Yuxarı

Asiyada mühüm platforma: Bakı üçün geosiyasi əhəmiyyəti...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistanın paytaxtı Düşənbə şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilib.

Toplantıda regionun daha təhlükəsiz və daha yüksək inkişaf etmiş hala gəlməsinin yolları müzakirə edilib. Bunun fonunda hazırda mövcud olan müxtəlif xarakterli təhlükələrə, risklərə, təhdidlərə nəzər salınıb. Zirvə toplantısında iştirak edən dövlət və hökumət başçıları fikirlərini bəyan ediblər. Azərbaycanı Baş Nazir Novruz Məmmədov təmsil edib. Novruz Məmmədov çıxışında Asiya üçün aktual olan bir sıra məqamlara toxunub, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli zərurətini bir daha diqqətə çatdırıb. Bütövlükdə toplantıda maraqlı analizlər aparılıb, proqnostik fikirlər irəli sürülüb. Onların vahid geosiyasi bucaq altında geniş təhlilinə ehtiyac duyuruq.

Aktual məsələlər: qarşılıqlı fəaliyyət və etimadın müxtəlif aspektləri

Dünyanın geosiyasi ağırlıq mərkəzinin Yaxın Şərqdən Mərkəzi və Cənub-Şərqi Asiya bölgəsinə tərəf dəyişdiyi bir mərhələdə Asiya qitəsində təhlükəsizlik, əməkdaşlıq və qarşılıqlı etimad mexanizmlərinin səmərəli fəaliyyəti aktual məsələ kimi qarşıda dayanır. Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə 1992-ci ildə yaradılmış Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) bu istiqamətdə konkret işlər gördüyü etiraf edilir. Həmin səbəbdən forumun növbəti Zirvə toplantısına da maraq az deyildi. Ekspertlər üçün hazırkı mərhələdə qlobal miqyasda müşahidə edilən proseslərin prizmasından Asiya qitəsində ümumi mənzərənin analizi və qiymətləndirilməsi də aktual görünürdü.

Tədbirdə Türkiyə, Rusiya, Çin, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan dövlət başçılarının təmsil olunması da maraq doğururdu. Azərbaycanı Baş Nazir Novruz Məmmədov təmsil edirdi. Gözlənildiyi kimi, Zirvə toplantısında bütövlükdə Asiya qitəsi üçün aktual olan məsələlərlə bağlı fikirlər səsləndirilib. "Daha çiçəklənən və təhlükəsiz region" mövzusunda keçirilən tədbirdə dünyanın 27 ölkəsinin dövlət və hökumət başçıları, yüksək vəzifəli nümayəndələri, həmçinin beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak ediblər.

Tacikistan Prezidenti Emoməli Rəhmon terrorizm və ekstremizmin regionda təhlükəsizliyə əsas təhdid olduğundan bəhs edib. O deyib ki, bu təhdidlər region ölkələri arasında əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir. Bununla yanaşı, regionda ümumi maraqların təmin edilməsi naminə nəqliyyat infrastrukturu layihələrinin genişləndirilməsinin böyük önəm daşıdığı qeyd edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Asiya üçün önəmi olan geosiyasi problemləri vurğulayıb. O cümlədən ticarət müharibələrinin yarada biləcəyi təhdidlərə toxunub. Ayrıca, Türkiyənin qarşısına çıxarılan süni problemlərin aradan qaldırılması imkanlarını xatırladıb. Asiyada qarşılıqlı etimad və əməkdaşlığın qlobal geosiyasi proseslərə də müsbət təsir edəcəyi vurğulanıb.

Azərbaycanın Baş Naziri Novruz Məmmədov dərin məzmunlu nitqində Asiya qitəsi üçün aktual problemlərdən bəhs edib. Həmin kontekstdə Novruz Məmmədov vurğulayıb: "Şübhəsizdir ki, silahlı münaqişələr, terrorizm, irqçilik, radikalizm, dözümsüzlük və kiber təhlükələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi risklər doğurur. Beynəlxalq və regional təhlükəsizlik bir-biri ilə sıx bağlıdır. Dünyanın bir bölgəsində sülh və sabitliyin pozulması digər regionlarda da təhlükəsizlik üçün təhdidlər yaradır". Bu təhdidlərin fonunda AQEM-in Asiya qitəsində sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi prosesində üzərinə daha böyük məsuliyyət düşdüyünü Baş Nazir xüsusi qeyd edib. İlk növbədə, bu təşkilat real dialoq və əməkdaşlıq platforması kimi aktuallıq kəsb edir.

Burada Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasətin nəzərə alınması son dərəcə vacibdir. BMT və digər beynəlxalq təşkilatlarla yanaşı, "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlərinə dair Müşavirə çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini dəstəkləyən bəyanat və qərarlar qəbul olunub. Münaqişə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Helsinki Yekun Aktına əsasən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir".

Münaqişələrin həlli: sabitliyə aparan yol

Azərbaycanın Baş Naziri tamamilə haqlıdır. Çünki Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan nə regional, nə də qlobal təhlükəsizlikdən danışmaq mümkün deyildir. Eyni zamanda, Asiyada heç bir qarşılıqlı etimada və əməkdaşlığa nail olmaq imkanı yoxdur. Bu səbəbdən həmin münaqişənin həllində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlərinə dair Müşavirə də maraqlı olmalıdır.

Novruz Məmmədov nitqində Azərbaycanın Asiyada və Avropada təhlükəsizliyin təmininə və əməkdaşlığın inkişafına verdiyi töhfələr üzərində xüsusi dayanıb. Həmin bağlılıqda Baş Nazir ifadə edib: "Biz nəqliyyat infrastrukturuna – dəniz limanları, dəmir yolları, hava limanları və magistral yollara böyük sərmayə yatırmaqla əlverişli coğrafi mövqeyimizi real nəqliyyat imkanlarına çevirmişik. Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi vacib tranzit ölkəyə çevrilib. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya və Avropa arasında vacib logistik bağlantıdır. Bütün bunlar həm də beynəlxalq əməkdaşlıq formatını yaradır, xalqları və ölkələri bir-birinə bağlayır, sülh və sabitliyə xidmət edir".

Şübhə yoxdur ki, Azərbaycanın hərtərəfli və dinamik inkişaf yolu ilə irəliləyən müasir dövlət olması həm Cənubi Qafqaz, həm də Asiya qitəsi üçün yeni imkanlar yaradır. Onun maraqlarının qorunması sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlığın qorunması deməkdir.

Digər çıxışçıların məntiqi yanaşması Azərbaycanın Baş Nazirinin yanaşması ilə tam üst-üstə düşüb. Məsələn, Çin Xalq Respublikasının Sədri Si Cinpin Asiya regionunda sülhün və təhlükəsizliyin təmin edilməsinin vacibliyini xüsusi vurğulayıb. Bunun üçün bütün sahələrdə əməkdaşlıq inkişaf etdirilməlidir. Tolerantlığın qorunması da son dərəcə əhəmiyyətli məsələdir. Bununla yanaşı, Si Cinpin də Asiyada əməkdaşlığın inkişafına maneə yaradan təhdidlərin mövcudluğu üzərində dayanıb. Bu təhdidlər haradan olursa-olsun, onların qarşısının alınması zəruriliyi vurğulanıb.

Rusiya Prezidenti Vladimir Putin də terrorçuluğa qarşı mübarizənin əhəmiyyətini qeyd edib. Ayrıca, indi ekstremist qrupların Əfqanıstanda məskunlaşmağa başladığını ifadə edib. Bu da Asiya üçün yeni təhlükələr yaradır. Suriya məsələsinin də həmin kontekstdə kifayət qədər aktual təsir bağışladığını deyən Rusiyanın dövlət başçısı, bu kimi hallara qarşı birgə fəaliyyətin vacibliyini vurğulayıb. Təbii ki, bu fikirlərin fonunda Cənubi Qafqazda erməni terroruna qarşı mübarizənin yeni səviyyəyə yüksəldilməsi də aktual vəzifə kimi görünür.

Bu fikirlərin davamı olaraq İran Prezidenti Həsən Ruhaninin Yaxın Şərqin dünyanın ən kriminal regionuna çevrilməsini vurğulaması məntiqidir. O cümlədən Suriya böhranının aradan qaldırılması olduqca mühüm məsələdir. Bununla yanaşı, İran ilə Qərb dövlətləri arasında imzalanmış nüvə sazişi ətrafında gərginliyin regiona ciddi təhlükələr yaratdığını anlamaq gərəkdir. ABŞ-ın nüvə sazişindən çıxması İslam Respublikasını həmin sahədə fəaliyyətini davam etdirməyə məcbur edə bilər. Deməli, həmin məsələ də Asiya üçün aktual olan problemlərdən biri olaraq qalmaqdadır.

Beləliklə, dünya əhalisinin üçdə ikisinin, təxminən 4 milyarda yaxın insanın yaşadığı Asiya qitəsində sülh, barış, əməkdaşlıq, qarşılıqlı etimad və təhlükəsizlik məsələləri birbaşa və ya dolayısı ilə qlobal geosiyasi dinamika ilə sıx bağlıdır. Bu səbəbdən qitədə həmin istiqamətlərdə real, səmimi və təsirli addımlar atılmalıdır. Bundan sonra da terrorun, ekstremizmin Asiyadakı dağıdıcı rolunu dəstəkləyən dairələr sakit dayanmayacaqlar. Lakin AQEM-ə daxil olan ölkələrin birgə səyi ilə onları neytrallaşdırmaq mümkündür. Çünki bu təşkilata Türkiyə, Çin, Rusiya, İran, Qazaxıstan kimi böyük dövlətlər üzvdürlər. Onlarla yanaşı, regional lider olan Azərbaycan da kifayət qədər fəal dövlətdir. Bütün səyləri birləşdirib, kənardan olan destruktiv təsirlərin qarşısını almaq olar.

Ancaq həmin məqsədə çatmaq üçün terrorizmə, ekstremizmə, narkoticarətə və s. neqativ hallara qarşı birmənalı və hərtərəfli kriteriyalarla yanaşmaq lazımdır. Azərbaycan həmişə məhz bu mövqedən çıxış edib.

Nyustayms

Tarix
2019.06.21 / 19:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla