Yuxarı

Paşinyanın bəyanatları: Ermənistan yeni fəlakətli yolda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndinin mərkəzi meydanındakı mitinqdə səsləndirdiyi fikirlərin şərhinə daha çox yer verir. Erməni ekspertlər N.Paşinyanı qeyri-ciddi siyasətçi kimi xarakterizə edirlər. Onlar yazırlar ki, erməni hökumətinin başçısı heç bir real analizə əsaslanmadan populist fikirlər söyləyib. Bunda məqsəd nədən ibarətdir? Bu suala cavab olaraq, ekspertlər hər şeydən öncə, N.Paşinyanın öz imicini və siyasi nüfuzunu xilas etməyə çalışdığını qeyd edirlər. Hakimiyyətə gəlişinin artıq ilyarımlıq dövrü tamam olur. Ancaq ortada real heç bir dəyişiklik yoxdur. İnqilabdan bəhs edən baş nazir bundan o tərəfə gedə bilmir. O, ancaq danışır. Digər tərəfdən, xarici havadarları N.Paşinyandan konkret addımlar gözləyirlər. Lakin onlar da heç bir real addım görmürlər. Bütün bunların fonunda N.Paşinyanın cəfəng, reallığa qətiyyən uyğun olmayan Xankəndi çıxışının üzərində geosiyasi aspektdə geniş dayanmağa ehtiyac vardır.

Boş vədlər: Paşinyan vəziyyətdən çıxmağa çalışır

Maraqlıdır ki, N.Paşinyanın Xankəndidəki çıxışında ifadə etdiyi fikirləri erməni ekspertləri fantaziya və xülya kimi təqdim etməkdədirlər. Orada Ermənistanın baş naziri ölkənin 2050-ci ilə qədər strategiyasından danışmağa çalışıb. Beş istiqamət üzrə inkişafdan bəhs edib. Əhalinin sayını 5 milyona çatdırmaq, ümumdaxili məhsulu 15 dəfə artırmaq, büdcəsi 10 milyard dollar olacaq ən azı beş texnoloji şirkət yaratmaq, Ermənistan ordusunu dünyanın ən güclü 20 ordusu sırasına qatmaq, 1,5 milyon yeni iş yeri açmaq, səhiyyənin maliyyəsini 20 dəfə artırmaq və s. kimi tezislər irəli sürüb.

Ermənistan ekspertləri N.Paşinyanla bir məqamda həmrəydirlər: onlar da hesab edirlər ki, dövləti inkişaf etdirmək üçün strateji planlar qurmaq gərəkdir. Hətta erməni siyasi düşüncəsində 2050-ci ildə forpost dövlətin hər hansı nəticələr əldə edə biləcəyinə dair müəyyən təsəvvürlər də ola bilər. Ancaq bir siyasətçi üçün başqa şərtlərin də ödənməsi vacibdir. Belə ki, baş nazir strateji plandan ancaq konkret faktlar, proqramlar əsasında, atılacaq addımları dəqiq ifadə etməklə danışa bilər. Belə olmadıqda, onun yalnız fantaziya qurmasından danışmaq mümkündür.

Bu baxımdan N.Paşinyanın yuxarıda ifadə etdiyimiz strateji hədəfləri faktsız, proqramsız və əsassız fantaziyadan başqa bir şey deyildir. Bunu da erməni ekspertlər ifadə edirlər. Məsələn, kolumnist Sergey Bablumyan bu barədə açıq yazır (bax: Реальные цели или миражи: почему в амбициозный проект Пашиняна верится в с трудом / Armeniasputnik.am, 8 avqust 2019).

Ekspertlər birmənalı olaraq N.Paşinyanın fikirlərini populizm adlandırırlar. Məsələnin iki tərəfinin olduğunu demək lazımdır. Birincisi ondan ibarətdir ki, N.Paşinyan verdiyi vədlərin heç birini yerinə yetirmədiyindən, özünə haqq qazandırmağa çalışır. Artıq ilyarımdan çoxdur ki, o, hakimiyyətdədir, lakin ortada heç bir real nəticə yoxdur. Ermənistan iqtisadiyyatı bərbad vəziyyətdə qalmaqdadır. Real proqramlar yox dərəcəsindədir. Ölkədən insanlar getməkdədirlər. Əhalinin sayı getdikcə azalır. Daxili siyasətdə müsbət dəyişiklik yoxdur. Bu istiqamətdə daha çox siyasi rəqiblərin ləkələnməsi prosesi özünü göstərir.

Vətəndaşlar görürlər ki, N.Paşinyan küçədə dediklərindən uzağa gedə bilmir. Sosial-mədəni sferada konkret heç bir addım atılmır. Belə bir şərtlər daxilində Ermənistan dövlət olaraq necə inkişaf edə bilər? Məsələn, S.Bablumyan sual edir ki, erməni qadınlar uşaq dünyaya gətirə biləcəkmi? Onların həyat tərzi buna imkan vermir. Nə ailə həyatı, nə də sosial təminat Ermənistanda artımın olması üçün ümidverici heç nə demir. Hakimiyyət hələlik bu istiqamətdə konkret heç bir proqram həyata keçirməyib. Real fakt ondan ibarətdir ki, Ermənistanı qısa bir müddətdə 8 mindən çox adam tərk edib. Bu proses erməni ailəsinin reproduktivlik potensialının yüksəlməyəcəyinə dəlalət edir.

İqtisadiyyatda vəziyyət bundan heç də yaxşı deyil. İqtisadi sahədə real islahat aparılmır. Korrupsiya ilə mübarizə nəticəsizdir. Cəmiyyətdə bu prosesin həqiqi mənada aparıldığına inam yoxdur. Ölkə əvvəlki kimi korrupsioner oliqarxik sistem tərəfindən idarə edilir. Bunun fonunda ekspertlər N.Paşinyanın kadr siyasətini kəskin tənqid edirlər. Onlar yazırlar ki, baş nazirin komandasında idarəetmənin ikinci və üçüncü eşelonunda işləmiş adamlar indi aparıcı yer tuturlar. Bu kadrlar müasir dövləti sürətlə inkişaf etdirmək potensialına malik deyillər. Çünki küçədə qışqırmaq insanın intellektual imkanlarını artırmır. N.Paşinyanın hansı kadrı ciddi dəyişikliyə apara biləcək plan və ya proqram təklif edib? Ekspertlər belə bir kadrı görmürlər. Onların hamısı liderləri kimi yalnız populist və pafoslu fikirlər irəli sürürlər.

Fantaziya və siyasi reallıq: Ermənistan hakimiyyətinin növbəti xülyası

Bütün bunların əsasında belə nəticəyə gəlirlər ki, 2050-ci ilə ən azı 5 yeni texnologiyalı şirkətin yaradılması da fantaziyadır. Çünki Ermənistanda nə təhsil, nə də səhiyyə bu məqsədə çatmağa imkan verə biləcək kadr potensialını yetişdirmək iqtidarında deyil. Ümumdaxili məhsulun 15 dəfə artması dəqiq konsepsiya əsasında konkret proqramların yerinə yetirilməsini tələb edir. Bunun reallaşa biləcəyini təsdiq edən faktlar isə gözə dəymir. Deməli, N.Paşinyan havadan danışır və ya yuxuda gördüklərini ermənilərə nəql edir.

Məsələnin ikinci tərəfi də çox maraqlıdır. Ekspertlər hesab edirlər ki, N.Paşinyan bu üsulla hakimiyyəti itirə bilər. Çünki yüksək pafosla verilən vədlər yerinə yetirilmədikdə əhali bunun səbəbini soruşa bilər. Məsələn, cəmi bir neçə ildən sonra əhalinin artımında hiss olunacaq dəyişiklik olmadıqda insanlar N.Paşinyana sual verə bilərlər. Və yaxud təhsil və səhiyyə sistemində real islahatlar olmadıqda, yeni texnoloji şirkətləri hansı potensialla yarada biləcəkləri haqqında sual edə bilərlər.

Kənardan işçi dəvət etməklə cəmiyyətdə dayanıqlı və uzunmüddətli tərəqqiyə nail olmaq mümkün deyildir. Ermənistan ordusunun inkişafı ilə bağlı da nailiyyət olmadıqda, Nikolun yaxasından yapışacaqlar. Digər riskləri də nəzərə aldıqda, N.Paşinyanın Xankəndidə verdiyi vədlərə görə peşman olacağı ilə bağlı proqnozlar verilir.

Bunlardan maraqlı nəticələr alınır. Ekspertlərə görə, N.Paşinyanın strateji vədləri hələlik yalnız siyasi mühitdə böhrana start verib. Ermənistanın siyasi, ekspert dairələri şübhə ilə yanaşır, sadə insanlar isə çaşqınlıq içindədirlər. Xüsusilə baş nazirin "bizə qeyri-real düşünən insanlar lazımdır" fikrini ifadə etməsini anlaya bilmirlər. Belə çıxır ki, onun özü də sadəcə qeyri-real, əsassız, konkret təməli olmayan deyilişigözəl fikirlər ifadə edib. Ekspertlər həmin aspektdə vurğulayırlar ki, N.Paşinyan Xankəndidəki çıxışı zamanı dediklərini, sadəcə, bir kağızdan oxuyub. Yəni o, heç bir əsas gətirmədən, fakt göstərmədən, nəzəri və ya praktiki təsdiq vermədən ağlına nə gəlib, danışıb.

Bunlar nəyi ifadə edir? N.Paşinyan vədlər limitinin bitdiyinin fərqindədir. Hakimiyyətə gəlməmişdən öncə dediklərini həyata keçirə bilmədiyindən yeni mərhələdə pafosluğa baş vurub. Görünür, burada ekspertlərin vurğuladığı başqa bir məqam da mövcuddur. Məsələ ondan ibarətdir ki, N.Paşinyan Dağlıq Qarabağda özünə yaxın separatçı-terrorçunu başçı təyin etməyə çalışır. O, S.Sarkisyan hakimiyyətinin kadrlarına inanmır. Onlar da N.Paşinyana şübhə ilə yanaşırlar. Bu səbəbdən N.Paşinyan Ermənistanda istifadə etdiyi populist priyomdan Dağlıq Qarabağda da istifadə etməyə cəhd göstərir.

Yəni konkret desək, Xankəndidə də elə yüksək populizm nümayiş etdirməyə çalışır ki, insanlar ona inanıb arxasınca getsinlər. Lakin onun nəzərə almadığı bir özəllik vardır. Artıq Moskva N.Paşinyanın planlarının qarşısına maneələr çıxarır. Xüsusilə Dağlıq Qarabağ məsələsində Kreml İrəvana sərbəstlik verə bilməz. Ekspertlər problemin məhz bu tərəfini vurğulayaraq proqnozlaşdırırlar ki, Rusiya Ermənistanın baş nazirinə Dağlıq Qarabağda siyasi üstünlük əldə etməsinə imkan verməyəcək. Digər səbəblərlə yanaşı, bu, həm də onunla bağlıdır ki, münaqişənin həllində vasitəçi olan və həmsədrlərdən biri kimi bu prosesdə iştirak edən Rusiya özünü pis vəziyyətə sala bilməz. "Qarabağ Ermənistandır, vəssalam" deyən bir iqtidara Kremlin "yaşıl işıq" yandırması inandırıcı deyildir.

Bunlardan başqa, ekspertlər ona da diqqət yetirirlər ki, N.Paşinyan təxribatçı davranışı və sərsəm bəyanatları ilə bölgədə müharibə riskini artırmağa çalışır. Məqsədi ondan ibarətdir ki, yeni müharibədə Ermənistan Azərbaycana məğlub olandan sonra Moskvanı ittiham etsin. Ermənilərə anlatsın ki, Rusiya guya Ermənistanı satıb. Bununla da gizli olaraq nəzərdə tutduğu "Qərb xətti"ni real ictimai müzakirəyə çıxarsın. Bu variant hakimiyyət hərisi və konkret dairələrin marağını ifadə edən N.Paşinyana tam uyğundur.

Beləliklə, Ermənistanın baş naziri Xankəndidə siyasi həyatının bəlkə də ən qabarıq fiaskosunu yaşayıb. O, irəli sürdüyü sərsəm tezisləri ilə Ermənistanın daxili siyasi həyatında böhrana yol açıb. Beynəlxalq aləmdə isə Ermənistan adlı dövlətin xam xəyallarla idarə edildiyi haqqındakı fikri daha da möhkəmləndirib. Belə görünür ki, erməni dövlətçiliyi XXI əsrdə də baş tutmayacaq.

Nyustayms

Tarix
2019.09.13 / 19:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla