Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən
"Axar.az"a daxil olan məlumata görə, DAK Rusiyada Azərbaycanlılara
qarşı başladılan kampaniyanı pisləyən bəyanat yayıb.
Bəyanatı olduğu kimi təqdim edirik:
"Keçmiş sovetlər imperiyasının süqutundan sonra onun ərazisində
yaşayan xalqlar azadlıq əldə edib müstəqil dövlətlər qursalar da,
postsovet ölkələri arasında mədəni-iqtisadi sahədə əlaqalər davam
edir, insanlar vizasız gediş-gəliş üstünlüyündən istifadə edək daha
çox bu ölkələrə üz tuturlar. Bununla yanaşı, SSRİ məkanında olmuş
dövlətlərin əksəriyyəti bu gün də müştərək təhsil sistemini və
istehsal münasibətlərini qoruyub saxlamaqdadırlar. Üstəlik,
ayrı-ayrı respublikalarda sosial–iqtisadi problemlərin hələ də öz
həllini tapmaması bu respublikalar arasında miqrasiya prosesinə
təkan verməkdədir. Xüsusilə də, köhnə sovet istehsal obyektlərinin
əksəriyyətinin bugünkü Rusiya Fedarasiyasında yerləşməsi və bunun
nəticəsində həmin respublikada işçi qüvvəsinə daha çox ehtiyacın
olması insanların bu ölkənin ayrı-ayrı şəhərlərinə axınına rəvac
vermişdir. Təbii ki, azərbaycanlılar da bu prosesdə istisna təşkil
etmirlər. Rusiyaya gedən soydaşlarımızın müəyyən qismi bu ölkənin
dövlət və qeyri-dövlət strukturlarında, elmi-istehsal
müəssisələrində, mədəniyyət və incəsənət institularında mühüm
postlar tutmaqla yanaşı, müəyyən qism də bazarlarda gündəlik
dolanışıq mənbəyi axtarışıyla məşğuldurlar. Məlumdur ki, bu cür
məcburi miqrasiyanın əsas səbəblərindən biri də soydaşlarımızın
erməni quldurları tərəfindən öz tarixi torpaqlarından qovulması,
Dağlıq Qarabağ və ətraf rayonlarımızın Ermənistan silahlı qüvvələri
tərəfindən işğalı və nəticədə bir milyon insanın evsiz-eşiksiz,
işsiz qalması ilə əlaqədardır.
Xalqımızın bu faciələri yaşamasında Rusiyanın Ermənistana
himayədarlıq etməsi, onu silahlandırması da danılmaz faktlardandır.
Bu mənada hazırda Rusiyada yaşayan azərbaycanlıların çoxu belə bir
acı taleyi yaşamış adamlardır və onlar ölkəyə xoş gündən
gəlməyiblər. Belə humanitar faciələrə dünyanın hər yerində
anlayışla yanaşılır, hətta belə insanların ruhi-psixoloji durumu
nəzərə alınır. Amma qonşu ölkədə nəinki bu nəzərə alınır, əksinə
münasibətləri gərginləşdirməyə çalışan qüvvələrə münbit şərait
yaradılır. Moskvada və bütövlüklə Rusiyada azərbaycanlılara qarşı
zaman-zaman davam etmiş və bu günlərdə yenidən start götürmüş
kütləvi təzyiq əslində baş vermiş bir cinayət hadisəsinin adekvat
cavabı deyildir. Çünki min illərdən gələn bir kəlam var:
cinayətkarın vətəni olmur. Şəxsi zəmində belə cinayətlər, hər gün,
dünyanın hər yerində baş verir. Bunu bütövlükdə ayrı-ayrı
millətlərə qarşı çevirmək, bundan istifadə edərək hər hansı bir
xalqın vəhşi obrazını yaratmaq, milli dözümsüzlük nümayiş etdirmək,
günahsız insanları təhqir etmək, aşağılamaq yolverilməz haldır.
İnsan haqları, beynəlxaq hüquq və Azərbaycanla Rusiya arasındakı
ənənəvi dostluq münasibətləri baxımından yanaşanda da, Rusiya hüquq
mühafizə orqanlarının azərbaycanlılara qarşı bu görünməmiş
aqressivliyi qətiyyətlə pislənilməlidir. Heç bir cinayətə, hətta
terrora və ya terrorçu təşkilata görə də bütöv xalq
günahlandırılmır, cinayətkarın cəzasını günahsızlar çəkmirlər. DAK
belə hesab edir ki, Rusiyada baş verən son hadisələr bir
təxribatdır və bu hadisənin arxasında Azərbaycana siyasi təzyiq
niyyətləri dayanır. Bu və bunabənzər olaylar Azərbaycan və rus
xalqları arasındakı çoxəsrlik xoş münasibətlərə təsir
göstərməməlidir. Biz müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı öz
milli, insanı ləyaqətlərini, millətimizim adını qorumaqla yanaşı,
yaşadıqları ölkələrin hüquq sistemlərini öyrənməyə, bu sistemlər
çərçivəsində hərəkət eləməyə, təxribatlara uymamağa çağırırıq.
Sabir
Rüstəmxanlı
DAK
həmsədri