Yuxarı

O qəzadan sonra çox ciddi təftiş gedir - İlham Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il infrastrukturla bağlı bir çox önəmli layihələr icra ediləcək. Biz son illər ərzində infrastrukturun yaradılması ilə çox ciddi məşğul olmuşuq. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan infrastrukturun inkişafı üzrə qabaqcıl yerlərdədir, 30-cu yerdədir. Ancaq hələ ki, görüləsi işlər var və bu istiqamətdə işlər aparılacaq. Bu il "Şimal-2" yeni böyük elektrik stansiyasının istifadəyə verilməsi gözlənilir. Bu stansiya 400 meqavat enerji istehsal edəcək.

Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

"İndi biz özümüzü elektrik enerjisi ilə tam təmin edirik, hətta böyük həcmdə ixrac da edirik. Ancaq biz yeni güclər yaratmalıyıq. Çünki tələbat artır, sənaye artır, əhali artır və ixrac imkanlarımız genişlənir. Ona görə 400 meqavat gücündə "Şimal-2" elektrik stansiyasının işə salınması mühüm hadisə olacaqdır. Bununla bərabər, keçən ilin ikinci yarısından başlayaraq – o qəza baş verəndən sonra bizim enerji sistemimiz çox ciddi təftiş olunur. Bu sahədə də çox böyük pozuntular aşkarlanıb. Məhz bu pozuntular nəticəsində biz yay mövsümündə gözlənilməz bir qəza ilə üzləşmişdik. Ona görə bütün çatışmazlıqlar operativ qaydada aradan qaldırılır və eyni zamanda, mövcud enerji bloklarımızın reabilitasiyası, yenidən qurulması prosesinə start verilib. Bu məqsədlər üçün keçən il vəsait ayrılıb. Ancaq mövcud enerji qurğularımızı təmir edərək, onlara düzgün xidmət göstərərək biz yeni stansiyalar tikmədən enerji istehsalını ən azı 500 meqavat artıra bilərik. Bu, çox böyük rəqəmdir. Gücü 400 meqavat olan "Şimal-2" stansiyasının işə salınması ilə biz bu il 1000 meqavata yaxın yeni generasiya gücünə malik ola bilərik. Bu, əlbəttə ki, ixrac imkanlarımızı böyük dərəcədə artıracaq. Çünki keçən il biz elektrik enerjisinin ixracından 10 milyonlarla dollar pul əldə etmişik, bu vəsait xəzinəyə daxil olubdur.

Keçənilki qəzadan sonra aydın oldu ki, bizim strateji obyektlərimiz bu fövqəladə vəziyyətə hazır deyil və bu, böyük təəssüf hissi yaradır. Əlbəttə ki, bu strateji obyektlərə rəhbərlik edən şəxslər də tənbeh olundu. İndi isə görülən və görüləcək işlər nəticəsində bütün strateji obyektlərdə müasir generator sistemi quraşdırılacaq, bu məqsədlər üçün vəsait ayrıldı. İlk növbədə, metro stansiyalarında generatorlar quraşdırılacaq. Artıq kontraktlar da imzalandı və bu il biz bunu tam şəkildə təmin edəcəyik. Bu, bizə imkan verəcək ki, əgər hər hansı bir qəza olarsa, metro tunelində heç bir qatar qalmasın. Yəni, bu generatorlar imkan verəcək ki, qatarlar stansiyaya qədər gəlsin və vətəndaşlar stansiyaya həm rahat düşə bilsinlər, həm də eskalatorlarla qalxa bilsinlər. Metroda quraşdırılan generatorların əsas funksiyası bundan ibarətdir. Bizim bütün strateji səhiyyə obyektlərində də təftiş aparıldı və bütün obyektlərdə bu sahədə tam təminat təşkil ediləcəkdir.

Söz verdiyimiz kimi, keçən il Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb və hesab edirəm ki, bu, ən yüksək göstəricidir. Dünyada nadir ölkələr tapılar ki, bu dərəcədə qazlaşdırma aparılsın. Hesab edirəm ki, bu proses bu il də davam etdirilməlidir. Hələ ki, bir çox kəndlərdə qaz yoxdur və o kəndlərin qazlaşdırılması gündəlikdə duran məsələdir.

İçməli su ilə bağlı aparılan işlər nəticəsində 38 şəhərin su məsələsi tam şəkildə öz həllini tapıb. Hazırda 12 şəhərdə işlər gedir və yaxın gələcəkdə o şəhərlərin də içməli su ilə tam təminatı təşkil ediləcəkdir. Bu il beş şəhərdə işlər başa çatacaq. Bu sahədə görülən işlər daim diqqət mərkəzindədir. İçməli su layihələrinin icrası insanların sağlamlığına verilən böyük töhfədir.

Keçən il 2 min kilometr avtomobil yolu salınmışdır. Bu, rekord göstəricidir. Ümumilikdə isə 2004-cü ildən bu günə qədər 15 min kilometr avtomobil yolu salınıb. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Biz inkişaf etmiş bir çox ölkələri də qabaqlayırıq və bu proses davam etdiriləcək. Keçən il 920 kəndin yol infrastrukturu yaxşılaşıb, yeni yollar salınıb. Bu yaşayış məntəqələrində 2,2 milyon insan yaşayır. Yəni, 2,2 milyon insanın yol problemi həll olunub. Bildiyiniz kimi, bu, eyni zamanda, iqtisadi amildir. Çünki yol olan yerdə kənd təsərrüfatının inkişafı da sürətlənir, yol olan yerdə sosial məsələlər də öz həllini tapır, o cümlədən xəstəxanalara insanlar daha da tez çata bilirlər. Yəni, bunun çox böyük əhəmiyyəti var. Bu il investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulub. Bu il ən azı, hələlik ən azı 1000 kilometr yeni yol salınacaqdır. Onların arasında əlbəttə ki, yüzlərlə kənd yolları var, eyni zamanda, magistral yolların tikintisinin davam etdirilməsi layihələri var, o cümlədən Astara-İran sərhədi yolu. Çünki biz Bakıdan Astaraya qədər yeni yol salmışıq. Çox gözəl yoldur və məsafəni də təqribən 40 kilometr qısaldır. Eyni zamanda, bu magistral yol şəhərlərə girmədən gedir və hər bir şəhərə ayrıca giriş nəzərdə tutulubdur. Ancaq Astara şəhərindən İran sərhədinə qədər yol yoxdur, yol şəhərin içindən keçir. Ona görə biz bu layihəni də icra edəcəyik. Plana görə, bu ilin sonunadək Astaradan İran sərhədinə qədər yeni dördzolaqlı yol çəkiləcək və beləliklə, yük maşınları Astara şəhərinə girmədən, vətəndaşları narahat etmədən sərhədə qədər gedə biləcək", - İ. Əliyev vurğulayıb.

Tarix
2019.01.12 / 08:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla