Prezident İlham Əliyev Lənkəran şəhərinin
Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi ilə bağlı
əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Sərəncamda qeyd edilir ki, "On min nəfər əhalinin yaşadığı 3
yaşayış məntəqəsini birləşdirən Liman-Nərimanabad-Balıqçılar
avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə
Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət
əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası
avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə
tutulmuş vəsaitin 3,6 milyon (üç milyon altı yüz min) manatı
Lənkəran Şəhər İcra Hakimiyyətinə ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci
hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş
qaydada təmin etsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin".