21:37
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla
Əliyeva paytaxtın Yasamal rayonunda yeni inşa edilən körpələr
evi-uşaq bağçasının açılış mərasimində iştirak
ediblər.
AzərTac xəbər verir ki, Azərbaycan dövlətinin siyasəti ölkədə
gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi olan
bugünkü uşaqların firavan həyatının, təlim-tərbiyəsinin,
fiziki-mənəvi sağlamlığının müdafiəsinə yönəlib və bu istiqamətdə
sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev
Fondu da uşaqlarımızın gələcəyinə yönələn müxtəlif layihələr
reallaşdırır. Son illərdə Fondun təşəbbüsü ilə paytaxtın bir çox
uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işləri aparılıb,
məktəbəqədər təhsilin inkişafına nail olmaq istiqamətində bir sıra
tədbirlər görülüb. Bu ilin fevral ayında Mehriban Əliyevanın
rəhbərliyi ilə Heydər Əliyev Fondunun məktəbəqədər təhsil
müəssisələrinin inkişafı proqramının təqdimatı olub və bu
müəssisələrdə mövcud vəziyyət müzakirə edilib. Təqdimat zamanı
Fondun məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin
monitorinqinin nəticələri açıqlanıb. İlkin mərhələdə bu
monitorinqin paytaxtı əhatə etdiyi, gələcəkdə onun bütün ölkədə
aparılacağı bildirilib, yeni bağçaların inşasına ehtiyacın olduğu
müəyyənləşib. Qeyd olunub ki, Fond tərəfindən icra olunan digər
layihələr kimi, məktəbəqədər təhsil müəssisələrinin inkişafı
proqramı da uğurla həyata keçiriləcək. Yasamal rayonunda inşa
edilən körpələr evi-uşaq bağçası da bu istiqamətdə atılan
addımlardan biridir.
Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasının rəmzi
açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış
oldu.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev
birinci xanım Mehriban Əliyevaya körpələr evi-uşaq bağçasında
görülən işlər barədə məlumat verdi. Bildirildi ki, bu məktəbəqədər
təhsil müəssisəsində tikinti işlərinə cari il mayın sonlarında
başlanılıb. Nəticədə bağçada uşaqlar üçün hər cür şərait
yaradılıb.
Diqqətə çatdırıldı ki, üçmərtəbəli körpələr evi-uşaq bağçası 100
yerlikdir. Burada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji
heyət məşğul olacaq. Təhlükəsizlik məqsədilə 16 müşahidə kamerası
qurulub. Bu kameralar həm həyəti, həm də bağçanın bütün otaqlarını
nəzarətdə saxlamağa imkan verir. Bağça azyaşlı sakinlərin zövqünə
uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə
yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz
edilib. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq
otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana yaradılıb.
Məktəbəqədər təhsil ocağının bütün dəhliz və otaqlarının
divarlarında uşaqların böyük marağına səbəb olan nağıl
qəhrəmanlarının obrazları həkk edilib. Bir sözlə, körpələr evi-uşaq
bağçasında balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin
onlarda bacarıq və istedadları aşkarlamaq üçün hərtərəfli şərait
yaradılıb. Uşaqların maraqları nəzərə alınaraq bağçanın həyətində
xüsusi istirahət guşələri yaradılıb.
****
22:56
Oktyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti
Leyla Əliyeva Nizami rayonunda əsaslı təmirdən sonra istifadəyə
verilən 175 nömrəli körpələr evi-uşaq bağçasının açılış mərasimində
iştirak ediblər.
Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasının rəmzi
açılışını bildirən lenti kəsib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov
məktəbəqədər təhsil müəssisəsinin 2 korpusdan ibarət olduğunu
bildirib. Burada 6 qrup üzrə 110 uşaq tərbiyə alıb. Amma bağçaya
tələbatın çox olduğu nəzərə alınaraq bu il bağçanın yeni korpusu
inşa edilib. Əvvəlki korpusda isə əsaslı təmir işləri aparılıb.
Bununla da bağçada qrupların sayı 6-dan 12-yə çatdırılıb, uşaqların
sayı isə 230 nəfər olub. Müəssisədə balacaların təlim tərbiyəsi ilə
70 nəfərdən ibarət heyət məşğul olacaq. Bağçadakı 12 qrupdan 10-u
Azərbaycan, 2-si isə rusdilli qrupdur. Burada 2 yaş qrupu - 2-3 yaş
arası və 3-6 yaş arasında olan uşaqlara qayğı göstəriləcək.
Mehriban Əliyeva və Leyla Əliyeva bağçadakı Heydər Əliyev
guşəsində olublar, həmçinin milli guşəyə baxıblar. Burada uşaqların
və pedaqoji heyətin əl işləri sərgilənib. Bağçada uşaqların
vətənpərvərlik ruhunda tərbiyəsi üçün "Vətənpərvərlik guşəsi" adlı
otaq da var. Burada balacalara öz yaradıcı potensialını üzə
çıxarmaq imkanı da veriləcək. Uşaqlar ingilis dili və kompyuter
biliklərinə də yiyələnmək imkanı qazanacaqlar.
Bildirilib ki, ikinövbəli müəssisədə "planetari" guşəsi də
yaradılıb. Burada balacalar astronomiyanın əsaslarını öyrənə
biləcəklər. Əsaslı təmir olunan binada idman zalı, mətbəx yerləşir.
Həyətdə isə futbol, qolf meydançaları, uşaqların yol hərəkəti
qaydalarını öyrənmələri üçün xüsusi meydança, istirahət guşələri
var.
Mehriban Əliyeva buradakı şəraitin yüksək səviyyədə olduğunu
bildirib. Heydər Əliyev Fondunun prezidentinə binanın ətrafında
aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.