Yuxarı

Özü çətinlik çəkən Rusiya İrana 5 milyardı niyə verdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın Tehrana 5 milyard kredit ayırması Rusiyada rəğbətlə qarşılanmayacaq.

Bu sözləri Axar.az-a İranın Rusiyadan 5 milyard dollar kredit alması qərarı ilə bağlı bəzi suallara aydınlıq gətirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, ABŞ və Avropa Birliyinin sanksiyaları altında olan Rusiyanın İrana 5 milyard dollar kredit ayırması təəccüb doğurmaya bilməz:

“Əvvəla, bu gün Rusiyada ciddi maliyyə böhranı hiss edilməkdədir. Üstəlik, bu böhranının hüdudları genişlənir və əhalinin maddi rifahına təsir edir. Moskvanın belə bir vəziyyətdə rus xalqının boğazından kəsib Tehrana 5 milyard kredit verməsi Rusiyada rəğbətlə qarşılanmayacaq”.

Rusiyanın bu jesti qarşılığında İranın Avrasiya İttifaqına üzvlüyü ilə bağlı səsləndirilən fikirlərə gəlincə, politoloq belə bir addım atacağı təqdirdə İranın uduzacağını bildirib:

“Əvvəla, Avrasiya İttifaqı möhkəm və geniş iqtisadi bazası olan bir birlik deyil. Üstəlik, Rusiya bu birlikdən postsovet məkanındakı ölkələri nəzarətdə saxlamaq vasitəsi kimi istifadə edir. Avrasiya İttifaqı Avropa Birliyi kimi geniş iqtisadi əlaqələr, böyük kredit dəstəyi, azad gediş-gəliş vəd etmir və sırf Rusiyanın genişlənməklə bağlı gizli siyasi niyyətlərinə xidmət edən bir qurumdur. Bu nöqteyi-nəzərdən də İranın Avrasiya İttifaqında hansı iqtisadi xarakterli dividentlər əldə edəcəyi ciddi sual doğurur. Əgər ABŞ-ın sanksiyalarına Avropa Birliyinin kiçik bir qrupu dəstək verirdisə, zənnimcə, bu sövdələşmədən sonra AB ABŞ ətrafında daha sıx birləşəcək. Böyük ehtimalla, İranla bütün iqtisadi əlaqələr ya dondurulacaq, ya da minimuma endiriləcək. Nəticə etibarilə Avropa kimi nəhəng iqtisadi bazarı əldən verən İran daha çox itirəcək”.

Politoloqun sözlərinə görə, islam dövləti olan İranın Avrasiya İttifaqına üzvlüyü ideyası İranda da rəğbətlə qarşılanmaz:

“Çünki bu xalq İranı neytral, hər hansı hərbi, siyasi, iqtisadi bloklara qoşulmayan bir ölkə olaraq görmək istəyir. İran hökuməti bunu nə qədər təbliğ edib siyasi izahat aparsa da, xalqın böyük hissəsi belə bir addımla razılaşmayacaq. Əslində, Rusiya və İranın addımlarını dünya ölkələri də birmənalı qarşılamayacaq. Bu isə Rusiya və İran ətrafında ciddi şübhələrin yaranmasına gətirib çıxaracaq. Bütövlükdə, belə bir vəziyyət hər iki ölkənin strateji maraqlarına uyğun gəlmir”.

Politoloq buna baxmayaraq, sözügedən məsələnin daha çox Rusiyanın işinə yarayacağını qeyd edib:

“Dünyada təklənən Rusiya Yaxın Şərqdə möhkəmlənməyi və hegemon olmağı hədəfləyir. Bu məsələdə İran ona lazım olan hərbi-siyasi dəstəyi verə bilər. Düzdür, bu bölgədə İranın da hərbi-siyasi maraqları var. Ancaq İran yaxşı başa düşür ki, bu niyyətinə çata bilməyəcək və Rusiyaya dəstək vermək məsuliyyəti qarşısında qalacaq. Nəticədə İranın Rusiyadan asılılığı daha da artacaq. Ona görə də Rusiyanın kredit əməliyyatı sırf Yaxın Şərqdə, eləcə də Hind okeanı ətrafında Moskvanın geostrateji maraqlarının daha da güclənməsinə xidmət edəcək”.

Q.Hüseynli teokratik islam dövlətinin xristian ölkəsi ilə ittifaqının sona qədər uğurlu olacağını düşünmür:

“Rusiya-İran ittifaqı yaranarsa və hərbi-siyasi sahədə müəyyən addımlar atılarsa, bu, bumeranq effekti verəcək. Çünki tərəflər nəzərdə tutduqları məqsədlərinin heç birinə çatmayacaqlar, əvəzində isə dünya dövlətlərinin kəskin mənfi reaksiyası ilə üzləşəcəklər”.

Qeyd edək ki, İran parlamenti hökumətin Rusiyadan 5 milyard dollar kredit almasına icazə verilməsi haqqında qərar qəbul edib. İranın artıq məbləğin 2 milyard dollarını aldığı bildirilir.

Həmin maliyyə vəsaitinin infrastruktur layihələrə xərclənməsi nəzərdə tutulur.

Tarix
2019.02.21 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla