Ana səhifə Gündəm |
Bu gün "TEAS Press" Nəşriyyat Evinin "3 alma" uşaq ədəbiyyatı bölməsi 20-dən artıq uşaq kitabının təqdimatını keçirib.
APA-nın məlumatına görə, təqdim olunan uşaq kitabları "TEAS
Press"in peşəkar yaradıcı heyəti tərəfindən tərcümə və dizayn
edilib.
Bu kitabların nəşri zamanı bir çox janrlar və yaş qrupları üzrə
maliyyə-qavrama səviyyələri nəzərə alınıb. Kitablar Türkiyədə
Avropa standartlarına uyğun nəfis şəkildə çap edilib. Məşhur
amerikalı yazıçı və illüstrator, dünyanın ən məşhur uşaq ədəbiyyatı
müəllifi Mo Uilyamsın beş şəkilli kitabı Azərbaycan dilinə tərcümə
edilib.
M. Uilyams uşaq ədəbiyyatı ilə məşğul olmazdan əvvəl televiziya
ssenaristi və animator olub. "Doqquz il Sezam küçəsi" televiziya
layihəsində çalışıb, 6 "Emi" mükafatına layiq görülüb. O,
"Nickeladeon" və "Cartoon Network" uşaq telekanalları üçün cizgi
filmləri çəkib. "TEAS Press" M. Uilyamsı kitab təqdimatına xüsusi
qonaq kimi dəvət edib. M. Uilyams Azərbaycanın gənc yazarları,
animator və uşaq ədəbiyyatı üzrə ixtisaslaşan naşirlər üçün ustad
dərsi keçəcək.
Tədbirdə məşhur ingilis yazıçısı və illüstratoru Devid MakKinin 4
kitabı təqdim olunub. Eyni zamanda hollandiyalı yazıçı və
illüstrator Hido Van Heynektinin "Riki" və "Maks" kitabları, habelə
"TEAS Press" müəllifin "Klavus" nəşriyyatı ilə birgə dizayn etdiyi
"Rikki" oyuncaqları təqdim edilib.
"Mənim ilk klassik hekayəm" silsiləsindən uşaqlar üçün asan
oxunaqlı kitabların təqdimatı da keçirilib. "Capstone"
nəşriyyatından alınmış digər silsilə "Sevimli Sevinc" adlanır.
Nəşriyyat həmçinin yeniyetmə və orta yaşlı oxucular üçün amerikalı
yazıçı Ceff Qunhus tərəfindən yazılmış "Əcinnə ovçuları" seriyasını
təqdim edib. Yuxarı yaşlı uşaqlar üçün kitablara "Mənim ilk klassik
əsərim" silsiləsi aiddir. Bura "Green Gables malikanəsinin qızı
Anni", "Qara köhlən" və ‘Sirli bağ" əsərləri daxildir.
Tədbirdə çıxış edən "TEAS Press" Nəşriyyat Evinin "Üç alma" uşaq
ədəbiyyatı bölməsinin rəhbəri Kolin MakDonell bildirib ki,
insanlarda müsbət emosiya görən zaman nəşriyyatın nə dərəcədə
müsbət iş gördüyünə əmin olub: "Məhz "TEAS Press"in sayəsində
Azərbaycanda uşaq ədəbiyyatı ilə bağlı mütərəqqi addım atılıb. Biz
uşaqlarda qiraətə maraq yaradan kitabları seçərək tərcümə etmişik.
İnanırıq ki, bu kitablar valideynlərə evdə uşaqlara kitab oxumaq
vərdişi aşılamağa kömək edəcək. Valideynlər hər gün istisnasız
şəkildə uşaqlarına kitab oxumalıdır. Bizim də şüarımız "Gəlin
oxuyaq, gəlin paylaşaq" şüarıdır".
TEAS-ın təsisçisi və sədri Tale Heydərov isə bildirib ki, xarici
dillərdən akademik nəşrlərin Azərbaycan dilinə yüksək səviyyədə
tərcümə edilməsi nəzərdə tutulur. "Biz Azərbaycanı xaricdə təbliğ
etməyə çalışırıq. Nəşriyyat Evinin Türkiyədə filialı yaradılıb.
Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixinə dair 40 kitab ilk
dəfə türk dilinə tərcümə edilib və çapa hazırlanıb. Nəşriyyat uşaq
ədəbiyyatı sahəsində ciddi dəyişikliyə nail olmağı prioritet kimi
qəbul edib. Ümummilli lider Heydər Əliyev deyib ki, gənc nəsli necə
böyüdüb, tərbiyə edəcəyiksə, millətimizin gələcəyi bundan asılı
olacaq. Bu müqəddəs borcun həyata keçirilməsində uşaq ədəbiyyatı
xüsusi rola malikdir. Ona görə də uşaq ədəbiyyatının ən yaxşı
nümunələrinin nəşri, eyni zamanda dünya uşaq ədəbiyyatının ən yaxşı
nümunələrinin Azərbaycan dilinə tərcümə edilərək təqdim olunması
qərara alınıb. Bu baxımdan Azərbaycan nağıllarının sonluğundakı 3
alma əsas götürülərək, nəşriyyat evinin tərkibində "3 alma" uşaq
ədəbiyyatı bölməsi yaradılıb. Bu gün biz fəxrlə deyə bilərik ki,
"TEAS Press" Nəşriyyat Evinin "3 alma" uşaq ədəbiyyatı bölməsi
20-dən artıq kitabı təqdim edir".
Tərcümə edilən kitablar barədə danışan T. Heydərov qeyd edib ki, D.
MakKinin "Elmer" müasir uşaq hekayələri ən çox tanınan və sevilən
personajdır: "Bu il "Elmer"in 25 illiydir. Azərbaycanda keçirilən
tədbir bu yubileyin bir hissəsidir".
T. Heydərov nəşriyyatın dünyada ən yaxşı nümunələri nəşr edərək,
uşaqlara çatdıracağını vurğulayıb: "Biz bütün uşaq ədəbiyyatı
müəllifləri ilə əməkdaşlıq etməyə hazırıq".
Məşhur amerikalı yazıçı və illüstrator M. Uilyams isə çıxışında
Bakıya gəlməyin ən böyük arzularından biri olduğunu nəzərə
çatdırıb. Daha sonra o, yaradıcılığından söz açıb və sualları
cavablandırıb.
Tarix
2014.11.13 / 21:05
|
Müəllif
Axar.az
|