Yuxarı

MTRŞ sədrinin sərt tənqidi: TV-lərdə islahat başlayır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 15-də Prezidentin sərəncamı ilə AzTV sədrinin işdən azad edilməsinin dərhal ardından Milli Televiziya və Radio Şurası (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin televiziyalardakı verilişlərin həddən artıq aşağı səviyyədə olması ilə bağlı telekanal rəhbərlərinə xəbərdarlığı TV-lərdə islahatlar mövzusunu gündəmə gətirib.

Məsələ ilə bağlı Axar.az-a danışan media eksperti Zeynal Məmmədlinin sözlərinə görə, efirdəki problemlərin aradan qaldırılması üçün prosesin özünə diqqət yetirmək lazımdır:

“Televiziyalarda gerçək problemlər nədir? Məsələn, əyləncə, bədii, xəbər televiziyalarındakı ayrı-ayrı nöqsanları müəyyənləşdirmək lazımdır. Dünyadakı məşhur televiziyalarla müqayisədə bizim efirlərdə nələr əskikdir, nələr fərqlidir? İşə yanaşma, peşəkarlıq dərəcəsi necədir? İnsanlar bu televiziyalardan nə gözləyir?

Bütövlükdə götürsək, insanlarımız öz fikirlərini ifadə etməkdə acizdirlər. Biz geniş təbəqələrin fikirlərini görmürük. Jurnalistlər daha çox məmurların və siyasətçilərin fikirlərini qabardırlar. Ona görə də MTRŞ sədrinin xəbərdarlığı konkretləşmədikcə, heç nəyə kömək etməyəcək. “Bu yaxşıdır və ya pisdir” deməklə problem həll olunmur. Bütün özəl televiziyalarda sponsorluq adı ilə gizli reklam baş alıb gedir. Deməli, televiziyaların maliyyələşməsində çox ciddi problemlər var. Bu məsələlərə diqqət yetirməsək, onları gündəmdə saxlamasaq, kanallarımızın səviyyəsi düzəlməyəcək”.

"Röyter" agentliyinin Azərbaycan üzrə nümayəndəsi İsgəndər Qənbərov isə televiziyalardakı başlıca problemlərin maliyyə çatışmazlığından qaynaqlandığını deyib:

“Məlum olduğu kimi, televiziya böyük vəsait tələb edən sahədir. Televiziyanın da əsas gəlir mənbəyi reklam və qrantlardır. Azərbaycanda reklam bazarı yox səviyyəsindədir. Bu imkanla hər hansı bir televiziyanı saxlamaq olduqca çətindir. Təkcə yayım və peyk xərcləri aylıq 5000-11000 manat arasında dəyişir. Hesab edirəm ki, televiziyaları telemaqnatlar (televiziya biznesmenləri) idarə etsələr, daha yaxşı olar. Çox uzağa getmirəm, elə qonşu Gürcüstan və Türkiyə televiziyalarına diqqət yetirək. Bu qonşu ölkələrin televiziyalarındakı inkişafın 70-80 faizi əcnəbi telemaqnatların sayəsində formalaşıb. Xarici qrantların kəsilməsi və yerli reklam bazarının olmaması ölkə telekanallarını bayağı verilişlər hazırlamağa məcbur etdi. Məhz bu bayağı proqramlar sayəsində özlərinə kütlə toplayıb verilişlərə sponsorlar cəlb etməklə ayaqda qalmağa çalışırlar. Ölkə telekanalları arasında rəqabətin də olmaması istədiyimiz inkişafa gətirib çıxara bilmir.

O ki qaldı dövlət büdcəsindən maliyyələşən kanallara (AzTV, İTV), bunlar büdcədən ayrılan pulla kifayətlənməməlidirlər. Əcnəbi prodakşnlarla əməkdaşlıq edə və bunun sayəsində özlərinə sponsor tapmaqla daha da inkişaf edə bilərlər”.

İ.Qənbərov televiziya verilişlərimizdə keyfiyyətin yüksəldilməsi üçün kadr hazırlığının da çox önəmli olduğunu söyləyib:

“Texnika günü-gündən inkişaf etməkdədir, yerli kadrların hazırlanmasına böyük ehtiyac var. Yerli televiziyalar öz əməkdaşlarını (istər texniki, istər digər) xarici kurslara göndərməlidirlər. Bu gün ölkədə televiziya sahəsi üzrə texniki mütəxəssis qıtlığı var. Bu işi görən mütəxəssislərimiz barmaqla sayılacaq qədər azdır. Ona görə də televiziyalar 2-3 mütəxəssisin əlində qalıb. Yerli kadrların hazırlanmasına ehtiyac var.

Məsələn, ARB24 biznes-xəbər kanalı yeni fəaliyyətə başlasa da, efirdə xeyli boşluqların olduğu hiss edilir. Çünki ixtisaslaşmış biznes-xəbər kanalı təcrübəmiz yoxdur. Bu, Azərbaycan üçün bir ilkdir. Bunun üçün təcrübəsi olan xarici telekanalların əməkdaşlarını azı 2 illik müqavilə ilə ölkəmizə dəvət edib kanalı formalaşdırmaq olar. Bu da böyük vəsait tələb edir”.

Qeyd edək ki, bundan əvvəl Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli verilişlərin çox aşağı səviyyədə olması ilə bağlı televiziya kanallarının rəhbərlərinə xəbərdarlıq edildiyini açıqlamışdı.

Tarix
2019.01.17 / 13:11
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla