"Müasir müharibənin taleyi meydanda yox, bank və
birjalarda həll olunur".
Bunu Axar.az-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin
rəhbəri Ərəstun Oruclu Rusiya liderlərinin son bəyanatlarını şərh
edərkən deyib. Ekspertin sözlərinə görə, Putinin bəyanatının
arxasında bir eyham var:
"O, bildirmək istəyir ki, Avropa da Rusiya ilə əməkdaşlığa
maraqlıdır, sadəcə burda bir ABŞ basqısı var. Buna görə də Avropa
Rusiya istiqamətində müstəqil siyasət yürüdə bilmir. Əslində, Putin
avropalılara mesaj verir ki, çalışın, Amerikanın təsirindən çıxın
və bu zaman sizinlə əməkdaşlıq edərik.
Avropada Rusiya ilə əməkdaşlığa meyllər çox yüksəkdir. Almaniya,
Fransa və digər Avropa ölkələrinin iqtisadi dairələrində bu cür
meyllər mövcuddur. Ancaq Avropa Birliyinin (AB) siyasi
konfiqurasiyası buna yol vermir. Çünki AB-nin üzvü olan ölkələrin
mütləq əksəriyyəti Avropa Konstitutiyasını ratifikasiya etdiyindən
birliyin qərarları zəruri sayılır. Putin çalışır ki, bir növ
bununla Qərbi Avropa və Amerika hissələrinə parçalasın. Başqa bir
tərəfdən isə Lavrovun dünən verdiyi bəyanat Putinin bəyanatı ilə
həm ziddiyyət, həm də eyniyyət təşkil edir. Zidd tərəf ondan
ibarətdir ki, Putinin bəyanatında Avropaya bir çağırış var, ancaq
Lavrovda isə şantaj tonu var. Şantajın ünvanı təkcə AB ilə
assosiativ saziş imzalayan Moldova, Ukrayna, Gürcüstan deyil, eyni
zamanda AB-dir. Başqa bir tərəfdən isə Avropaya meylli ola biləcək
ölkələrə bir mesajdır. İstisna etmirəm ki, Azərbaycanı da nəzərdə
tuturlar. AB-nin nümayəndəsi hazırda Azərbaycandadır və danışıqlar
gedir".
Ərəstun Oruclu bildirib ki, istər Moldovanın Dnestryanı bölgəsi,
Şərqi Ukrayna və Krım, istərsə də Gürcüstan və Azərbaycana qarşı
separatçılıq rejimi ilə bağlı baş verənlərin arxasında Rusiya
dayanır:
"Rusiyanın mövqeyi dəyişməz olaraq qalır. Ona görə də bunu
rəsmiləşdirməyin heç bir anlamı yoxdur. Rusiya 2008-ci ildə
Gürcüstanın iki separatçı ərazisini - Abxaziya və Cənubi Osetiyanı
tanıdı. Amma nə dəyişdi? Rusiyadan və kiçik bir ada dövlətindən
savayı heç bir ölkə tanımadı və beləliklə, Moskva beynəlxalq
səviyyədə biabırçı müqaviləyə imza atmış oldu. Rusiya edə
biləcəyini artıq edib. Bu bölgələrin statusunu tanıyaraq və
Avrasiya Birliyinə inteqrasiya ilə heç nəyi dəyişə bilməyəcək. Bu
gün əslində masa üzərində Rusiyanın özünün taleyidir. Məlum deyil
ki, Rusiya Qərbin sanksiyalarının qarşılığında hansı nəticələrə
gəlib çıxacaq və necə çıxacaq? ABŞ son bəyanatında Rusiyanı Ebola
və İŞİD-lə müqayisə etdi. Bu, Rusiyanın düşdüyü durumdan
qaynaqlanan bir yanaşmadır. Amma yanaşmanın effektli olması üçün
real güc lazımdır. Bax, bu real güc bu gün Rusiyada varmı? Bu,
xeyli suallar doğurur. Baxın, Ukyanaya az qala açıq müharibə elan
edən Rusiya əvəzində nə qazandı? Sanksiya, ciddi itkilər və kapital
axını. Müasir müharibənin müqədaratı döyüş meydanında yox,
banklarda, birjalarda həll olunur. Bu sahələrdə isə Rusiya
zəifdir".