Almaniyanın Ermənistandakı səfiri Rayner Morel oktyabrın
27-də Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev
və Serj Sarkisyan arasında keçirilən görüşü müsbət
qiymətləndirib.
Trend xəbər verir ki, Böyük
Britaniya səfiri ilə birgə keçirilən mətbuat konfransında diplomat
deyib: "Biz Fransa Prezidentinin görüş təşkil etmək təşəbbüsünə çox
şad olduq, lakin ifrat dərəcədə nikbin olmaq və bir görüşdən böyük
nəticələr gözləmək olmaz. Liderlər arasında dialoqun davam
etdirilməsi vacibdir və bu il ərzində onlar artıq üçüncü dəfə
görüşüblər".
Rayner Morel əlavə edib ki, iki ölkə liderləri "məzmunlu
danışıqlara cəlb olunmağa çalışmalıdır".
Səfirin sözlərinə görə, Almaniya ATƏT-in Minsk qrupu
həmsədrlərinin səylərini dəstəkləyir və bu formatın danışıqların
davam etdirilməsi üçün yeganə əlverişli format olduğunu hesab
edir.
Böyük Britaniyanın səfiri Ketrin Liç isə Azərbaycan və
Ermənistan prezidentlərinin tez-tez görüşməyə başladıqlarını
məmnunluqla qeyd edib.
Oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj
Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü
olub.