Yuxarı

Tiflis TANAP-a qarşı - Açılışa qatılmamağın şok səbəbi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın TANAP-ın açılış mərasimində yalnız səfir səviyyəsində təmsil olunması geniş rezonansa səbəb olub. Azərbaycanın neft-qaz layihələrindən ən çox bəhrələnən ölkələrdən birincisi olan Gürcüstan dövlət rəhbərliyinin bu addımı birmənalı qiymətləndirilmir. Maraqlıdır, Gürcüstan tərəfi böyük məbləğdə gəlir əldə edəcəyi regional əhəmiyyətli kəmərin açılış mərasimindəki iştirakçılığa görə hər hansı açıqlama da vermir.

Türkiyənin Gürcüstandakı səfiri Fatma Seren mətbuata verdiyi açıqlamada qonşu ölkənin bu addımının səbəbinin onlara məlum olmadığını bildirib.

Gürcüstan rəhbərliyinin TANAP-ın açılış törəninə qatılmaması Cənub Qaz Dəhlizinə qarşı olan qüvvələrə jestdir, yoxsa ölkədəki daxili siyasi durumla bağlıdır? Gürcüstan Azərbaycan və Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi məsələsində arzuolunmaz addımlar ata bilərmi?

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, suallara cavab verən politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Gürcüstan rəhbərliyinin Türkiyədəki mərasimdə iştirak etməməsi müəyyən sualların yaranmasına səbəb olub: “İndiyədək belə mühüm tədbirlərin hamısında Gürcüstan yüksək səviyyədə təmsil olunub. Elə bir neçə ay öncə Bakı-Tiflis-Qars dəmiryol xəttinin açılış mərasimində Gürcüstan rəhbərliyi iştirak etmişdi”.

Politoloqa görə, Gürcüstan rəhbərliyinin bu davranışı iki səbəbdən ola bilər: “Birincisi budur ki, bu kəmərdən Gürcüstan qaz almayacaq. Yalnız əlavə ötürülən qaza görə tranzit haqqı əldə edəcək. Bu baxımdan, ola bilsin ki, maraqları yoxdur. Halbuki kəmərin Gürcüstandan keçməsinin özü bu ölkənin strateji əhəmiyyətini artırır. Hakimiyyətdə Mixail Saakaşvili olsaydı, şübhə etmirəm ki, tədbirə bilavasitə özü qatılardı. Çünki o, Azərbaycan və Türkiyə ilə əməkdaşlığa yüksək qiymət verirdi, bu əməkdaşlığın inkişafında maraqlı idi. Amma Gürcüstanın indiki hakimiyyəti sözdə Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan danışsalar da, bəzən görürük ki, əməldə başqa addımlar atırlar. Məsələn, Ermənistanla Abxaziya üzərindən dəmir yolunu açmaq üçün danışıqlar aparırlar. Halbuki bunun Azərbaycanın maraqlarına zidd olduğunu bilirlər. Bu baxımdan, düşünürəm ki, bu, ya sadəcə, laqeydlikdən irəli gəlib, ya da Gürcüstan hakimiyyəti Azərbaycan və Türkiyə ilə əməkdaşlığı genişləndirməkdə maraqlı deyillər və ola bilsin, bundan sonra xarici siyasətlərində də müəyyən korrektələr etsinlər”.

Qeyd edək ki, bir müddət öncə Suriya Gürcüstanın separatçı bölgələrinin müstəqilliyini tanıyıb. Əvəzində Gürcüstan Suriya ilə diplomatik münasibətləri dayandırıb. Bəzi ehtimallara görə, Gürcüstan tərəfi bu məsələdə Azərbaycan və Türkiyədən gözlədiyi dəstəyi almadığı üçün müəyyən narazılıqlar yaranıb. E.Şahinoğlu bildirir ki, həm Azərbaycan, həm də Türkiyə Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini dəfələrlə bəyan ediblər: “Bundan artıq nə dəstək olmalıdır ki? Biz gürcü rəsmilərindən Dağlıq Qarabağla bağlı birmənalı açıqlama eşitmişikmi? Nə vaxt gürcü rəsmiləri deyiblər ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır, işğal olunmuş ərazilər boşaldılmalıdır? Bu məsələdə Gürcüstanın Azərbaycan və ya Türkiyədən inciməyə heç bir haqqı yoxdur”.

Milli Məclisin Gürcüstanla parlamentlərarası dostluq qrupunun üzvü, deputat Zahid Orucun fikrincə, hadisənin arxasında dövlətlərarası münasibətlərdən qaynaqlanan hər hansı problem yoxdur: “Çünki cəmi bir neçə ay öncə Gürcüstan rəhbərliyi Bakı-Tiflis-Qarsın açılışında iştirak etmişdi. Başqa cür də ola bilməzdi. Müstəqillikdən sonrakı illərdə Azərbaycanın atdığı addımlar bir tərəfdən Gürcüstan dövlətçiliyinin ayaqda qalmasına kömək edib, onu iqtisadi-siyasi cəhətdən gücləndirib. Digər tərəfdən isə Gürcüstanın regional təklənməsinin, iqtisadi cəhətdən çökməsinin qarşısını alıb. Ən önəmli məsələ, bu amillər Gürcüstanın təhlükəsizliyini təmin edib, onu beynəlxalq və regional münasibətlərin bir hissəsinə çevirib. Gürcüstanda bir-birini əvəzləyən siyasi hakimiyyətlər hansı yönümü seçmələrindən asılı olmayaraq, Azərbaycanla normal münasibətlər qurmadan öz dövlətlərini inkişaf etdirə bilməyəcəklərini yaxşı anlayırlar və bu, onların xarici siyasətinin əsas konturunu təşkil etməlidir. Xatırlayırsınız, “Gürcü Arzusu”nun lideri Bdzina İvanaşvili hakimiyyətə gəldiyi ilk vaxtlarda qeyd etdiyimiz kursda bir dəyişiklik etmək, hətta bir sıra layihələrin üzərindən xətt çəkmək niyyətindəydi. Lakin xalqın həqiqi mənafelərini düşünən iqtidar cəmi bir ay içərisində reallıqları dərk etdi”.

Z.Orucun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi Gürcüstan üçün üstünlüklər yaradıb: “Ermənistan öz-özünü təcrid edib, əvəzində Gürcüstan qazanıb. Türkiyədəki tədbirdə iştirakın olmamasını tam bir təsadüf, vaxt uyğunlaşmamasının nəticəsi hesab edirəm. Burada siyasi təzad axtarmıram. Ən azından ona görə ki, TANAP-ın daxil olduğu Cənub Qaz Dəhlizinin reallaşmasından Gürcüstan tariflər şəklində yüz milyonlarla dollar gəlir əldə edəcək. Təsadüfi deyil ki, tədbirdəki çıxışlarında da Azərbaycan və Türkiyə prezidentləri Gürcüstanla bağlı xoş sözlər söylədilər. Bu şəraitdə əlavə nələrsə qoparmağa çalışmaq siyasi etikaya zidd olardı”.

Deputatın fikrincə, Azərbaycanın Gürcüstana etdiyi güzəştlərə son qoyulmalıdır: “Mən bunu prezident seçkiləri zamanı çıxışımda da söyləmişdim ki, indiyədək Gürcüstana etdiyimiz bir sıra güzəştlərdən imtina etməliyik. Yəni onlar özlərini Stalin dövrünün ərkəsöyün uşaqları kimi aparmalı deyillər. İndi istəmirəm məsələni milli amilə bağlayam. Elitalar özləri hesablayırlar hansı qərarlar verəcəklər. Ümid edək ki, bu layihəyə qarşı olan qüvvələrə meydan verməmək üçün Gürcüstan tərəfi məsələyə bir aydınlıq gətirəcək”.

Tarix
2018.06.13 / 23:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla