqsədilə mövcud kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görsün.

6. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə ölkədə informasiya təhlükəsizliyi sahəsində mövcud vəziyyəti, o cümlədən qanunvericiliyi təhlil edərək, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla müvafiq sahənin təkmilləşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Vergilər Nazirliyi “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təklifləri əsasında “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin fəaliyyətinin təşkili ilə bağlı maliyyə məsələlərini həll etsin.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

9.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

İlham Əliyev “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1015-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1015-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir: “Elektron hökumət” portalının fəaliyyətinin təmin edilməsi, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanın həyata keçirilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, № 2, maddə 117, № 7, maddə 486, № 9, maddə 1044; 2015, № 6, maddə 708, № 8, maddə 917, № 10, maddə 1122; 2016, № 2 (II kitab), maddə 251, № 5, maddə 852, № 8, maddə 1384, № 9, maddə 1464; 2017, № 2, maddə 174, № 4, maddə 565, №5, maddə 809, №8, maddə 1531) 4-cü hissəsində “640” rəqəmləri “655” rəqəmləri ilə əvəz edilsin.

***

İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanını “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264, № 6, maddə 705, № 8, maddə 908, № 10, maddə 1134; 2016, № 3, maddə 437, № 5, maddə 859, № 6, maddələr 1051, 1072; 2017, № 9, maddə 1633) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə” üzrə:

1.1.1. 1.1-ci bəndə, 2.1.1-ci və 4.1.3-cü yarımbəndlərə “əhalinin məşğulluğu,” sözlərindən sonra “işsizlikdən sığorta,” sözləri əlavə edilsin;

1.1.2. 3.1.1-ci yarımbəndə “əhalinin məşğulluğu” sözlərindən sonra “, işsizlikdən sığorta” sözləri əlavə edilsin;

1.1.3. aşağıdakı məzmunda 3.1.25-1-ci və 3.1.25-2-ci yarımbəndlər əlavə edilsin:

“3.1.25-1. sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsi və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülməsini təmin etmək;

3.1.25-2. sosial sığortanın və işsizlikdən sığortanın müntəzəmliyinə dövlət təminatı üçün tədbirlər görmək;”;

1.1.4. 3.1.28-1-ci yarımbənddə “büdcə layihəsinin” sözləri “və işsizlikdən sığorta fondunun büdcə layihələrinin” sözləri ilə əvəz edilsin;

1.1.5. 3.1.28-2-ci yarımbənddə “sahəsində” sözü “və işsizlikdən sığorta sahələrində” sözləri ilə əvəz edilsin;

1.1.6. 3.1.28-3-cü yarımbənddə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta” sözləri “Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunları ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta” sözləri ilə əvəz edilsin;

1.1.7. 3.1.28-4-cü yarımbəndə “əmək pensiyalarının” sözlərindən sonra “, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində göstərilən tədbirlərin” sözləri əlavə edilsin;

1.1.8. 3.1.36-cı yarımbəndə “sosial sığorta,” sözlərindən sonra “işsizlikdən sığorta,” sözləri əlavə edilsin;

1.1.9. 3.1.37-1-ci yarımbəndə “haqqında” sözündən sonra “və işsizlikdən sığorta fondunun büdcəsi haqqında” sözləri əlavə edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti haqqında Əsasnamə” üzrə:

1.2.1. 1.5-ci bəndə “vəsaiti” sözündən sonra “, işsizlikdən sığorta vəsaiti” sözləri əlavə edilsin;

1.2.2. 2.1.1-ci yarımbəndə “Respublikasında” sözündən sonra “sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsi və işsizliyin yaranması hallarının qarşısının alınması,” sözləri əlavə edilsin;

1.2.3. 2.1.2-ci yarımbəndə “təhsili” sözündən sonra “, özünüməşğulluğa kömək göstərilməsi” sözləri əlavə edilsin;

1.2.4. 2.1.3-cü yarımbənddə “işsizlik müavinətinin” sözləri “sığorta ödənişinin” sözləri ilə əvəz edilsin;

1.2.5. 3.1.1-ci yarımbənddə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri “Azərbaycan Respublikasının “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunları” sözləri ilə əvəz edilsin;

1.2.6. aşağıdakı məzmunda 3.1.3-1-ci və 3.1.3-2-ci yarımbəndlər əlavə edilsin:

“3.1.3-1. işsizlikdən sığortanın müntəzəmliyinə dövlət təminatı üçün tədbirlər görmək;

3.1.3-2. işsizlikdən sığorta ödənişinin vaxtında ödənilməsini təmin etmək;”;

1.2.7. aşağıdakı məzmunda 3.1.4-1-ci və 3.1.4-2-ci yarımbəndlər əlavə edilsin:

“3.1.4-1. sığortaolunanlara və sığortaedənlərə işsizlikdən sığorta ilə bağlı ödənişsiz məlumat vermək;

3.1.4-2. məşğulluq növünü, iş yerini və iş rejimini seçmək məqsədi ilə sığortaolunanlara peşəyönümünə, peşə hazırlığına və əlavə təhsilə dair pulsuz məsləhət vermək;”;

1.2.8. 3.1.7-ci yarımbəndə “yaratmaq” sözündən sonra “, özünüməşğulluğa kömək göstərmək” sözləri əlavə edilsin;

1.2.9. aşağıdakı məzmunda 3.1.8-1-ci yarımbənd əlavə edilsin:

“3.1.8-1. sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün əlavə iş yerləri və ixtisaslaşdırılmış müəssisələr yaratmaq və məqsədli proqramlar həyata keçirmək;”;

1.2.10. 3.1.9-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.9. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda sığorta ödənişinin dayandırılması ilə bağlı tədbirlər görmək;

1.2.11. aşağıdakı məzmunda 3.1.9-1– 3.1.9-3-cü yarımbəndlər əlavə edilsin:

“3.1.9-1. işsizlikdən sığorta vəsaitini idarə etmək, həmin vəsaitdən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məqsədlər üçün və təyinatı üzrə istifadəni təmin etmək;

3.1.9-2. sığorta ödənişlərinin, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işaxtaran kimi qeydiyyata alınmış və işsiz statusu almış şəxslər üçün nəzərdə tutulan aktiv tədbirlərin maliyyələşdirilməsini təmin etmək;

3.1.9-3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar izahatlar vermək;”;

1.2.12. 4.1.2-ci yarımbənddə “məşğulluq haqqında Azərbaycan Respublikası qanunvericiliyinin ” sözləri “işsizlikdən sığorta və məşğulluq sahəsində Azərbaycan Respublikasının normativ hüquqi aktlarının” sözləri ilə əvəz edilsin.

2. Bu Fərman 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

***
İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”ni “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1072; 2017, № 5, maddə 829) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bəndə “sığortası” sözündən sonra “, işsizlikdən sığorta” sözləri əlavə edilsin;

1.2. 2.1.2-ci yarımbəndə “uçotdan çıxarılması,” sözlərindən sonra “sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması,” sözləri əlavə edilsin;

1.3. 3.1.3-cü yarımbəndə “sığorta haqlarının” sözlərindən sonra “və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda sığorta haqqının” sözləri əlavə edilsin;

1.4. 3.1.8-ci yarımbəndə “sığortası” sözündən sonra “və işsizlikdən sığorta” sözləri əlavə edilsin;

1.5. 3.1.10-cu yarımbəndə “etmək” sözündən sonra “və işsizlikdən sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaiti “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə işsizlikdən sığorta fonduna köçürmək” sözləri əlavə edilsin;

1.6. 3.1.11-ci yarımbənd çıxarılsın;

1.7. aşağıdakı məzmunda 4.1.3-1-ci və 4.1.3-2-ci yarımbəndlər əlavə edilsin:

“4.1.3-1. sığortaedənlərdən öz işçilərinin işsizlikdən sığorta edilməsini, sığorta haqlarının düzgün hesablanmasını, vaxtında və tam məbləğdə sığortaçıya ödənilməsini tələb etmək;

4.1.3-2. sığortaedənlərə işsizlikdən sığorta ilə bağlı hüquq və vəzifələrini izah etmək;”.

2. Bu Fərman 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Tarix
2018.03.14 / 19:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla