Yuxarı

S-400 böhranı: Türkiyə NATO-dan ayrılacaqmı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən həftə Türkiyəyə S-400-lərin gətirilməsi prosesi başladı. Qərblə, daha dəqiq desək, ABŞ-la illərdir müzakirə mövzusu olan S-400-lərin Ankaraya gəlişindən sonra gərginlik yeni mərhələyə qədəm qoydu. ABŞ-ı narazı salan əsas məqam Ankaranın NATO üzvü kimi Rusiya silahı alması və bununla beşinci nəsil təyyarə hesab olunan F-35 layihəsini təhlükə altına qoymasıdır. Vaşinqtonun fikrincə, bu sistemlər F-35-lərlə bağlı məlumatların gələcəkdə Rusiyanın əlinə düşməsinə imkan yaradacaq. Ankara isə bununla razılaşmır, F-35-lərin gözəgörünməz imkanının olması iddiasının S-400-lər vasitəsilə yox olacağı qorxusuna sahib olduğu fikrini təbliğat hesab edir.

S-400-lər nəyə və niyə lazım idi?

Əslində Türkiyənin S-400-ləri alması ilə bağlı səsləndirdiyi iddialara haqq qazandırmaq olar. Həqiqətən 57 il NATO üzvü olan dövlətin hava hücumundan müdafiəsi zəmanət altına alınmamış, ölkənin müasir dövrdə yaranacaq təhdidlərə qarşı müdafiəsi yetərli səviyyəyə çatdırılmamışdı. Bununla belə Türkiyənin hava məkanında olan boşluqlar NATO tərəfindən 57 il ərzində olduğu kimi, indi də tam doldurulurdu. Maraqlı məqam odur ki, Suriyada vətəndaş müharibəsinin ən qızğın zamanlarında hava hücumundan müdafiədə boşluqların olduğunu dilə gətirən Ankaraya o zaman əsas yardım da məntiqə uyğun olaraq məhz NATO tərəfindən verilmiş, ölkəyə “Patriot” sistemləri göndərilmişdi. Bilinən odur ki, məhz bu sistemlər bütün savaş boyunca ölkənin hava məkanının təhlükəsizliyini tam təmin edə bilib.

Digər tərəfdən, Türkiyənin ona düşmən ola biləcək yaxın qonşularının əvvəlki illərə nisbətdə çox zəif olduqlarını nəzərə aldıqda, o zaman Ankaranın belə müdafiə sistemlərinə ehtiyacı müəyyən qədər azalmış olur. Bununla belə bütün bu amillər Türkiyənin hava hücumundan müdafiə sistemləri almamasına səbəb ola bilməz. Hər bir halda ölkə özünü bütün risklərə qarşı zəmanət altına almaq istəyir və bunun üçün addımlar atır, amma məsələ bu addımların niyə Moskva yönündə atılması idi.

Ərdoğanın və Türkiyə hakimiyyətinin bütün nümayəndələrinin ABŞ-ın onlara qarşı qərəzli mövqedə dayanması ilə bağlı səsləndirdiyi ifadələrdə həqiqət payı yüksəkdir. Lakin bu heç bir halda yaranan situasiyada Türkiyənin ABŞ-la münasibətlərini gərginləşdirməsinə yol açmamalı idi.

Kimin nə iddia etməsindən asılı olmayaraq, bilinən Türkiyənin hələ də NATO üzvü olması və regional liderliklə bağlı iddialarında məhz bu faktorun da böyük pay sahibi olmasıdır. Digər tərəfdən, Türkiyənin hazırkı dönəmdə iqtisadiyyatında silkənlənmələr müşahidə olunur ki, bu silkələnmələrin şiddətlənmə ehtimalı S-400-lərin gəlişindən sonra həddən artıq yüksəkdir.

S-400 – Sanksiya səbəbi

Son üç il ərzində Türkiyədən kapital axını ən yüksək səviyyəyə çatıb. Məsələ odur ki, ölkəni təkcə xarici kapital yox, həmçinin yerli iş adamları da tərk edir. Bu da iqtisadiyyat üçün problemlər formalaşdırır. Yaxın perspektivdə ölkənin milli valyutasının dəyər itirməsi məsələsi də var ki, S-400-lərin gəlişiylə bunun reallaşma ehtimalı artır.

Keçmişə nəzər salsaq, ABŞ-la Türkiyə arasında gərginliyin lirənin dəyər itirməsinə səbəb olmasıyla bağlı yetərli qədər fakt göstərə bilərik. Buna əsas sübutlardan biri isə rahib Branson olayıdır. Belə ki, Trampın bu konflikt zamanı Türkiyəyə sanksiya tətbiq edəcəkləri ilə bağlı bir tviti lirənin kursunu alt-üst etmişdi.

İndi də ABŞ-Türkiyə münasibətləri gərgindir və ABŞ Türkiyəni sanksiyalarla hədələyir. Hazırda əsas sual ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edib-etməyəcəyidir. Böyük ehtimalla ABŞ sanksiyalara izn verəcək. Hətta Tramp bundan imtina etsə belə, Senat və Nümayəndələr Palatası sanksiyaların tətbiqinə nail olacaq. Önəmli olan isə bu sanksiyaların nə tərzdə olacağıdır.

Bütün hallarda sanksiyaların Türkiyə iqtisadiyyatına neqativ təsir göstərəcəyi açıqdır. Heç nə olmasa belə, ABŞ-ın Ankaraya hansısa təhdidi biznes cameəsində Türkiyə ilə bağlı qorxu yaradacaq ki, bu da ölkəyə investisiya axını və ölkədən kapital axını məsələlərinə mühüm təsir göstərəcək.

S-400 Türkiyəni NATO-dan qoparacaqmı?

Ankara hazırda bütün vasitələrlə ABŞ-ı özündən uzaqlaşdırmamağa çalışır və müxtəlif vasitələrlə yaranan problemi həll etməyə çalışır. Hətta ABŞ sanksiya tətbiq etsə belə, Ankara ABŞ-la əlaqələrini normallaşdırmağa cəhd göstərəcək. Məsələ odur ki, Ərdoğan hökuməti ABŞ-ın Türkiyədə nə dərəcədə böyük təsirə malik olduğunu çox gözəl bilir. Ərdoğan öz hakimiyyətinin bundan zərər görməsini istəmir.

Onu da nəzərə alaq ki, Türkiyə cəmiyyətində hər zaman qəribə ABŞ düşmənçiliyi anlayışı mövcud olub. Əgər 20 il öncə aparılan sorğulara nəzər salsaq, Türkiyədə əhalinin böyük əksəriyyətinin ABŞ-a güvənmədiyi və özünə təhdid saydığını görmək olar. Son aparılan sorğular (2019-cu il Kadir Has Universitetinin sorğusu) həm də onu nümayiş etdirdi ki, cəmiyyətin bu fikrində qəti dəyişiklik olmayıb. Bununla belə, ictimaiyyət nə qədər ABŞ-a güvənməsə də, ondan yan qaçmanın da doğru olmadığını düşünür.

Ölkə mətbuatında NATO əleyhinə kifayət qədər çoxlu yazıların olmasına rəğmən həm ölkə əhalisi (70%), həm də hakimiyyət hər bir halda NATO-dan uzaqlaşmağa qarşı çıxır. Rusiyanın müxtəlif təsir agentlərinin və mətbuatının, eləcə də Qərb mətbuatının bəzi nümayəndələrinin Ankaranın NATO-dan ayrılacağı ilə bağlı səsləndirdiyi bütün fikirlərə rəğmən bilinən odur ki, Ankara NATO-nu heç vaxt tərk etməyəcək. Ankara NATO-suz təklənəcəyini və yarana biləcək çağırışlara cavab vermək imkanlarının məhdudlaşacağını bilir. Ona görə də Ankaranın indiki şərtlər daxilində alyansdan uzaqlaşmaq kimi qəti qərarlar verməsi ehtimalı sıfıra bərabərdir.

S-400-lər harada yerləşdiriləcək?

Bundan sonrakı dönəmdə Ankara üçün yaranacaq başqa əsas problem isə S-400-lərin harada yerləşdiriləcəyidir. Belə ki, Ankara hələ də bu sistemləri harada yerləşdirəcəyini açıqlamır. Mətbuatda yayılan fikirlərə əsasən, sistemlərin Aralıq dənizi, daha dəqiq desək, Kipr istiqamətində yerləşdirilməsi nəzərdə tutulub. Kipr ətrafında karbohidrogen yataqlarının axtarışının sürətlənməsi Ankaranın təkcə Kiprlə yox, həm də Yunanıstan, İsrail və hətta Avropa Birliyi ilə də münasibətlərini gərginləşdirib.

Ancaq Ankara bu sistemləri burada yerləşdirmək istəsə, növbəti problemlərlə üzləşəcək. Belə ki, Rusiya artıq sistemlərin Aralıq dənizi, özəlliklə də Kipr istiqamətində yerləşdirilməsinə qarşı olduğunu açıqlayıb. Yunanların ruslarla tarixi yaxınlığı nəzərə alınarsa, Moskvanın bu fikirdən qarşılıqsız imtina etməsi inandırıcı görünmür.

Ankara sistemlərini həmçinin Suriya və ya şimal sərhədləri boyunca da yerləşdirə bilməz. Belə ki, hər iki halda Ankaraya təhdid əsasən rus silahlarından gəlir ki, onu da S-400-lərlə zərərsizləşdirmək ehtimalı məntiqsiz addım olardı. Qərb və şərq sərhədlərinə gəlincə isə birinci halda Ankara NATO ilə, ikinci halda isə İranla üz-üzə qalmalı olacaq. Onlardan hansı ilə düşmən olmağı seçməyə gəlincə indiki halda Ərdoğana bu seçimlərdən heç biri sərf etmir.

S-400-lər daxili siyasətdə

S-400-lərin ölkəyə gətirilməsi Ərdoğan hökuməti üçün daxili siyasətdə uğur da sayıla bilər. Belə ki, bunun sayəsində hökumətə yaxın media orqanlarının Ərdoğanın təbliğatı üçün imkan yaranır ki, bundan da AKP bacardığı qədər yararlanmağa çalışacaq. AKP-nin son bələdiyyə seçkisindəki uğursuzluğu bununla müəyyən qədər kompensasiya ediləcək. Bu yol seçiləcəyi təqdirdə S-400-ün gətirəcəyi dividentlər müvəqqəti xarakter daşıya bilər. Belə ki, sanksiya tətbiqi nəticəsində ölkədə iqtisadi və sosial şərait pisləşərsə, bu, AKP-nin mövqelərində daha böyük itkilərə səbəb ola bilər.

Nəticə

Hər bir halda S-400-ün gəlişiylə Türkiyə üçün elə də asan olmayan dövr başlayır. Ölkə üçün risklər artır, Ankaranın manevr imkanları yaranan şəraitlə əlaqədar azalır. Bununla belə, yaranan şəraitində Türkiyənin yaxın gələcəkdə hansısa formada təmsil olunduğu alyansdan imtinasına gətirib çıxaracağı və buna alternativ olaraq Rusiyanı seçəcəyi inandırıcı görünmür. İki ölkənin də imperiya keçmişi olduğunu və liderlik üçün iddia etdikləri zonalara nəzər salsaq, bu, onların əvvəl-axır qarşı-qarşıya gəlməsi ehtimalını yüksəldir. Görünən odur ki, hələlik iki ölkə arasında yaranan xoş münasibətlər, müttəfiqlik situativ xarakter daşıyır.

Tarix
2019.07.15 / 14:40
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezident onu nazir müavini təyin etdi

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla