Azərbaycanın daxili işlər
naziri, general-polkovnik Ramil Usubov avqustun 18-də ölkəmizdə
səfərdə olan İran İslam Respublikasının Sərhəd Qoşunlarının
komandanı, general-mayor Qasım Rezayinin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən
məlumata görə, qonaqları salamlayan nazir xalqlarımız arasında
çoxəsrlik əlaqələrin mövcudluğunu xatırladıb, Azərbaycanın öz
tarixi müstəqilliyini yenidən bərpa etdikdən sonra təməli 1993-cü
ildə ümummilli liderimiz Heydər Əliyevin İran İslam Respublikasına
səfəri zamanı qoyulmuş möhkəm dostluq və qonşuluq münasibətlərinin
iki dövlətin prezidentləri tərəfindən daha da genişlənməkdə
olduğunu bildirib. Qeyd edilib ki, ölkələrimiz arasında baş verən
inteqrasiya proseslərinin nəticələri bütün sahələrdə -
iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə özünü büruzə
verir. Belə bir şəraitdə hüquq-mühafizə, o cümlədən ictimai
təhlükəsizliyi təmin edən daxili işlər orqanlarının üzərinə böyük
məsuliyyət düşür.
Nazir R.Usubov belə görüşlərin transmilli mütəşəkkil
cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərimizin
birləşdirilməsi üçün geniş imkanlar yaratdığını, qlobal xarakter
almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə,
xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına
qarşı mübarizədə əməkdaşlığın böyük potensiala malik olduğunu, yeni
istiqamətlərin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin İran İslam
Respublikasına müxtəlif vaxtlarda etdiyi rəsmi səfərlərin
əlaqələrin keyfiyyətcə yeni səviyyəyə yüksəlməyə imkan verdiyini
nəzərə çatdıran general-polkovnik R.Usubov əməkdaşlığın
genişləndirilməsində rəhbərlik etdiyi qurumun da maraqlı olduğunu
vurğulayıb.
Daha sonra qonaqlara Azərbaycandakı mövcud ictimai-siyasi və
kriminogen vəziyyət haqqında qısa məlumat verilib. Respublikamızda
dövlət müstəqilliyinin, demokratik prinsiplərin möhkəmləndirilməsi,
ictimai münasibətlərin hüquqi tənzimlənməsi mexanizminin
təkmilləşdirilməsi sahəsində görülən işlər qeyd olunub və
vurğulanıb ki, hüquq-mühafizə orqanları sıx, qarşılıqlı əlaqədə
mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorizmə, ekstremizmə,
separatizmə, silahların və narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı kompleks tədbirlər həyata keçirirlər.
İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı,
general-mayor Q.Rezayi səmimi qəbula və ətraflı məlumata görə
minnətdarlığını bildirib və qeyd edib ki, həqiqətən belə səfərlər,
imzalanmış sazişlərin müddəalarının yerinə yetirilməsi eyni dinə,
oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki dost ölkənin
mənafelərinə tam uyğundur, bütün sahələrdə, o cümlədən
təhlükəsizlik, hərbi, iqtisadi münasibətlər və digər məsələlərdə
əlaqələrin daha da inkişaf etdirilməsinə kömək göstərir.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də
müzakirə edilib.