Azərbaycanda ibrahimi
təriqəti ilə bağlı yazdıqlarımıza reaksiyalar səngimək bilmir. Belə
ki, adıçəkilən təriqət üzvlərinin fəaliyyəti, inancı və onların
"peyğəmbəri" olan Ələsgər Musayev barəsində Axar.az-ın təqdim
etdiyi məlumatlara ibrahimilər tərəfindən kütləvi şəkildə etiraz
edilir.
Maraqlı məqam ondan ibarətdir ki, artıq bu müzakirələrə
sələfilər də qoşulub. Məlum olduğu kimi, uzun müddətdir sələfilər
və ibrahimilər arasında ciddi çəkişmələr var. Bunun alt qatında həm
də ibrahimi "peyğəmbəri"nin vaxtilə vəhhabi olmasının dayandığı
bildirilir.
Sələfilər isə Allahın sonuncu elçisinin Məhəmməd olduğunu qeyd
edir və bunu dananları kafir adlandırırlar. İbrahimilər öz
növbəsində Ə.Musayevi Allahın rəsulu kimi qəbul ediblər. Bu
kontekstdə hər iki təriqət üzvləri arasında fikir mübarizəsi
gedir.
Sələfi oxuculardan Şamil Əbu Məhəmməd nikli şəxs yazıb: "İslamın
əsas şərtlərindən birini - Məhəmmədin (salallahu aleyhi və sallam)
- sonuncu peyğəmbər olmasını inkar edən bu tayfa açıq-aydın
kafirdir".
Rasim Hacıverdiyev adlı ibrahimi isə sələfiyə cavab olaraq qeyd
edib ki, bilmədiyiniz şeyləri danışmayın: "İbrahimilər Məhəmmədi
inkar etmirlər, təriqətləri inkar edirlər".
Əmmar Məlikzadə adlı sələfi olduğu güman edilən oxucu isə yazıb
ki, Ələsgər Musayevin əsl simasını görmək istəyirsinizsə, Hacı
Qamət Süleymanovla dini mübahisəsini Yutub sosial şəbəkəsində
izləyin:
"Ələsgər dinini tez-tez dəyişən zındıq kafirdir. Heç bir rəsul
bunun məzhəbini dəyişən qədər dinini dəyişməyib. Həm də ən əsası,
heç bir rəsul ona vəhy gəlməmişdən əvvəl böyük günah sahibi
deyildi".
Yutub sosial şəbəkəsində isə Hacı Qamətlə Ələsgər Musayevin 4
hissəli dini mübahisəsi videolara yerləşdirilib. Bu videolardan
yalnız bir hissəsini oxuculara təqdim etmək mümkündür.
Xatırladaq ki, ibrahimilər
təriqətinin təməli XIX əsrin əvvəllərində Hindistanda yaşamış Əhməd
Qədyan adlı şəxs tərəfindən qoyulub. Sonralar bu təriqət
Hindistanda və Pakistanda qadiyanilik kimi tanınıb. Ehtimallara
görə, təriqətin yaranmasında İngiltərə xüsusi xidmət orqanlarının
müstəsna xidmətləri olub.