Ana səhifə Gündəm |
Daxili İşlər naziri Ramil Usubovun sərəncamı ilə, Abşeron Polis Şöbəsinin Mehdiabad polis bölməsinin rəis müavini Şükür Paşayev və baş əməliyyat müvəkkili Təvəkkül Cəbrayılov vəzifədən azad ediliblər.
Axar.az xəbər verir ki, nazirin bu sərəncamına səbəb sözügedən polis əməkdaşları haqqında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində araşdırma aparılmasıdır.
Xatırladaq ki, oktyabrın 10-da Abşeron Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi Zülfüqar Məmmədov, şöbənin Mehdiabad polis bölməsinin rəis müavini Şükür Paşayev və baş əməliyyat müvəkkili Təvəkkül Cəbrayılovun MCMBİ-yə çağırıldığı barədə məlumat yaymışdıq. Hər üç polis əməkdaşından müxtəlif səviyyəli şikayətlərin olduğu bildirilirdi. İctimai Təhlükəsizlik bölməsinin rəisi ilə bağlı iddialar əsasını tapmadığı üçün Zülfüqar Məmmədov dərhal azadlığa buraxılmışdı. Onunla bağlı araşdırmaya xitam verildiyi də bildirilir. Digər 2 polis əməkdaşı da ifadələri alındıqdan sonra azadlığa buraxılsalar da, barələrində araşdırmalar davam edir.
Araşdırmanın obyektiv aparılmasını təmin etmək üçün nazirin sərəncamı ilə vəzifədən alınan polis əməkdaşları hələlik polis sıralarından xaric edilməyiblər. İstintaqın nəticəsindən asılı olaraq, onlar barəsində ölçü götürüləcəyi qeyd edilir.
Polis əməkdaşlarının hansı şikayətə görə istintaqa cəlb edildiyi barədə məlumat yoxdur.
Tarix
2014.10.13 / 22:58
|
Müəllif
Ruhiyyə Daşsalahlı
|