Yuxarı

Gözlər Türkiyədə: Ərdoğanı “dəfn etməyə” tələsməyin – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İncənin mitinqlərindəki böyük qələbəliklər sizi çox yanıltmasın.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli Türkiyədə sabah baş tutacaq önəmli seçki barədə qeyd edib. O bildirib ki, kim seçilirsə seçilsin, onu ağır problemlər gözləyir:

"Bu xalq kütlələri daha öncə də var olan, lakin dövlət, sekulyar toplum həssasiyyəti yüksək olan passionar kəsim, eyni zamanda, Ərdoğan iqtidarı dövründə böyümüş və yetkinlik yaşına çatdıqdan sonra azadlığın çərçivələrinin daraldığını görüb, dərk edərək narazıların sıralarına qoşulmuş gənclərdir. Sadəcə olaraq, daha əvvəl bu əhali təbəqələri ümidsiz və küskün idi, onların bir qismi meydanlara çıxmırdı, "onsuz da mənim səsimlə heç nə dəyişmir" düşüncəsi ilə seçkilərə getməyənlər də vardı. Məhərrəm İncə gözləntilərin üstündə, çox dinamik seçki kampaniyası aparması, qeyri-standart tərzi, natiqlik məharəti, hazırcavablığı ilə bu kütlələri yenidən ümidləndirdi, səfərbər etdi, apatiya vəziyyətinə düşüb, kənara çəkilənləri aktivləşdirdi, müxalifətdəki lider boşluğunu doldurdu. Üç müxalifət partiyasının ittifaq yaradaraq Ərdoğan dönəmində ilk dəfə olaraq parlament seçkilərinə iddialı şəkildə qatılması da bu kütlələrdə ruh yüksəkliyi yaratdı. Meydanlardakı coşğu və qələbəliyin əsas səbəbi budur".

Politoloq vurğulayıb ki, bu durumun şübhəsiz ki, qutuya, yəni seçkinin nəticələrinə təsiri olacaq:

"İncə CHP-nin ənənəvi 25%-lik elektoral sərhədini aşacaq. Amma böyük gözləntilər (ilk tur üçün) türk toplumunun sosiologiyasına və reallıqlarına uyğun deyil. İncə 30%-i keçərsə və seçki 2-ci tura qalarsa, bu, həm İncə, həm CHP, həm də ümumən Türkiyə müxalifəti üçün böyük uğur sayılacaq. Demək istədiyim odur ki, Ərdoğanı "dəfn etmək" hələ tezdir, onun sabah ən çox səs toplayan namizəd olacağı şübhə doğurmur".

Politoloqun sözlərinə görə, lakin istər Ərdoğanın, istərsə də partiyasının səsində azalma gözləmək yanlış deyil:
"Məsələn, son parlament seçkilərində AKP və MHP-nin səslərinin cəmi 61% olub. Hazırda Cumhur İttifaqında birləşmiş bu partiyaların eyni nəticəni təkrarlaya bilməyəcəkləri aydındır. MHP parçalanıb və onun səslərinin yarıdan çoxunu İYİ Partiyası götürəcək. AKP-nin də son seçkidə olduğu kimi, 49,5% səs alması mümkün görünmür. Cumhur İttifaqı 50%-dən az səs alarsa və HDP 10%-lik baryeri aşarsa, müxalifətin - Millət İttifaqı ilə HDP-nin parlamentdə qazanacağı yerlərin cəmi böyük ehtimalla Cumhur İttifaqının əldə edəcəyi yerlərin sayından çox olacaq. Ərdoğanın son günlər koalisiya sözünü ağından qaçırması təsadüf deyil".

Politoloq qeyd edib ki, prezident seçkilərində Ərdoğanın ilk turda işi bitirməsi isə əsasən MHP-çilərin onu nə dərəcədə dəstəkləməsinə bağlıdır:

"MHP-çilər parlament seçkilərində öz partiyalarına səs verəcəklər, hətta MHP AKP-dən səs cəlb edə bilər. Lakin MHP-çilərin blok halında Ərdoğana səs verəcəyi şübhəlidir. Partiyanın içərisində bu məsələdə yekdil mövqe yoxdur, Atilla Kaya kimi ülküçülər arasında hörməti olan şəxs (Ocağın sabiq başqanı) Ərdoğanın əleyhinə təbliğat aparır. Ərdoğanın yaxın keçmişdə bozqurdu sıradan bir heyvan kimi qeyd etməsi, "millətçiliyi ayaqlarımın altına aldım" sözləri, ülküçüləri aşağılaması unudulmayıb. Görünən budur ki, şəhərli, təhsilli MHP-çilərin əksəriyyəti Ərdoğana səs verməyəcək, kənd yerlərindəki MHP-çilərin əksəriyyəti isə əksinə, Ərdoğanı dəstəkləyəcək".

Politoloqun sözlərinə görə, bu səslər məsələni ilk turda həll etmək üçün yetərli olmaya bilər:

"Digər tərəfdən, Ərdoğanın öz reytinqinin zirvə nöqtələrindən birini yaşadığı 2014-cü il prezident seçkilərində Ekmələddin İhsanoğlu kimi siyasətdən uzaq, əhalinin tanımadığı, nitq qabiliyyəti olmayan bir rəqib qarşısında aldığı səs miqdarını da unutmaq olmaz. Həmin seçkidə o, 51,79% səs toplamışdı və İstanbul başda olmaqla, bir çox böyük şəhərdə İhsanoğlu və Dəmirdaşın səslərinin cəmi Ərdoğanın səsindən çox olmuşdu. İndi sosial-iqtisadi problemlərin artdığı, qarşısında güclü müxalifət namizədlərinin olduğu, AKP-nin ənənəvi sosial bazası olan mühafizəkar kürdlər arasında iqtidardan narazılığın çoxaldığı bir məqamda Ərdoğanın 50%-dən çox səs alıb ilk turda zəfər qazanması nə qədər mümkündür, onu söyləməkdə çətinlik çəkirəm. Bildiyim budur ki, 3 böyük şəhər başda olmaqla, əksər böyük şəhərlərdə Ərdoğan 50%-i keçə bilməyəcək".

Politoloq vurğulayıb ki, əgər prezident seçkiləri 2-ci tura qalarsa və müxalifət parlamentdə üstünlük əldə edərsə, 2-ci turun atmosferi çox fərqli olacaq:

"Bu halda, İncənin qələbə şansı yaranacaq, çünki əhali parlament çoxluğu ilə uyumlu çalışacaq namizədə yönələ bilər ki, siyasi böhran yaranmasın. Ərdoğan prezident seçilərsə, parlamentdə isə müxalifət üstünlük əldə edərsə, bu halda siyasi böhranın yaranması, hətta yeni prezident və parlament seçkilərinin gündəmə gəlməsi ehtimalı var".

Qeyd edək ki, Türkiyədə 24 iyunda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

Tarix
2018.06.23 / 23:48
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla