Ana səhifə Gündəm |
Azərbaycanın Xarici İşlər Nazirliyi son günlər cəbhə xəttində erməni təxribatlarının artması ilə bağlı bəyanat yayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a daxil
olan bəyanatın mətnində deyilir:
"Bu il oktyabrın 27-də Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü
ilə Parisdə prezidentlər səviyyəsində keçirilmiş görüşdən sonra
Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş
ərazilərində çoxlu sayda canlı qüvvə və hərbi texnikanın iştirakı
ilə genişmiqyaslı hərbi təlimlərin keçirilməsinə başlanılıb və
atəşkəs rejimi Ermənistan tərəfindən intensiv şəkildə pozulmaqda
davam etdirilib.
Noyabrın 12-də son üç gün ərzində müşahidə edilən provokativ döyüş
uçuşlarının davamı olaraq, Ermənistan Respublikasının hərbi hava
qüvvələrinə məxsus iki ədəd Mi-24 tipli helikopter Azərbaycan
qoşunlarının müdafiənin ön xəttində yerləşən mövqelərinə hücum
edərək atəşə tutub. Cavab atəşi ilə helikopterlərdən biri vurulub,
digəri isə atəş zonasını tərk etməyə məcbur olub.
Azərbaycan Respublikası işğal olunmuş əraziləri üzərindəki hava
məkanını uçuşlar üçün bağlı elan edib və müvafiq qaydada beynəlxalq
mülki aviasiya təşkilatının bütün üzvlərini bu barədə
məlumatlandırıb. Ermənistana məxsus hərbi helikopterlərin
Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması Ermənistanın
Azərbaycana qarşı işğal və təcavüzünün, Azərbaycanın ərazi
bütövlüyü və suverenliyinə qarşı zordan istifadə siyasətinin
davamıdır. Paris görüşünün nəticəsi olaraq, böyük sülh sazişinin
layihəsi üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə
Ermənistanın bu məqsədyönlü təxribatçı əməlləri vəziyyətin
gərginləşdirilməsi, danışıqlar prosesinə xələl gətirilməsi və
mövcud status-kvonun saxlanması məqsədi daşıyır.
Gərginliyin yaranmasının əsas səbəbi Ermənistan Respublikasının silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində olmasıdır. Buna görə də Azərbaycan tərəfindən dəfələrlə bəyan edildiyi kimi, onsuz da gərgin olan vəziyyətin ağırlaşdırılmasının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Münaqişənin sülh yolu ilə həlli və regionda sülhün və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır".
Tarix
2014.11.13 / 00:23
|
Müəllif
Axar.az
|