Suraxanı rayonundakı
Qaraçuxur parkı məmurlar arasında mübahisəyə səbəb
olub.
Axar.az-ın əldə etdiyi məlumatlara görə, parkın abadlaşdırılması
üçün Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) tender elan edib.
Tenderdə "Azinpot" MMC qalib gəlib və parkın yenidən qurulması üçün
vəsait ayrılmasını gözləyib.
Amma Suraxanı RİH parkın təmir-tikintisinə zəruri olan vəsaiti
MMC-nin balansına köçürməyib: "Park Mədəniyyət və Turizm
Nazirliyinin yerli idarəsinin nəzdində vətəndaşların xidmətinə
verilib. Məsələnin bu dərəcədə yubanmasını görən nazirliyin yerli
idarə nümayəndəsi icra hakimiyyətinə gedib", - deyə xəbərdə
bildirilir.
İddiaya görə, idarə məmuru icra başçısı İlqar Abbasovla görüşüb
və parkla bağlı yaranmış problemi müzakirə edib. Həmin məmurun icra
başçısından "Azinpot" üçün pul istəməsi ikincinin xoşuna gəlməyib
və tərəflər arasında mübahisə yaranıb.
Mənbənin qeydinə görə, hazırda məsələ daha yuxarı
instansiyaların diqqətindədir.
Suraxanı İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar
məsələlər şöbəsindən Axar.az-a məsələ ilə bağlı açıqlama verə
bilməyəcəklərini qeyd etdilər. Əlavə etdilər ki, medianın sualına
yalnız icra hakimiyyətinin mətbuat xidməti cavab verə bilər,
mətbuat katibi Barxudar Barxudarov isə məzuniyyətdədir.