Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri
Mehriban Əliyeva Bakının Biləcəri qəsəbəsində Stend Atıcılığı İdman
Kompleksində tikinti işlərinin gedişi ilə tanış
olublar.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycanda
bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər
nəticəsində ölkəmiz bu gün beynəlxalq əhəmiyyətli idman
yarışlarının keçirildiyi əlverişli məkandır. Prezident İlham
Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq ölkəmizdə
idman dövlət siyasətinin prioritet istiqamətlərindən birinə
çevrilib.
2015-ci ildə Azərbaycan daha bir mötəbər idman yarışına ev
sahibliyi edəcək. Birinci Avropa Oyunları ilk dəfə olaraq Bakıda
keçiriləcək. Avropa Olimpiya Komitəsinin bununla bağlı qərarı
beynəlxalq idman ictimaiyyətinin ölkəmizin Olimpiya Hərəkatında
oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verilən
önəmin ifadəsidir. Bakının 2015-ci il Avropa Oyunlarının
keçirilməsi üçün böyük potensiala malik olmasını beynəlxalq idman
təşkilatları da təsdiqləyib. Güclü idman infrastrukturu olan
Azərbaycan, eyni zamanda, beynəlxalq yarışları keçirmək təcrübəsinə
də malikdir. Birinci Avropa Oyunlarına az vaxt qalmasına
baxmayaraq, ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı işlər
yüksək səviyyədə həyata keçirilir. Ölkədə və paytaxtda idman
infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata
keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Stend Atıcılığı
İdman Kompleksində də işlər sürətlə və yüksək keyfiyyətlə davam
etdirilir.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat
verildi ki, idmanın güllə və stend atıcılığı növləri üzrə
yarışların keçirilməsi üçün nəzərdə tutulan bu kompleksin ərazisi
genişləndirilərək 19,6 hektara çatdırılıb. Hazırda bu kompleksin
baş planına əsasən ərazidə Beynəlxalq Atıcılıq Federasiyasının
tələblərinə cavab verən bina və qurğuların inşası sürətlə davam
etdirilir.
Dövlətimizin başçısı və xanımı kompleksin stend atıcılığı sahəsi
ilə tanış oldular. Bildirildi ki, burada idmanın dairəvi və səngər
stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi
üçün hər cür şərait yaradılacaq. Kompleksdə biri həm Olimpiya
Oyunları, həm də dünya kuboku final yarışlarının keçirilməsi üçün
nəzərdə tutulmaqla beş atıcılıq meydançası tikilir. Atıcılıq
meydançalarının hər biri üçün baxış oturacaqları və 500 tamaşaçı
yerlik tribuna inşa olunur. Bundan başqa, ərazidə sosial
obyektlərin yaradılmasına da xüsusi diqqət göstərilir. Bu məqsədlə
dördmərtəbəli mehmanxananın tikintisi aparılır ki, burada
ikinəfərlik 20 otaq, iki VİP otaq olacaq. Binada konfrans zalı,
iclas otağı, tibb və məşqçilər üçün otaqlar və restoran yerləşəcək.
Layihəyə uyğun olaraq, ərazidə 500 yerlik avtomobil dayanacağı da
tikiləcək.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva güllə
atıcılığı sahəsi ilə də tanış oldular. Bildirildi ki, bu sahə 10,
25, 50 və 300 metr məsafəyə güllə atıcılığı üzrə yarışların
keçirilməsi üçün nəzərdə tutulub. Buraya 10 metr məsafəyə atıcılıq
üzrə qapalı tir də daxildir. Tirdə 80 nəfər idmançı eyni zamanda
yarışacaq. Burada 483 tamaşaçı yarışların gedişini izləyə biləcək.
Əlli nəfər idmançının yarışacağı 25 metrlik məsafəyə yarımqapalı
atıcılıq tiri isə 390 tamaşaçı yerlikdir. Burada, həmçinin 50
metrlik məsafəyə 80 idmançının yarışacağı yarımqapalı atıcılıq tiri
də quraşdırılır. Bundan əlavə, ərazidə 300 metrlik məsafəyə
yarımqapalı atıcılıq tiri də tikilir. Qırx idmançının eyni vaxtda
yarışacağı bu tirdə 414 tamaşaçı yeri olacaq. Həm Olimpiya
oyunları, həm də dünya kuboku final yarışlarının keçirilməsi üçün
nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atıcılıq üzrə qapalı
tirlər isə eyni vaxtda 15 idmançının yarışmasına hesablanıb və 500
tamaşaçı yerlikdir.
Güllə atıcılığı binasının tir zallarının hər birində idmançılar,
həkimlər, məşqçilər üçün ayrıca otaqlar yaradılıb. Bundan əlavə,
binada geniş foye, qeydiyyat mərkəzi, kafe, restoran, gözləmə və
istirahət otaqları, konfrans zalları, baxış eyvanları, mətbuat
mərkəzi, texniki otaqlar, tibb, dopinq-nəzarət otaqlarının
yaradılması da nəzərdə tutulub.
Bildirildi ki, Stend Atıcılığı İdman Kompleksi Avropada ən böyük
atıcılıq komplekslərdən biri olacaq.
Dövlətimizin başçısı inşaat işlərinin vaxtında və yüksək
keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və
tövsiyələrini verdi.