Bu gün Prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin
səlahiyyətlərinin müvəqqəti icra edilməsi haqqında sərəncam
imzalayıb. Yaxın günlərdə isə Nazirlər Kabinetinin yeni tərkibdə
təsdiqlənəcəyi gözlənilir. Yeni tərkibdə hər hansı dəyişikliklər
gözlənilir?
Bu, ikinci dərəcəli məsələdir
Yeni Azərbaycan Partiyasını təmsil edən millət vəkili Aydın
Mirzəzadə "Axar.az" açıqlamasında bunu ikinci dərəcəli məsələ hesab
edir:
"Əsas məsələ cənab İlham Əliyevin yenidən prezident
seçilməsidir. Prezident özünü güclü lider, yaxşı təşkilatçı kimi
çoxdan göstərib. Ona görə də kadr islahatlarını iknici dərəcəli
məsələ hesab edirəm".
Bəlkə, yeni gələn salam da verməyəcək?
Böyük Quruluş Partiyasının sədri, milət vəkili Fazil Musafa isə
deyir ki, islahat proqramı olmasa və korrupsiya aradan qalxmasa,
kadr dəyişiklikləri effektsiz olacaq:
"Hökumətdə 1 və ya 5 nəfərin dəyişməsi heç nəyi həll etmir. Əsas
islahat proqramının olmasıdır. Ona görə də Nazirlər Kabinetində
olacaq dəyişikliklər məni maraqlandırmır. Onu da qeyd edim ki, çox
zaman yenilər köhnələrdən daha işbilməz olurlar. Məsələn, Artur
Rasizadənin özü kifayət qədər deputatlara, nazirlərə sayğı ilə
yanaşan adamdır, bəlkə elə adam gətirib qoyacaqlar ki, heç salam da
verməyəcək? Mən "islahat" deyəndə daha fərqli bir şey başa düşürəm,
yəni o sahələrdə köklü yenilik olmalıdır və korrupsiya aradan
qalxmalıdır".
Təhsil və səhiyyədən razı deyilik
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim
Mollazadənin fikrincə, təhsil və səhiyyə sistemində islahatlar
həyata keçirilməlidir:
"Bütün məsələ hakim partiya və prezidentin səlahiyyətlərinə
adiddir. Amma hökumətin bir neçə sahələrdə işindən razı deyilik. Bu
istiqamətdə müvafiq islahatlar həyata keçirilməlidir. Bura səhiyyə
və təhsil sistemini misal göstərə bilərik. Düşünürəm ki, burda
söhbət hansısa şəxsiyyətin fəaliyyətindən getmir və mənə elə gəlir
ki, daha köklü islahatlar həyata keçirmək lazımdır. Məncə, yeni
hökumətdə daha cavan və işini bilən gənc kadrların potensialından
istifadə etmək lazımdır".