Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal
Abdullayev Şirvan şəhərində, İmişli, Saatlı, Sabirabad rayonlarında
ziyalılar, dini icmaların üzvləri və milli azlıqların nümayəndələri
ilə çoxsaylı görüşlər keçirib.
Dövlət müşaviri bu şəhər və rayonlarda Ümummilli Liderin
abidəsini ziyarət edib, Heydər Əliyev mərkəzlərində ictimaiyyət
nümayəndələri və ziyalılarla görüşərək ölkə həyatının aktual
məsələləri barədə fikir mübadiləsi aparıb.
Əsas diqqəti ümummilli lider Heydər Əliyevin siyasi əqidəyə
çevirdiyi və Azərbaycan dövlətinin bugünkü inkişafının ideoloji
dayağı olan azərbaycançılıq məfkurəsinə yönəldən dövlət müşaviri
Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil daxili və xarici
siyasətin, dövlət-din münasibətlərinin prioritet istiqamətləri,
eyni zamanda, ölkədə ictimai-siyasi sabitliyin və hərtərəfli
inkişafın təminatı, milli mənəvi dəyərlərin qorunması, əhalinin
rifah halının yüksəldilməsi sahəsində görülən ardıcıl və
məqsədyönlü fəaliyyət haqqında danışıb.
Bildirilib ki, dövlətimizin başçısının fərmanları ilə bir neçə ay
əvvəl yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas
məqsədi əhalinin müxtəlif təbəqələri arasında maarifləndirmə işi
aparmaq, müasir çağırışları insanlara çatdırmaq, ölkəmizdə yaşayan
bütün xalqların nümayəndələrinin sahib olduqları etnik-mədəni
dəyərlərin qorunmasını təmin etməkdir. Dövlət müşaviri Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun son bir ayda
həyata keçirdiyi layihələrin ictimaiyyət tərəfindən yüksək
dəyərləndirildiyini və bu layihələrin çox gözəl nəticələr verdiyini
diqqətə çatdırıb.
Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun layihələrində birbaşa iştirak edən rayon ictimaiyyətinin
nümayəndələri bu tədbirlərin davamlı şəkildə keçirilməsinin
vacibliyini vurğulayıblar.
Şəhər və rayonlarda fəaliyyət göstərən mərkəzi cümə məscidlərinə,
dini sitayiş ocaqlarına baş çəkən dövlət müşaviri yerli dini icma
üzvləri və ağsaqqallarla səmimi söhbətlər aparıb. Müzakirələr
zamanı yad dini-ideoloji təsirlərə, təfriqəçi təriqət və
cərəyanlara qarşı mübarizənin zəruriliyi vurğulanıb, zəngin
multikultural ənənələrin qorunub saxlanması və inkişafı,
azərbaycançılıq ideologiyasının təbliği və təşviqi istiqamətində
həyata keçirilən dövlət siyasətinin mahiyyəti ətraflı şəkildə izah
edilib. Xüsusən gənc nəslin milli mənəvi dəyərlər və Vətənə sədaqət
ruhunda tərbiyə olunmasında din xadimlərinin üzərinə düşən
vəzifələrlə bağlı müzakirələr aparılıb.
Bundan əlavə, K.Abdullayev Saatlı rayonunun Fətəlikənd,
Sabirabad rayonunun Bulaqlı kəndlərində yığcam yaşayan axısxa
türkləri ilə də görüşüb, ziyalılar və dindarlarla ölkəmizdəki
tolerant və multikultural mühitlə bağlı söhbət edib, sakinlərin
fikirlərini dinləyib.
Səfər təəssüratlarını AzərTAc ilə bölüşən dövlət müşaviri
K.Abdullayev deyib: "Səfər etdiyim hər bir rayonun ən ucqar
nöqtələrində belə Prezident İlham Əliyevin apardığı məqsədyönlü
siyasətin uğurlu nəticələrini görmək bu ölkənin vətəndaşı kimi məni
çox qürurlandırır. İnsanların dövlətimizə və dövlətçiliyimizə, ölkə
rəhbərinə olan inamı və bağlılığı deyərdim ki, Azərbaycanın davamlı
inkişafının əsas qarantıdır. Azərbaycan dövləti öz vətəndaşlarının
həyat, ərzaq, enerji, informasiya təhlükəsizliyini ən yüksək
səviyyədə təmin edib. Bu gün isə Prezident İlham Əliyev qətiyyətlə
zəngin etnik və dini müxtəlifliyə malik olan Azərbaycanın
multikultural təhlükəsizliyini təmin etmək məqsədi ilə çox böyük iş
aparır. Bu, son dərəcə lazımlı və nəcib işdə etnik və dini
müxtəlifliyindən asılı olmayaraq hər bir vətəndaşımız Azərbaycan
Prezidentinin dəstəkçisi və dayağıdır".