Yuxarı

Bu, barışıq yolunda maneədir - BMT-dəki nümayəndəmiz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cinayətə görə məsuliyyətin inkar edilməsi insan hüquqlarının pozulması deməkdir və möhkəm sülh və əsl barışıq yolunda birbaşa maneədir.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev mayın 23-də Təhlükəsizlik Şurasında silahlı münaqişələrdə mülki şəxslərin müdafiəsi məsələlərinə həsr olunmuş müzakirələrdə çıxışında bəyan edib.

Diplomat qeyd edib ki, bu il mülki şəxslərin müdafiəsi məsələləri ilə bağlı bir neçə mühüm ildönümü, o cümlədən beynəlxalq humanitar hüququn fundamental elementi olan 1949-cu il Cenevrə Konvensiyasının qəbul edilməsinin, Təhlükəsizlik Şurasının 1999-cu ilin fevralında bu mövzu ilə bağlı ilk açıq müzakirələr aparmasının, müzakirələrin yekunlarına görə Təhlükəsizlik Şurası sədrinin bəyanatının (S/PRS/1999/6); elə həmin il Təhlükəsizlik Şurasında silahlı münaqişələrdə mülki şəxslərin müdafiəsi haqqında 1265 nömrəli ilk qətnamənin (1999) qəbul edilməsinin; 1270 nömrəli qətnamədə (1999) BMT Nizamnaməsinin VII fəslinə müvafiq olaraq mülki şəxslərin müdafiəsi barədə aydın mandatla BMT-nin sülhməramlı əməliyyatına icazə verilməsinin ildönümü qeyd edilir.

Lakin mülki şəxslər silahlı münaqişələr zamanı adekvat olmayan müdafiənin nəticələrindən əziyyət çəkməyə davam edirlər. Y.Əliyev vurğulayıb ki, münaqişələrin əksəriyyətinin, bəlkə də hamısının şərtləndirici amili əvvəlki kimi tərəflərdə mülki əhalinin müdafiəsi ilə bağlı öz öhdəliklərinə hörmət etmək və bu öhdəliklərin icrasını təmin etmək bacarığının olmamasıdır. Konseptual sənəddə (S/2019/385) qeyd edilir ki, beynəlxalq humanitar hüquq normalarına riayət olunmasının təmin edilməsi hazırda əsas problemdir və qarşıdakı illərdə üzv dövlətlərin mühüm prioriteti olmalıdır.

Azərbaycan diplomatı bildirib ki, beynəlxalq hüquqa hörmətin artırılması üçün əsas amil cinayətə görə məsuliyyətin təmin edilməsi zərurətidir. Sülh səylərinin qanunsuz güc tətbiqinin, habelə hərbi cinayətlər, bəşəriyyət əleyhinə cinayətlər, etnik təmizləmə və soyqırımı kimi digər qatı cinayətlərin yaranacağı vəziyyətlərə heç bir vəchlə təşviq etməməsi, belə vəziyyətləri qəbul etməməsi və onlara yol verməməsi son dərəcə əhəmiyyətlidir.

Azərbaycan silahlı münaqişə nəticəsində zorla yerdəyişmə probleminə xüsusi diqqət yetirilməsi siyasətini dəstəkləyir. Belə yerdəyişmənin qarşısının alınmasına, ona reaksiya verilməsinə və bu problemin, məsələn, qaçqınların və məcburi köçkünlərin öz evlərinə layiqli şəkildə qaytarılması yolu ilə həllinə dair səyləri fəallaşdırmaq lazımdır.

Təxirəsalınmaz addımlar atılmasını tələb edən mühüm problemlər arasında silahlı münaqişələr nəticəsində girov götürülmüş və itkin düşmüş mülki şəxslərin problemi qeyd olunmalıdır. Y.Əliyev deyib: “Biz bu problem haqqında məlumatlılığın beynəlxalq səviyyədə artırılmasının və rəhbər qaydalar sistemi əsasında daha da təkmilləşdiriməsinin, o cümlədən BMT Baş Assambleyanın və Qadınların Vəziyyəti üzrə Komissiyanın əsas müəllifinin Azərbaycan olduğu müvafiq qətnamələri vasitəsilə təkmilləşdirilməsi üzrə ardıcıl səylərimizi davam etdiririk”.

Y.Əliyev bildirib ki, iclasda müzakirə olunan məsələ Təhlükəsizlik Şurası, bütün beynəlxalq birlik, o cümlədən Azərbaycan üçün birinci dərəcəli əhəmiyyət daşıyır. Ötən əsrin 1980-ci illərinin sonunda təqribən 250 000 azərbaycanlının Ermənistandakı öz dədə-baba yurdundan zorla deportasiya olunması qətlərlə, insanların issiz-soraqsız yoxa çıxması, onların əmlakının məhv edilməsi və talanlarla müşayiət olunub. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində Azərbaycana qarşı başlanan irimiqyaslı müharibə nəticəsində on minlərlə insan həlak olub, mülki infrastruktur, mülkiyyət və dolanışıq vasitələri əsaslı şəkildə məhv edilib.

Azərbaycan ərazisinin xeyli hissəsi, o cümlədən Dağlıq Qarabağ regionu, ətraf yeddi rayon və bəzi eksklavlar Ermənistan tərəfindən işğal olunub və beynəlxalq hüququn pozulmasına və BMT-nin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 1993-ci il tarixli 822, 853, 874 və 884 nömrəli qətnamələrinə baxmayaraq, bu işğal hələ də davam edir.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi bildirib ki, işğal edilmiş ərazilərdə Ermənistan qoşunları tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb. Nəticədə Azərbaycanda qaçqınların və məcburi köçkünlərin payı dünyada ən yüksək göstəricilərdən biridir. Bu fakt BMT Baş katibinin məcburi köçkünlərin problemləri ilə məşğul olan nümayəndələrinin bəyanatında da təsdiq edilib.

Bundan əlavə, Ermənistan tərəfi məcburi köçkünlərin öz evlərinə qayıtmasına, onların əmlakının qaytarılmasına yol verməmək üçün məqsədyönlü addımlar atır. Bu məqsədlə işğal edilmiş ərazilərdə mühacirlər yerləşdirilir, infrastruktur dəyişdirilir, tarixi və mədəni irs təhqir edilir. Bu hərəkətlər öz dədə-baba yurdlarından qovulmuş yüz minlərlə insanın hüquq və azadlıqlarını pozur, regionda sülhə, təhlükəsizliyə və sabitliyə təhlükə törədir.

Y.Əliyev bildirib ki, 2019-cu il mayın 1-nə olan vəziyyətə görə Azərbaycanın 3888 vətəndaşı münaqişə nəticəsində itkin düşmüş kimi qeydə alınıb. Onların 718-i, o cümlədən 71 uşaq, 266 qadın və 326 ahıl mülki şəxsdir. BMT-nin Baş katibi öz məruzəsində bildirib ki, münaqişə tərəfləri itkin düşmüş şəxslərlə bağlı məsələlərdə beynəlxalq humanitar hüquqa hörmətlə yanaşmalı, məsələn, itkin düşmüş şəxslərin uçotu üçün bütün mümkün tədbirləri görməlidirlər (S/2019/372, bənd 45).

Y.Əliyev deyib ki, Təhlükəsizlik Şurası silahlı münaqişələrdən zərər çəkmiş mülki şəxslərin müdafiəsinə daim xüsusi diqqət yetirməli, silahlı münaqişənin bütün tərəflərinin beynəlxalq humanitar hüquq sahəsində öz öhdəliklərini tam yerinə yetirmələri üçün öz tələbini daim atəkrarlamalıdır. Bu, son dərəcə vacibdir.

Tarix
2019.05.24 / 21:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla