Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində "Eko Rəsm
Gündəliyi-2014" Beynəlxalq müsabiqəsinin milli mərhələsinin
qaliblərini mükafatlandırma mərasimi keçirilib.
AzərTAc məlumat verir ki, Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri
Leyla Əliyeva mərasimdə iştirak edib.
Müsabiqə IDEA İctimai Birliyinin təşəbbüsü, UNESCO-nun himayəsi,
Heydər Əliyev Mərkəzinin və "Panasonic" şirkətinin təşkilati
dəstəyi ilə həyata keçirilib. Azərbaycanda ikinci dəfə keçirilən
müsabiqə çərçivəsində Bakı və Gəncə şəhərlərindəki məktəblərin
şagirdlərinə 5 min "Eko gündəlik" paylanılıb və onlardan 3050-si
doldurularaq təşkilatçıya təqdim olunub. Bunların arasından 20
finalçı seçilib.
Mərasimdə çıxış edən Leyla Əliyeva qalibləri təbrik etdi. Heydər
Əliyev Fondunun vitse-prezidenti bildirdi ki, IDEA kampaniyasında
çoxlu sayda gəncin iştirakı və ekoloji problemlərə kifayət qədər
diqqət yetirilməsi sevindirici haldır. Bir çox uğurlu layihələrin
reallaşdırılması, gənclər arasında ekoloji maarifləndirmə işlərinin
aparılması, eləcə də planetimizin flora və faunasında nəsli
kəsilməkdə olan canlıların qorunması ilə bağlı IDEA-nın çox uğurlu
işlər gördüyünü deyən Leyla Əliyeva kampaniya üçün "Bir planet -
bir gələcək" şüarının seçilməsinin təsadüfi olmadığını bildirdi.
Leyla Əliyeva kampaniya çərçivəsində ekoloji sahədə vacib addımlar
atıldığını, 3 milyondan çox ağacın əkildiyini vurğuladı.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi çıxış edərək
layihənin uğurlu və davamlı olmasını arzuladı. O, Azərbaycanda
ətraf mühitin qorunması istiqamətində görülən işləri yüksək
qiymətləndirdi.
UNICEF-in Bakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze isə
məktəblilərin ekoloji problemlərin həllinə yeni yanaşmalarını
müsbət dəyərləndirdiyini qeyd edib.
Digər çıxış edənlər 2008-ci ildən keçirilən "Eko Rəsm Gündəliyi"
Beynəlxalq müsabiqəsinin əhəmiyyətindən danışdılar. Qeyd olundu ki,
layihə məktəblilərin ekologiya sahəsində biliklərinin artırılması
və bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsi
baxımından uğurlu addımdır.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
müsabiqənin milli mərhələsinin qalibi - 160 nömrəli Klassik
Gimnaziyanın şagirdi Aylin Yəhyazadəni təbrik edərək, ona diplom və
hədiyyələr təqdim etdi.
Müsabiqənin milli mərhələsinin digər 19 qalibinə də sertifikat və
qiymətli hədiyyələr təqdim olundu.
"Eko Rəsm Gündəliyi-2014" müsabiqəsində finalçılar müxtəlif
aktual ekoloji problemləri çəkdikləri rəsmlərlə və qısa mətnlə
ifadə edib, problemin həllinə dair təkliflər irəli sürüblər.
Tədbirdə müsabiqə ilə bağlı videoçarx nümayiş olundu.