Yuxarı

Media kapitanlarından Gəncə olaylarına - Sərt reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 10-da Gəncə şəhərində iki yüksək rütbəli polis zabitinin öldürülməsi ilə nəticələnən iğtişaş ictimaiyyət tərəfindən böyük hiddətlə qarşılanıb. Ölkənin tanınmış ictimai-siyasi xadimləri, elm və mədəniyyət xadimləri, eləcə də media kapitanları birmənalı olaraq baş vermiş hadisədən narahatlıqlarını ifadə edirlər.

Musavat.com-un məlumatına görə, APA Holdinq-in rəhbəri Vüsalə Mahirqızı Gəncədə baş vermiş hadisəni bağışlanmaz hesab edir: “Dünən axşam Gəncədə baş vermiş hadisənin səbəbləri ciddi araşdırılmalıdır, nəticələrin aradan qaldırılması üçün təcili və təxirəsalınmaz tədbirlər görülməlidir. Bu məsələ ilə bağlı dövlət özünün ən prinsipial, qanun isə ən sərt üzünü göstərməlidir. Gəncədəki iğtişaşı törədənlər, bu hadisəyə səbəb olanların heç biri məsuliyyətdən kənarda qalmamalıdır. Bu proses bir daha göstərdi ki, sosial mediada, ümumiyyətlə, mediada maarifləndirmə işi aparılmalıdır.

Həmçinin, əli bıçaqlıların, bu cür təxribat törədənlərin informasiya dəstəyi rolunu oynayan xüsusi ilə internet media vasitələri, başqa ölkələrin təsir dairəsində olan radikal saytlar var. Həmin saytlar dərhal bağlanmalıdır. O saytlar, onları idarə edənlərlə bağlı cinayət işi qaldırılmalıdır. Dini təmayülündən, hakimiyyətə münasibətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları bu məsələnin qarşısında olmalıdır. Necə ki, qarşısındadırlar! Dünəndən sosial şəbəkələrdə izləyirəm, çox kiçik dağıdıcı qrupu nəzərə almasaq, yerdə qalan bütün Azərbaycan vətəndaşları sosial zümrəsindən, hakimiyyətə münasibətindən, dini mənsubiyyətindən asılı olmayaraq bu hadisənin qarşısındadır. Çünki bu hadisənin dinlə, inanclı kəsimlə, siyasi baxışla heç bir əlaqəsi yoxdur. Hadisə sırf Azərbaycanın müstəqilliyinə, dünyəvi dövlət quruluşuna qarşısıdır. Bu hadisə təkcə Azərbaycan polisini hədəf almayıb. Hadisə Azərbaycanda özü kimi düşünməyən adamları özündən hesab etməyənlərin törətdiyi təxribatdır: “Mənim kimi düşünmürsənsə, deməli məndən deyilsən. Məndən deyilsənsə, deməli ölməlisən!” Düşüncə budur və bu, çox zərərlidir. Bu düşüncənin qarşısında birmənalı olaraq tək hüquq-mühafizə orqanları yox, Azərbaycan cəmiyyəti, ictimaiyyəti dayanmalıdır. Dünənki iğtişaşdan dərhal sonra sosial şəbəkələrdəki etiraz göstərdi ki, Azərbaycan xalqı kifayət qədər bilgilidir, baş verənlərin oyun olduğunun fərqindədir. Ona görə də prosesi lənətləyir!”.

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Gəncədə baş verən hadisə müstəqil dövlətimizə qarşı qərəz hesab edir: “Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət yürüdür. Müstəqilliyimiz də bizim üçün çox əzizdir, qiymətlidir. Həm müstəqilliyimizi qoruyub saxlamaq, həm dövlətimizi inkişaf etdirmək, həm xalqımızın rifahını təmin etmək, həm də işğal altında olan torpaqlarımızı geri qaytarmaq üçün bizə sabitlik son dərəcə vacibdir. Çünki biz sabitlik olmayan dövrdən keçib gəlmişik. Xaos və anarxiyanın hansı fəsadları törətdiyini, xalqın nə müsibətlər çəkdiyinin canlı şahidiyik. Ona görə də bu sabitlik bizim üçün çox qiymətlidir. İstər radikal dini qruplaşmaların, istər “beşinci kolon”un üzvü olsun, istər adi cinayətkar olsun, istər Azərbaycanın müstəqilliyini istəməyən dövlətlərə xidmət edən ünsürlər olsun, biz sabitliyin pozulmasına heç zaman yol verəməyəcəyik, elələrinə qarşı amansız olacağıq. Dünən Gəncədə baş verən hadisə birbaşa müstəqil dövlətimizə qarşı qərəz idi. İğtişaşı törədənlərin əllərində kəsici-deşici silahlar olub. Bir başa polisə hücum ediblər. İnsanların, qanunun keşiyində duran polisə amansızcasına qəsd edirlər, onlar Azərbaycan dövlətinin düşmənidir. Onlar Azərbaycan xalqının düşmənidir. Polis həmişə qanunun aliliyini təmin edir. Polis müharibədə ilkin vaxtlarında torpaqlarımızın müdafiəsini təşkil edib. Bu gün də polis istilən an hər bir Azərbaycan vətəndaşını qorumaq üçün əli silahlı cinayətkarın üzərinə atılmağa, onu tərki silah etməyə hazırdır. Və bu zaman öz həyatını düşünmür. Azərbaycan polisinə qəsd eləmək olarmı? O polis ki, hamı tərəfindən sevilən, ədalətli, xeyirxah insanlar olub. Onlar asayişi bərpa etmək istəyirdilər. Qəflətən polisə hücum edib, onların həyatını əlindən almaq ən sərt cəzaya layiqdir. Azərbaycan xalqı da, dövləti də sabitliyin pozulmasına imkan verməyəcək. Azərbaycan heç zaman özünün müstəqil siyasətindən əl çəkməyəcək. Biz heç zaman forpost dövlət olmayacağıq. Ona görə də nə qədər belə məkrli niyyətləri olsa da, əl altından kimlərsə ölkədəki sabitliyi müxtəlif planlar hazırlasa da, insanları pulla ələ alın iğtişaşlar törətməyə yönləndirsələr də kifayət qədər gücü dövlətimiz, vətənpərvər polisimiz var. Hər iki polisimizə Allahdan rəhmət diləyirəm, ailələrinə səbirli olmağı arzu edirəm və polisə əl qaldıranları lənətləyirəm”.

“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid bildirir ki, Mingəçevir İşıq Elektrik Stansiyasında baş verən qəzadan sonra Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi və iyulun 10-da Gəncədə mitinq təyin edilməsi açıq-aydın göstərirdi ki, baş verənlər xaricdən idarə olunan anti-Azərbaycan qruplar, ölkəmizdəki mövcud sabitliyi gözü götürməyən qüvvələr tərəfindən istiqamətləndirilib: “Təəssüf ki, bununla bağlı çağırışlar əhalinin məhdud düşüncəli, radikal dini əhvalda olan kəsimi, bəzən isə ümumiyyətlə, məişət zəminində üzləşdiyi hansısa bir problemə görə narazı qalan şəxs və qruplar tərəfindən sosial şəbəkələrdə dəstəklənirdi. Prosesləri ardıcıllıqla, ümumi bir kontekstdə izləyəndə cərəyan edən hadisələrin bir mərkəzdən, xaricdən verilən xüsusi tapşırıqlar əsasında idarə olunması fikri daha da qətiləşir. Son illər Azərbaycanda din adı altında pərdələnən, əslində isə bəzi xarici dövlətlərə, ekstremist qruplara xidmət göstərən xeyli insan formalaşıb, onların əksəriyyəti xaricdə radikal dini qruplaşmaların tərkibində xüsusi təlim keçiblər. Heç ibtidai təhsili də olmayan belə insanlar dində sığınacaq tapır, öz məhdud düşüncələri ilə insanlara təsir göstərməyə çalışırlar”.

Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi böyük fikir adamlarının hələ 150 il bundan əvvəl maarifçilik ideyalarının təbliğli ilə məşğul olduqlarını xatırladan R.Məcid deyib ki, Azərbaycanın bu illər ərzində dünyəvi dövlət olmaq yolunda qazandığı uğurları gözü götürməyən bəzi xarici güclər öz məqsədlərinə çatmaq üçün məhdud düşüncəli, xurafat və cəhalətin əsarətində olan insanlardan istifadə etməyə cəhd göstərirlər: “Xarici qüvvələr bir qayda olaraq belə adamları yönəltməyə, idarə etməyə calışırlar. Belə məkrli niyyətlərin reallaşmasının qarşısının alınması üçün Azərbaycan ziyalıları, ölkənin düşünən insanları öz səsini qaldırmalı, dövlətimizin yanında olmalı, din adı altında dövlətçiliyə xəyanət edən bir ovuc insanlara öz kəskin sözünü deməlidirlər”.

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal baş vermiş hadisələri inanılmaz hesab edir: “Azərbaycan üçün inanılmaz olaylar baş verir: iyunun 3-də Mingəçevir İES-də ölkəni qaranlığa qərq edən enerji böhranı yaşanır, ardınca Gəncə icra başçısı terrora məruz qalır, həyatına sui-qəsd cəhdi edilir, daha sonra radikal ünsürlərin çağırışı səsləndirilir və iyunun 10-da iki polis zabiti hamının gözü qarşısında, gündüzün günorta çağı kəsici alətlərlə qətlə yetirilir... Polisimiz, Azərbaycan vətəndaşı, artıq ixtiyar yaşında olduğunu deyə biləcəyimiz məmur vurulub yerə yıxılandan sonra, o yerdə ikən hücum edilir və iki gənc özlərindən böyük olan vətəndaşımıza, məmurumuza bıçaqla zərbə endirir. Bu o deməkdir ki, qətl bir andaca yaranmış əsəbin, qarşılıqlı toqquşmanın təzahürü deyil, polisin aqressiyasının cavabı da deyil: bu, əvvəlcədən hazırlanmış, planlaşdırılmış və bir neçə şəxsin əli ilə həyata keçirilən qətldir. Dünən polkovnikləri qətlə yetirənlər nə düşünürdü? Yerə yıxıb tək qaldığı halda üstünə cumduqları polkovniki ölümünə vurmaq heç bir din, Allah, peyğəmbərlə pərdələnə bilməz. Bu gün hamımız ölkəmizə xaos gətirmək istəyən, xarici kəşfiyyatın əlində oyuncağa çevrilib, öz qardaşına qıyan qatilə qarşıyıq! Allah Vətənimizi, dövlətimizi, Azərbaycanımızı qorusun! Allah İnsanımızı, toplumumuzu, xalqımızı qorusun!”

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev dünən Gəncədə baş vermiş hadisəni təxribat kimi qiymətləndirir: “Əvvəl şəhərin icra başçısına qarşı silahlı hücum oldu, dünən də qanunsuz aksiyada iki polis zabiti öldürüldü. Çox təəssüfedici məqamdır. Hamımızın ürəyini ağladır. Ölkəmizə qarşı hazırlanmış, bütün detalları hesablanmış təxribata şahidlik etdik. Bu cür hallara qarşı soyuqqanlı olmaq lazımdır. İnsanlarımızı bu məsələ ilə bağlı məlumatlandırmalıyıq ki, bu təxribatın arxasında nələr durur, təxribat törədənlərin məqsədi nədir. Terror hadisəni törədənin ailə üzvləri başqa ölkədə yaşayır, Azərbaycanla əlaqəsi yoxdur. Dünən polislərimizi qətlə yetirənlərin tərcümeyi-halına baxırıq. Qatı cinayətkarlardır. Bu adamların sağlam obrazları yoxdur. Onlardan istifadə olunur. Məqsəd Azərbaycandakı sabitliyi pozmaq, ölkədə xaos yaratmaq, Azərbaycanı Liviyanın, Siriyanın gününə salmaqdır. İnanıram ki, Azərbaycan dövləti, cəmiyyəti, formalaşmış sağlam mediamız onların məkrli niyyətlərinin həyata keçməsinə heç zaman imkan verməyəcək. Azərbaycan xalqı ayıqdır. Onu aldatmaq, yolundan çıxartmaq indiki halda mümkün deyil. Bütün terror planlarının qarşısı alınacaq. Bu işdə medianın da öz rolu var. Hadisələr başlayandan medianın çox sağlam mövqe tutduğunu, ictimaiyyəti maarifləndirmək istiqamətində əlindən gələni etdiyini gördük. Təbii ki, güclü mediadan söhbət gedir. Ümumi işə xələl gətirən, təxribatla məşğul olan, təxribatlara alət olan media orqanları da var. Hüquq mühafizə orqanları bununla bağlı müvafiq adddımlar atmağa artıq başlayıblar”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirir ki, Gəncəyə bağlı olan insanlar bu cür təxribata getməz: “Gəncə tarixən Azərbaycanın milli-mədəniyyət beşiyi və dövlətçiliyimiz üçün çox əhəmiyyəti olan şəhərdir. 100 il əvvəlki Azərbaycan Xalq Cümhuriyyəti dönəmini götürəndə cümhuriyyətimizin ilk paytaxt kimi də qiymətli şəhərimizdir. Çox təəssüf edirik ki, son dönəmlər Gəncənin özünə aid olmayan, gəncəlilərin istəklərinin əleyhinə olaraq xaricdən gələn qüvvələrin Azərbaycan dövlətinə, onun müstəqilliyinə qarşı törətdiyi təxribatlar təəssüf doğurur. İki polisimiz dünən şəhid oldu. Onlara rəhmət diləyirik! Azərbaycanın müstəqilliyinə atılan güllələrə hər bir Azərbaycan vətəndaşı sinəsini sipər etməlidir və edir də. Biz onu dünənki şəhidlərimizin timsalında gördük. Azərbaycanın müstəqilliyinə kim hansısa dini yönümdə, yaxud xarici məkrlərin sifarişi əsasında radikal yön verib, qarşıdurma yaratmaq istəyənlər isə cəzasını alacaq. Azərbaycan dünyəvi dövlətdir və dünyəvi dövlət olaraq da qalacaq! Azərbaycan müstəqilliyinə uzanan əllər kəsilməlidir və qanun qarşısında cavab verilməlidir. Gəncəyə bağlı, bir neçə nəslinin qəbri Gəncədə olan insanlar bu cür təxribata getməz. Biz bunu Gəncə ziyalılarının, sakinlərinin timsalında gördük. Azərbaycanın müstəqilliyi əleyhinə fəaliyyət göstərən qüvvələrə xalqın özünün müqaviməti var və bu müqavimət ictimai rəydə özünü göstərir”.

Tarix
2018.07.11 / 21:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla