Yuxarı

Həsən Ruhani: “Əlaqələri möhkəmləndirməliyik”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cənab Prezident İlham Əliyevin Tehrana səfəri ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb etdi. Bizim bu gün dostlarımızla keçdiyimiz yol ölkələrimiz arasındakı inkişaf yoludur".

Axar.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, bunu bunu noyabrın 12-də sənədlərin imzalanması mərasimindən sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

Həsən Ruhani bu səfərin həmin inkişaf yolunun təkmilləşdirilməsinə öz töhfəsini verəcəyini və bunu daha da sürətləndirəcəyini deyib:

"Əgər desək ki, Azərbaycan və İran xalqları bir bədəndə bir ruhdur, səhv etmərik. Bu insanların yaşayışının əsas mühüm hissələrindən biri mədəniyyətdirsə, deyə bilərik ki, bu iki ölkə, bu iki xalq birdir, həm məzhəbi, həm dini birdir, müştərək tarixə, keçmiş tarixə malikdirlər və bir-birinin mədəniyyətinə bələddirlər, bir-birini çox yaxşı başa düşürlər. Həm yaşayış tərzimizdə, həm davranışımızda olan bu müştərəklik əlaqələrimizin, iki millətin əlaqələrinin inkişaf etdirilməsinə imkan yaradır və bundan istifadə etməliyik. Heç şübhəsiz ki, ölkələrimizin və xalqlarımızın əlaqələrinin yaxınlaşması, bizim əlaqələrimizin yaxınlaşması heç bir üçüncü ölkənin əleyhinə deyil.

Biz əlaqələrimizi inkişaf etdirməklə öz mənafeyimizə, öz sabitliyimizə, öz təhlükəsizliyimizə, daha sürətli inkişafımıza çalışırıq. Ölkələrin inkişafı bir-birinin iqtisadi inkişafına öz töhfəsini vermiş olar. Bu gün biz müfəssəl danışıqlar, müzakirələr apardıq. Həm geniş tərkibdə, həm də təkbətək görüşlərdə belə bir razılığa gəldik ki, əlaqələrimizi daha da inkişaf etdirək, bunu daha açıq, daha şəffaf şəkildə həyata keçirək. Araz çayı gərək bizim birliyimizi daha da möhkəmləndirsin. Biz o Arazı qəbul edirik ki, iki dövləti, iki xalqı bir-birinə birləşdirir. Biz o Arazı qəbul edirik ki, bu, hər iki ölkənin inkişafının çiçəklənməsinə töhfə vermiş olur. Biz çalışmalıyıq ki, biznesmenlərimiz, iş adamlarımız bir-birinə daha yaxın olsunlar və bir-birinin imkanlarından, hər iki ölkənin imkanlarından istifadə edib faydalansınlar. Biz enerji, ticarət, sənaye sahələrində, həm bəndlərin, həm elektrik stansiyalarının tikilməsində və buraya yeni texnologiyaların gətirilməsində, elm və tədqiqat mərkəzlərində bir-birimizlə əlaqə yaratmalı və bir-birimizin inkişafına töhfəmizi verməliyik. Biz istəyirik ki, din, məzhəb və adət-ənənələrimizdən, - hansı ki, biz bu məsələlərdə birlik təşkil edirik, - daha da səmərəli istifadə edək. Azərbaycan Respublikası, o cümlədən İran elə bir coğrafi mövqedə yerləşir ki, onlar bir-biri üçün keçid-körpü ola bilər və biz Oman dənizindən, Hind okeanından tutmuş Asiyadan Avropaya qədər körpülərimizi birləşdirə bilərik.

Həsən Ruhaninin sözlərinə görə, İran Azərbaycan və Qafqaz vasitəsilə Avropa ilə birləşə bilər:

"Azərbaycan da İran vasitəsilə cənub dənizləri ilə, okeanlarla birləşmiş olar. Biz gərək bu dəhlizdən çox yaxşı istifadə edək, bundan faydalanaq və bunu daha da genişləndirək və çalışaq ki, bir-birimizə kömək etməklə Qəzvin-Rəşt və Rəşt-Astara dəmir yolunun tikintisinə və birləşməsinə nail olaq. Biz bu dəhliz vasitəsilə Qara dənizə və Avropaya, Rusiyaya çıxaq, onların dəmir yolu sisteminə birləşək. Biz bu sahədə əməkdaşlıq etməliyik. Bizim ölkələrimiz gözəl Xəzər dənizinin sahilində yerləşir. Bu dənizdən istifadədə hər iki ölkə yaxşı addımlar atmışdır. Bu dəniz dostluq, inkişaf dənizidir. Bu dəniz hər iki millətin inkişafına öz töhfəsini verən dənizdir. O millətlər ki, uzun illər, əsrlər boyu bu dənizin sahilində yaşamışlar və bu dənizin Allahın verdiyi nemətlərindən istifadə etmişlər. Həm balıqçılıqda, həm ekologiya sahəsində, həm də dənizin mənbələrindən istifadədə əməkdaşlıq edə bilərik. Turizm sahəsində də geniş əməkdaşlıq imkanlarımız var. Biz istəyirik ki, İran vətəndaşları Azərbaycana, Azərbaycan vətəndaşları isə İrana çox asanlıqla, rahatlıqla səfər etsinlər. Biz buna hər iki millətin, hər iki ölkənin mənafeyinə və təhlükəsizliyinə xidmət göstərən bir amil kimi yanaşırıq. Hər iki ölkənin potensialından istifadə etməliyik və bununla əlaqədar razılaşmalar əldə olunmalıdır. Sərhəd məsələlərində də əməkdaşlığı daha da genişləndirməliyik. Narkotiklərə, qaçaqmalçılığa qarşı mübarizədə əlaqələri möhkəmləndirməliyik. Biz Qarabağın bugünkü vəziyyətini bəyənmirik. Biz istəyirik ki, bu bölgədə ədalət olsun. Biz istəyirik ki, bu bölgədə sülh, sabitlik, dostluq olsun. Biz bütün ölkələr arasında dostluğun, təhlükəsizliyin, sabitliyin, ədalətin bərqərar olması üçün əlimizdən gələni etməyə, öz tərəfimizdən lazımi addımı atmağa hazırıq. Biz bunu beynəlxalq təşkilatlar çərçivəsində, hər yerdə öz vəzifəmiz hesab edirik və buna hazırıq. Biz bilirik ki, Qarabağ məsələsi siyasi yolla həll olunmalıdır. Bu, müharibə yolu ilə həll olunası məsələ deyil. Ona görə də bu istiqamətdə bütün köməyimizi göstərməyi öz vəzifəmiz hesab edirik və bunu etməyə hazırıq.

Biz Yaxın Şərqdə, Afrikanın şimalında baş verən böhranla, hadisələrlə əlaqədar müzakirələr, fikir mübadiləsi apardıq. İndi çox böyük bir böhran ətəyimizdən yapışıb. Bu, separatizm, terrorizm, radikalizmdir.

Biz istəyirik ki, bunlar bizim bölgədən kənarda olsun və bizim ölkələrdə sabitliyə, sülhə maneə yaratmasın. Biz iki prezident təkbətək görüşdə bir-birimizə bildirdik ki, heç bir kənar qüvvələrin bizim əlaqələrimizə ixtilaf salmasına və heç bir qruplaşmanın, heç bir partiyanın, heç bir ittifaqın əlaqələrimizin inkişafına xələl gətirməsinə imkan verməyək.

Bizim yolumuz dostluq, qardaşlıq, birlikdir. Biz Azərbaycanı bütün beynəlxalq təşkilatlarda, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və digər təşkilatlarda həmişə müdafiə etmişik, dəstəkləmişik. Azərbaycan da uranın sülh məqsədləri üçün zənginləşdirilməsində, nüvə məsələsində İrana dəstək verib. Biz bununla əlaqədar təşəkkürümüzü bildiririk. İnkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrin haqqı çatır ki, bu sülhməramlı proqramdan istifadə etsinlər. Onların yeni texnologiyanın əldə edilməsində, yeni texnologiyaya nail olmaqda haqları var və bundan istifadə etməlidirlər.

Biz inanırıq ki, bugünkü paslanmış silahlar, yəni, bu sanksiyalar öz rolunu oynamayacaq, öz təsirini göstərməyəcək. Bu, keçmişdə qalmış formalardır. İran ilə Azərbaycan dost ölkələrdir və dost ölkələr olaraq qalacaqlar. Bu ölkələrin, bu xalqların inkişafı üçün çalışmışıq və çalışacağıq".

Tarix
2014.11.13 / 10:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla