AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı Əkrəm Həsənov
sosial şəbəkələrdə yerin fırlanması ilə bağlı paylaşdığı fikirlər
mübahisə predmetinə çevrilib.
Kulis.az-ın sorğusuna cavab verən Əkrəm Həsənov bunları deyib:
Mən islam alimlərindən heç birinin əsərində Yer kürəsinin
fırlanmasına rast gəlməmişəm. Əksinə böyük islam alimlərindən
bəziləri, xüsusi ilə sələf alimləri və müasir bəzi alimlərdən
bəziləri də Yer kürəsinin fırlanmamasını deyiblər.
Yer kürəsinə Allah təala bir vəzifə verib, o da öz vəzifəsini
itaətkarlıqla icra edir. Amma onun özünün buna gücü çatmaz. Onu
hərəkət etdirən uca Allahdır. Yuxarıda da qeyd etdiyim kimi, bəzi
sələf alimləri yerin fırlanmadığını deyiblər. Amma elm Allaha aid
olduğu üçün, zamanla elmi kəşflər də ortaya çıxdığı üçün, yerin
fırlanması elmi nəzəri dəlillərlə sübut olunub.
Təzədən bu mövzuda təqlidçiliyə baş qoşmağın mənası ola bilməz.
Mənə iki-üç gün ərzində bu barədə yüzlərlə suallar gəlib. Yer elmə
əsasən fırlanır. Amma sələf alimlərinin bəziləri fırlanmır
deyirlər. İndi təqlid yolunumu tutaq, yoxsa uca Allahın bəşər
övladına verdiyi elmi əsas götürək. Mən Allah elm sahibi olduğu
üçün cavabı Ona həvalə edirəm. Çünki dəqiq cavabı mən də bilmirəm.
Həmçinin bunun elmi sübutu olduğu üçün mən onun fırlanmasının daha
doğru olduğu qənaətindəyəm. Buna baxmayaraq Yer kürəsinin
fırlanması məsələsinə şübhə doğuran bəzi şübhəli məqamlar vardır.
Dünyanın elə hündür yerləri vardır, misal üçün Norveçdə, üç ay
müddətinə qədər Günəş batmır. Əgər Yer kürəsi fırlansaydı Günəş
batardı. Deməli anlamalıyıq ki, bizə verilən dünyəvi məlumatlar
elmi də olsa belə bunu sübut edən böyük dəlillərə ehtiyacımız
vardır. Həmçinin 6 ay gündüz və 6 ay gecə olan ölkələr var. Bəs Yer
kürəsi necə fırlanır ki, həmin bölgələrdə gecə və gündüz 6 ay davam
edir. Belə çıxır ki, həmin ölkədə yer kürəsi 6 ay fırlanmır?
Buna görə də biz unutmamalıyıq ki, hər oxuduqlarımız, elm olaraq
anladıqlarımız da hələ bizə qaranlıqdır. Düşünürəm ki, bu
müzakirələrin müsbət elmi tərəfini ortaya qoyacaq elmi kəşflər hələ
qabaqdadır.