Oktyabrın 8-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası
keçirilib.
Prezident İlham Əliyev bildirdi ki, bu ilin 9 ayının
sosial-iqtisadi inkişafı uğurlu olub. Ölkəmizin inkişafı ilə bağlı
inamlı addımlar atılıb. Dünyada maliyyə böhranının davam etdiyi bir
vaxtda 9 ayda ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru isə
6 faiz artıb. İnflyasiya 1,5 faiz təşkil edib, əhalinin pul
gəlirləri 5,4 faiz çoxalıb.
Bu il də büdcə xərclərinin kifayət qədər böyük olduğunu deyən
Prezident İlham Əliyev vurğuladı ki, ilin əvvəlindən ölkəmizə 19
milyard dollar sərmayə qoyulub ki, onun da 11 milyard dolları
daxili investisiyalardır. İlin əvvəlindən maliyyə resursları 3
milyard 600 milyon dollar artıb və Azərbaycanın valyuta ehtiyatı 53
milyard dollara çatıb.
Dövlətimizin başçısı bildirdi ki, Dünya İqtisadi Forumunun
reytinq cədvəlində Azərbaycan iqtisadiyyatı rəqabət
qabiliyyətliliyinə görə artıq 38-ci yerdə qərarlaşıb. Bu dövrdə
regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra
olunub, doqquz ayda 100 mindən çox yeni iş yeri yaradılıb, bununla
da son 10 ildə açılan iş yerlərinin sayı 1 milyon 300 minə çatıb.
Ötən doqquz ayda sosial layihələrin icrası davam etdirilib və
investisiya portfelində bu layihələrə xərclənən vəsait kifayət
qədər böyük olub. Bakı və ətraf qəsəbələrin inkişafına dair Dövlət
Proqramı da uğurla icra olunur. Ölkədə infrastruktur layihələrinin
icrasına xüsusi diqqət yetirilir.
Prezident İlham Əliyev vurğuladı ki, artıq bir çox sahələrdə
Azərbaycanın müsbət təcrübəsi öyrənilir. Bunu bu yaxınlarda Bakıda
keçirilən Beynəlxalq Humanitar Forumda BMT İnkişaf Proqramının
rəhbərinin səsləndirdiyi fikirlər də təsdiqlədi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll
olunmamasından təəssüfləndiyini deyən dövlətimizin başçısı qeyd
etdi ki, mövcud status-kvonun yolverilməzliyi ilə bağlı səslənən
fikirlərə Ermənistan məhəl qoymur, bu fikri səsləndirən qüvvələr
isə təsirli addımlar atmır. Buna baxmayaraq, Azərbaycan bütün
sahələrdə uğurla inkişaf edir, ordu quruculuğu yüksək səviyyədə
həyata keçirilir. Təsadüfi deyil ki, üçüncü rübdə təmas xəttində
baş verən hadisələr zamanı Azərbaycan Ordusu düşmənə layiqli
cavabını verdi.
Prezident İlham Əliyev nitqində keçən ay təməli qoyulan "Cənub"
qaz dəhlizi layihəsi ilə bağlı fikirlərini də bölüşdü və bunu
tarixi hadisə adlandırdı.
Sonra maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər
naziri Hüseynqulu Bağırov, gənclər və idman naziri Azad Rəhimov bu
ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda
duran vəzifələrlə bağlı məruzə etdilər.
İclasa yekun vuran Prezident İlham Əliyev ilin sonunadək dövlət
investisiya proqramının tam icra olunacağını, məktəblərin, uşaq
bağçalarının və müasir səhiyyə ocaqlarının tikintisinin davam
etdiriləcəyini dedi. Dövlətimizin başçısı gələn ilin büdcəsində də
hərbi xərclərə xüsusi diqqətin göstəriləcəyini qeyd etdi, texniki
baxımdan Azərbaycan Ordusunun dünyada güclü ordular sırasında
olduğunu bildirdi. Prezident İlham Əliyev bu ilin sonuna qədər
investisiya proqramının təsdiq edilməsinin vacibliyini vurğuladı,
müasir emal müəssisələrinin yaradıldığını, qeyri-neft sektorunun
inkişafında xidmət və turizm sahələrinin xüsusi yer tutduğunu
bildirdi. Dövlətimizin başçısı yaxın iki ildə Yeni Bakı Beynəlxalq
Dəniz Ticarət Limanının tam istifadəyə veriləcəyini bildirdi,
bununla da Xəzərdə ən iri ticarət limanının yaradılacağını qeyd
etdi. Hava nəqliyyatının inkişaf etdiyini, keçən rübdə ilk dəfə
olaraq Bakıdan Nyu-Yorka uçuşların təşkil edildiyini vurğulayan
Prezident İlham Əliyev məcburi köçkünlərin yaşayış səviyyəsinin
yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini
söylədi, ekologiya məsələlərinin həllinə diqqət göstərilməsinin
önəmini vurğuladı. İlk Avropa Oyunlarına hazırlıqla bağlı bütün
işlərin cədvəl üzrə uğurla getdiyini, təhlükəsizlik məsələlərinin
diqqət mərkəzində olduğunu deyən Prezident İlham Əliyev bu
oyunların Yay Olimpiya Oyunları səviyyəsində keçiriləcəyini
bildirdi.