Ana səhifə Gündəm |
2019.09.17. 21:35
Mətbuatda Azərbaycan Respublikasının baş nazirinin müavini Hacıbala Abutalıbovun ikinci bir vəzifəsinin olması və 31 ildir həmin postu tutması haqda məlumat yayılıb. Bildirilir ki, H.Abutalıbov 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri vəzifəsində çalışır.
Bununla yanaşı, H.Abutalıbovun Nazirlər Kabinetinin rəsmi saytına yerləşdirilmiş bioqrafiyasında onun 1988-ci ildən 1995-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri olması və 1995-ci ildən 2014-cü ilədək yarım ştat olaraq bu vəzifəni icra etməsi qeyd edilib.
Kult.az bu ziddiyyətə aydınlıq gətirmək üçün AMEA-nın Fizika İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb. Şöbə müdiri Məryəm Rəfailqızı saytımıza açıqlamasında isə daha bir ziddiyyətin əsasını qoyub. Belə ki, o, Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (30.01.2001-ci il) vəzifəsini icra etməyə başladıqdan sonra institutun “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri postunu tərk etdiyini bildirib.
Halbuki, qeyd etdiyimiz kimi, H.Abutalıbovun Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilən tərcümeyi-halında onun 2014-cü ilə qədər Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri olması əksini tapıb.
Həmçinin AMEA Fizika İnstitutunun elmlər doktorları siyahısında da H.Abutalıbovun adı yoxdur.
Qeyd edək ki, H.Abutalıbov 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. 1968-ci ildə Leninqrad şəhərində (indiki Sankt-Peterburq) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olub.
SSRİ Elmlər Akademiyasının müxbir üzvü, “Lenin” mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə edib.
Hacıbala müəllim 1987-ci ildə “Lenin” mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adına layiq görülüb. Hazırda fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunan 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.
Hacıbala Abutalıbov 1995-ci ilin fevralında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub və bu postu 2000-ci ilədək icra edib.
2000-ci ilin yanvarından 2001-ci ilin yanvarınadək Baş nazirin müavini vəzifəsində çalışıb. Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyinat alıb.
Ötən ildən isə Baş nazirin müavinidir.
Tarix
2019.09.18 / 12:41
|
Müəllif
Nərmin Əkbərli
|