Lamiyə Quliyeva məsələsinin gündəmə gəlməsi təbii olaraq
bir neçə sual doğurur: 12 il həbsxanada yatan Lamiyə Quliyeva
təzyiqə məruz qaldığını dilə gətirmirsə, jurnalistlərin qadın
cəzaçəkmə müəssəsində olduğu dönəmdə narazılığını bildirmirsə, onun
qəflətən zorakılığa məruz qaldığı xəbəri necə və niyə
yayılır?
ANS TV ötən gün bu məsələyə diqqət çəkib və maraqlı araşdırma
aparıb. İstintaq getdiyi üçün Lamiyə Quliyevanın özünün bütün
məsələlərə aydınlıq gətirməsi imkanının mümkünsüzlüyü bir qədər
çətinlik yaratsa da, burda maraqlı olan daha bir nüans var: 2014-cü
il oktyabrın 16-da ana olan Lamiyə Quliyevanın övladının atasının
kimliyini axtarmaq və bunu ictimaiyyətin müzakirəsinə çıxarmaq üçün
niyə 3 ay gözləmək lazım gəldi? Hüquq müdafiəçisi Elçin Behbudov
prokurorluğa niyə 3 aydan sonra müraciət etdi?
ANS TV də öz təhlilində son bir neçə ildə fəaliyyətində uğurlar
qazanan Pentensiar Xidmətdən bu tipli xəbərlərin yayılmasının
arxasında hansısa məqsədlər dayandığını istisna etmir.
Respublika Baş Prokurorluğu məhkum Lamiyə Quliyevanın uşaq
dünyaya gətirməsi faktı ilə bağlı rəsmi araşdırmalara başlayıb. Baş
prokurorluğun mətbuat xidmətinin rəisi Eldar Sultanovun deyib ki,
hazırda Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza
çəkən 28 yaşlı Lamiyə Quliyevanın ötən ilin oktyabr ayında uşaq
dünyaya gətirməsilə əlaqədar Ədliyyə Nazirliyi ilə birgə müvafiq
tədbirlər həyata keçirilir. İş üzrə təqsirləndirilən şəxslərin
bəraət almasına çalışdıqların söyləyən vəkil Adəm Məmmədov isə
hesab edir ki, Lamiyənin nikahı olmadığı üçün faktla əlaqədar
cinayət işi başlanmalıdır.
Amma Lamiyə Ombudsman aparatının əməkdaşları ilə söhbət zamanı
zorakılığa məruz qalmadığını, öz istəyi ilə ana olduğunu söyləyib.
Ombudsman aparatının əməkdaşları uşağın atası olduğu iddia edilən
məhkumla da görüşüblər.
Adının açıqlanmasını istəməyən məhkum Lamiyə ilə bir müddət eyni
Penitensiar müəssisədə saxlanıldığını, onunla qiyabi tanışlıq
münasibətinin olduğunu, canlı təmasının olmadığını, uşağın atasının
müəyyənləşdirilməsi ilə bağlı dəqiqləşdirilmə aparılması üçün DNT
qan analizi verdiyini bildirib. O, izahatında onu da yazıb ki,
Lamiyə onun spermasından istifadə edərək süni mayalanma edib.
Ombudsman aparatından verilən məlumatda deyilir ki, həmin məhkum
heç bir təzyiqə məruz qalmadığını ərizəsində göstərib.
Bu açıqlama vəziyyəti aydınlaşdırmaq əvəzinə daha da dalana
salıb: Lamiyə Quliyeva heç bir canlı təması olmayan məhkumdan niyə
övlad istəməlidir? Digər tərəfdən, ən müasir klinikalarda yüksək
dəqiqliklə aparılan "süni mayalanma" əməliyyatını Lamiyə Quliyeva
sözügedən məhbusdan xəbərsiz necə və hansı "klinikada" apara bilib
ki!
Təbii ki, bu, ritorik sualdır və məhbusun belə bir iddia irəli
sürməsi (Lamiyə Quliyevanın türmədə olduğu halda hansısa "canlı
tanış olmadığı" məhkumdan onun özünün xəbəri olmadan istifadə
etməsi və süni mayalanma cəfəngiyyatı) gülüş doğurmaya bilməz.
Qalmaqallı işdə adı hallanan Şəmkirin keçmiş icra hakimiyyəti
başçısı Aslan Aslanov ANS-ə ekslüziv açıqlama verib. O, bu işdə
adının hallanmasını yalan adlandırıb və övlad itirən valideyin kimi
spekuliyasiyalardan təəssüf hissi keçirib.
Bütün bu baş verənlərin fonunda ötən gün ədliyyə naziri Fikrət
Məmmədovun iştirakı ilə Penitensiar Xidmətdə geniş müşavirə olub.
Əldə olunan naliyyətlərdən razı qalan nazir, eyni zamanda, nöqsan
və çatışmazlıqlardan da danışıb. Vəzifədən sui-istifadə və digər
neqativ hallarla bağlı 347 əməkdaşın intizam məsuliyyətinə cəlb
olunduğu, 36 nəfərin tutduqları vəzifədən azad, 34 əməkdaşın isə
ədliyyə orqanlarından xaric edildiyi məlum olub.
Eyni zamanda o da vurğulanıb ki, Azərbaycandakı cəzaçəkmə
müəssisələrində ölüm və intihar halları inkişaf etmiş Avropa
dövlətlərilə müqayisədə xeyli azdır.
Ekspertlər isə çoxdan olmuş bu hadisələrin məhz son bir ayda
gündəmə gətirilməsini müəyyən maraqlı qüvvələrin, o cümlədən
xaricdən idarə olunan dairələrin təsirilə də əlaqələndirilər. Hər
halda, bütün məsələlər araşdırılır, faktların həqiqiliyini də elə
dövlət orqanları üzə çıxaracaq.