Ana səhifə Gündəm |
Publika.az-a müsahibəsində Gürcüstan parlamentinin "Gürcü
arzusu" blokundan seçilmiş azərbaycanlı deputat Mahir Dərziyev baş
nazir İrakli Qaribaşvilinin Ermənistan səfərində qondarma erməni
soyqırımı abidəsini ziyarət etməsini və sabiq prezident Mixail
Saakaşviliyə qarşı sürülən ittihamları şərh edib.
- Gürcüstanın baş naziri İrakli Qaribaşvili avqustun 21-də
Ermənistanın baş naziri Ovik Abramyanla bərabər İrəvandakı qondarma
erməni soyqırımı abidəsini ziyarət edib. Bu addım
Azərbaycan-Gürcüstan münasibətləri üçün nə vəd edir?
- Bu addımın Azərbaycan-Gürcüstan münasibətlərinə heç bir təsiri
ola bilməz. Çünki bundan əvvəl Naxçıvanda Azərbaycan, Gürcüstan və
Türkiyə müdafiə nazirləri arasında görüş olub. Üçtərəfli görüşlər
Tiflis və Ankarada da davam etdiriləcək. Artıq dünyanın bir çox
tanınmış analitikləri də bunu bölgədə yeni hərbi əməkdaşlığın
yaranması kimi qəbul edirlər. Açıq şəkildə deyirəm ki, Azərbaycanın
hər hansı narahatlıq keçirməsinə səbəb yoxdur. Qoy ermənilər
narahat olsunlar. Digər tərəfdən, hər bir ölkənin öz milli
maraqları olur. Siz bu sualı verməklə məsələyə Azərbaycanın
maraqları prizmasından yanaşırsınız. Mən isə bunu düzgün hesab
etmirəm. Çünki Gürcüstan müstəqil dövlətdir və öz milli maraqları
var. Gürcüstanın dövlət maraqlarında ilk olaraq Azərbaycan və
Türkiyə ilə yaxşı münasibətlərin saxlanılması dayanır. Gürcüstanın
Milli Təhlükəsizlik Konsepsiyasında da Azərbaycan və Türkiyə
ölkənin strateji müttəfiqləri hesab olunur. Ermənistan isə
Gürcüstanla yalnız dost ölkədir. Ermənistanda mövcud olan qondarma
erməni soyqırımı abidəsini indiyədək təkcə Gürcüstanın baş naziri
deyil, dünyanın bir çox dövlətlərinin rəhbərləri ziyarət edib. Bu
da protokol qaydaları ilə bağlıdır. Hesab edirəm ki, bu cür
məqamlardan Azərbaycan və Gürcüstan arasında münasibətlərlə bağlı
hər hansı nəticələr çıxarmaq doğru deyil. İndi iki ölkə arasında
münasibətlər ən yüksək səviyyədədir. Son vaxtlar Azərbaycan,
Türkiyə və Gürcüstan prezidentlərinin Tiflisdə görüşü, daha sonra
isə üç ölkənin müdafiə nazirlərinin görüşü münasibətlərin necə
olması üçün ən yaxşı nümunədir.
- Amma Gürcüstan Parlamentində təmsil olunan digər
azərbaycanlı deputat Azər Süleymanov iki ölkə arasında
münasibətlərin vəziyyəti ilə bağlı sizin dediklərinizin əksini
söyləyir...
- Birincisi, Azər müəllim müxalifətdə olduğu üçün belə söyləyir.
Mən isə iqtidarda təmsil olunuram. İqtidar təmsilçisi kimi deyirəm
ki, bizim münasibətlər bu gün ən yüksək səviyyədədir. Azərbaycan
ilə Gürcüstan arasında mövcud olan münasibətlər Saakaşvilinin
hakimiyyəti dövründən də yüksək səviyyədədir. Gürcüstan müxalifətin
nə deməsindən asılı olmayaraq, Azərbaycanla münasibətlər çox
yüksəkdir. Mən gürcü cəmiyyətinin rəyini də yaxşı bilirəm. Onlar da
Azərbaycanı etibarlı qonşu və dost ölkə kimi görürlər.
- Azər Süleymanov həm də deyir ki, bu yaxınlarda Gürcüstan
parlamentində qondarma erməni soyqırımı məsələsini də gündəmə
gətirmək istəyiblər. Sizcə, indiki hakimiyyətin dövründə qondarma
erməni soyqırımı Gürcüstan parlamentində tanına
bilərmi?
- Sizə açıq deyim ki, bu il də qondarma erməni soyqırımı məsələsi
ilə bağlı cəhdlər oldu. Özü də Azər müəllimin təmsil olunduğu
partiyanın erməni deputatı tərəfindən. Ancaq İndiki hökumət bu
məsələnin gündəliyə çıxarılmasına imkan vermədi. Ancaq
Saakaşvilinin iqtidarda olduğu dövrdə bu məsələ tez-tez gündəmə
gətirilirdi, şou xarakterli addımlar atılırdı. Ermənilər təkcə
Gürcüstanda deyil, dünyanın hər yerində bu məsələdə nəyəsə nail
olmağa çalışırlar. Ancaq indiki hakimiyyət dövründə Gürcüstan buna
əsla yol verilməyəcək. Çünki bu, ilk növbədə Gürcüstanın milli
maraqlarına uyğun deyil. Gürcüstan milli maraqlarına uyğun olaraq
Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşı saxlanılmasına böyük
önəm verir.
- Mixail Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstanda
azərbaycanlıların vəziyyətinin indikindən daha yaxşı olduğu barədə
fikirlər səslənir. Bu cür fikirlərlə nə qədər
razısınız?
- Bir azərbaycanlı kimi tam səmimi danışmaq istəyirəm. Mixail
Saakaşvili dövründə Azərbaycana və azərbaycanlılara qarşı dostluq
münasibətləri heç zaman səmimi olmayıb. Gürcüstanda
azərbaycanlıların məscidlərinə qarşı olan hücumlar, Faxralı məscidi
ilə bağlı hadisələr və digərlərinin hamısı Saakaşvilinin əməlləri
idi. Onun hakimiyyətdə olduğu dövrdə azərbaycanlıların Gürcüstanda
ali dövlət orqanlarına inteqrasiyası ilə bağlı heç bir iş
görülmədi. Saakaşvilinin hakimiyyəti dövründə müəyyən işlər
görülmüşdü. Amma bunlar ümumi proseslərin təbii nəticəsi idi.
Saakaşvilinin gördüyü işlər ancaq özünün reklamı idi.
Azərbaycanlıların buradakı məscidlərinə qarşı baş verən hadisələrin
hamısını Saakaşilinin komandası və xüsusi xidmət orqanları
törədirdi. Sonra da yalandan deyirdilər ki, guya bunları dövlət
deyil, keşişlər edir. Amma bütün bunların hamısını Mixail
Saakaşvili daxili işlər naziri Vano Merabişvili və xüsusi xidmət
orqanlarının əli ilə həyata keçirirdi. Bundan əlavə, Saakaşvilinin
hakimiyyəti dövründə milli azlıqların, o cümlədən azərbaycanlıların
qabiliyyətli, ləyaqətli və iddialı nümayəndələri şərlənərək ölkədən
didərgin salınır, həbs edilirdi. Saakaşvili milli azlıqlara qarşı
qənim kəsilmişdi. Onun milli azlıqlarla bağlı siyasəti düzgün
qurulmamışdı. Öz xalqına dost olmayan bir adam Azərbaycanla necə
dost ola bilər? Sadəcə olaraq, Saakaşvili Qərbin bəlli bir
ssenarisində yer alan adam idi. O, Qərbin maraqlarını Gürcüstanın
milli maraqlarını nəzərə almadan həyata keçirirdi. Bunun
nəticəsində də 2008-ci ildə Saakaşvilinin ağılsız siyasəti
nəticəsində Gürcüstan Rusiya ilə müharibəyə cəlb olundu,
torpaqlarının bir hissəsini itirdi.
- Yeri gəlmişkən, hazırkı hakimiyyət Saakaşviliyə qarşı bir
sıra cinayət ittihamları irəli sürüb…
- Bizim iqtidarın Saakaşvili iqtidarından fərqi ondan ibarətdir ki,
biz qanunun haradan başlayıb harada bitdiyini dəqiq bilirik. Bu gün
Saakaşviliyə və onun dövründə çalışmış bir neçə məmura qarşı
Gürcüstanın Baş Prokurorluğu tərəfindən 6-7 maddə üzrə ittiham
irəli sürülür. Saakaşvili ağır cinayətlərdə ittiham olunur. ABŞ və
digər dövlətlərin Gürcüstandakı səfirləri də bu prosesi yaxından
izləyir. Hamı qanun qarşısında bərabərdir. Əgər Avropada hər hansı
dövlət başçısının böyük bir vəsaiti mənimsəməsi faktı ortaya
çıxsaydı, o adam ilk növbədə özü dərhal istefa verərdi. Saakaşvili
hazırda ona qarşı irəli sürülən ittihamlarla əlaqədar Gürcüstanda
daxili axtarışa verilib. Bu o deməkdir ki, Saakaşvili Gürcüstana
gələn kimi dərhal həbs olunacaq. Onun barəsində həbs qətimkan
tədbiri seçilib. Yəqin ki, yaxın günlərdə İnterpol xətti beynəlxalq
axtarışa veriləcək.
- Mixail Saakaşvilinin milli azlıqlara qarşı bir çox cinayətlərdə
iştirak etdiyini söylədiniz. Konkret azərbaycanlılara qarşı hər
hansı cinayət törətməsi barədə fakt varmı?
- Konker olaraq deyim ki, Gürcüstanın sabiq baş naziri Zurab
Jvaniyanın ölümü araşdırılır. Çünki Gürcüstanda onun ölümü ilə
bağlı müəyyən şübhələr var. Güman olunur ki, keçmiş baş nazir qətlə
yetirilib. 2006-cı ildə azərbaycanlı soydaşımız Raul Yusifov da
onunla bərabər qətlə yetirilib. Hazırda bununla bağlı cinayət işi
aparılır. Bütün bunların hamısı Saakaşvilinin göstərişi ilə
törədilib. Bu, artıq cəmiyyətdə də heç bir şübhə doğurmur. Bundan
əlavə, Saakaşvilinin göstərişi ilə xeyli sayda azərbaycanlı iş
adamı vergidən yayınmaq adı ilə şərlənərək həbs olunub. Həmin
azərbaycanlılar yeni hökumət gələndən sonra azadlığa buraxılıb.
Tarix
2014.08.22 / 19:25
|
Müəllif
Axar.az
|