Azərbaycan regionun enerji sektorunun sabitliyinin təmin
edilməsində iştirak edəcək, həmçinin Gürcüstan və Türkiyə ilə
əməkdaşlıq edəcək.
Bunu energetika naziri Natiq Əliyev Gürcüstan və Türkiyəni
birləşdirən elektrikötürücü xəttin (EÖX) açılışında deyib.
Nazirliyin yaydığı məlumata görə, N.Əliyevin başçılıq etdiyi
nümayəndə heyəti dekabrın 11-də Gürcüstanda "Qara dəniz ötürücü
şəbəkəsi" layihəsi çərçivəsində "Axaltsixe" elekrtrik
yarımstansiyasının və yüksək gərginlikli EÖX-ün açılış mərasimində
iştirak edib.
550/400/220 kilovoltluq yarımstansiya və 400 kilovoltluq
elektrikötürücü xəttin açılışında iştirak etmiş nümayəndə heyətinin
tərkibinə "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev,
Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseynov və digər rəsmi
şəxslər daxildir.
Mərasimdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Türkiyənin
energetika və təbii ehtiyatlar naziri Taner Yıldız, Gürcüstanın
energetika naziri Kaxa Kaladze, Avropa İttifaqının nümayəndələri və
digər yüksək vəzifəli rəsmi şəxslər iştirak ediblər.
N.Əliyev bildirib: "Uzun illərdir ki, əməkdaşlıq edirik və bu
əməkdaşlıq ildən-ilə möhkəmlənir. Biz xalqlarımızın rifahının
yaxşılaşmasına yönəldilmiş və regionun iqtisadi inkişafına yardım
edən bu cür əməkdaşlıqda iştirak etməyə şadıq".
Qeyd edək ki, "Qara dəniz ötürücü şəbəkəsi" layihəsi
Azərbaycan-Gürcüstan-Türkiyə eneji körpüsünün yaradılması
layihəsinin bir hissəsidir. Bu enerji körpüsü Azərbaycandan
Gürcüstan və Türkiyəyə, sonra isə Avropaya elektrik enerjisi ixrac
etməyə imkan verəcək. (Trend)