Dünən Rusiya Prezidenti
Vladimir Putin deputat Andrey Luqovoyu 2-ci dərəcəli "Vətən
qarşısında xidmətinə görə" medalı ilə təltif etdi. 1966-cı ildə
Bakıda anadan olan Luqovoy həm də qaranlıq keçmişi ilə özünə
kifayət qədər şöhrət qazana bilib. Axar.az bu məşhur deputatın
həyat yolundakı maraqlı məqamları təqdim edir.
KQB-nin məşhur zabiti
Hərbçi ailəsində anadan olan Luqovoy 1987-ci ildə hərbi
təhsilini bitirdikdən sonra Kreml alayına göndərilir. Həmin vaxtlar
birbaşa Dövlət Təhlükəsizlik Komitəsinə (KQB) tabe olan alayda
mühüm vəzifələrdə yer alan Luqovoy tezliklə daha da irəliyə
çəkilir. 1991-1996-cı illərdə o, Rusiya Baş Mühafizə İdarəsi,
Rusiya Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır. Bundan əlavə
isə Luqovoy Baş nazir Yeqor Qaydar, Prezident Administrasiyasının
rəhbəri Sergey Filatov, Xarici İşlər naziri Andrey Kozırev, Baş
nazirin birinci müavini Bolşakovun mühafizəsinə rəhbərlik edir.
İndiyə qədər Rusiya mətbuatı Luqovoyun Federal Təhlükəsizlik
Xidmətinin (FSB) eks-əməkdaşı olduğunu bildirir. Lakin maraqlı
məqam ondan ibarətdir ki, deputat KQB-nin 9-cu idarəsində
işlədiyini təsdiqləsə də, qalan şeylərin hamısını rədd edir.
Aeroflot əməliyyatı
1997-ci ildən etibarən "Aeroflot" şirkəti ətrafında söhbətlər
qızışmağa başlayır. Bir müddət sonra Moskva şirkət rəhbərliyinə
qarşı araşdırmaya start verir. Tezliklə "Aeroflot"un baş direktoru
Nikolay Qluşkov və səhmlərin əsas sahibi olan Boris Berezovskiyə
qarşı şirkətin hesabından 252 milyon oğurlamaları ilə bağlı ittiham
irəli sürülür. Bundan sonra Rusiya xüsusi xidmət orqanları hərəkətə
keçir və 2000-ci ildə Nikolay Qluşkov həbs olunur.
O, məhşur Lefortova həbsxanasına göndərilir.
Elə bu məqamda ilk dəfə yerli mətbuatın hədəfinə Andrey Luqovoy
düşür. O, Qluşkovun həbsdən qaçırılmasının təşkil edilməsinə görə
həbs edilir və 1 il 2 ay müddətinə azadlıqdan məhrum edilir.
İstintaqın məlumatına görə, bu qaçışı Boris Berezovskinin partnyoru
olan mərhum gürcü milyarder Badri Patarkaçişvili təşkil edir. Lakin
Qluşkov bu iddiaların hamısını rədd edir və bunun qəsdən
törədildiyini bildirir. O, hər şeyin FSB tərəfindən düşünüldüyünü
və Luqovoyun da bu planın bir parçası olduğunu söyləyir. Burada
əsas məqsədin isə Qluşkovun həbsdə saxlanılmasını uzatmaq olduğu
deyilir.
Nəticədə əməliyyat uğurla başa çatır və Qluşkov sonradan üç il
müddətinə həbsə məhkum edilir. Boris Berezovski ölkəni tərk edir və
Rusiyadakı bütün mülkləri əlindən alınır.
"Litvinenko əməliyyatı": Putinin düşmənləri yox
edilir
2006-ci ildə Andrey Luqovoy və Dmitri Kovtun keçmiş tanışları
olan Aleksandr Litvinenko ilə görüşmək üçün Londona yola düşürlər.
Bu uçuşdan bir müddət sonra Putinin əsas düşmənləri sırasına daxil
olan keçmiş FSB zabiti Aleksandr Litvinenko zəhərlənərək qətlə
yetirilir. Tezliklə işi araşdıran Britaniya xüsusi xidmət orqanları
onun "polonium 210" maddəsi ilə zəhərləndiyini sübut edir. Bundan
sonra bəlli olur ki, Litvinenko noyabrın 1-də "Millenium" otelinin
barında zəhərlənib. Maraqlı məqam orasındadır ki, keçmiş agent məhz
bu oteldə Luqovoy və Kovtunla görüşmüşdü. Lakin deputat ona qarşı
irəli sürülən ittihamları hamısını rədd edir və öz versiyalarını
səsləndirməyə başlayır. O, Litvinenkonun ölümündə Britaniya
kəşfiyyatı, rus mafiyası, ya da ki, Boris Berezovskinin günahkar
ola biləcəyini qeyd edir. Luqovoy sonralar Boris Berezovski və
Litvinenkonun Britaniya kəşfiyyatına çalışdıqlarını, onu da Londona
Putin haqqında əlavə informasiya yığmaq üçün dəvət etdiklərini
söyləyir.
Lakin London buna səssiz qalmır. 2007-ci ildə Luqovoy Kremldən
tələb edilir. Moskva isə bunun öz Konstitusiyasına zidd olduğunu
deyərək, onu verməkdən imtina edir. Nəticədə diplomatik qalmaqal
yaşanır. Britaniyanın 4 rus diplomatını ölkədən qovmasına Moskva
eyni reaksiyanı verir.
Lakin Luqovoyun fəaliyyəti bununla bitmir. Sonralar bəzi
ekspertlər onun Yeqor Qaydarın zəhərlənərək öldürülməsində iştirak
etdiyini iddia edirlər. Bununla bərabər Luqovoyun təhlükəsizlik
şirkətləri Boris Berezovskinin öldüyü ana qədər onun mühafizəsini
təşkil edirlər. Maraqlı məqam isə Litvinenkodan sonra Badri
Patarkaçişvili (2008) və Boris Berezovskinin (2013) də guya ölmüş
vəziyyətdə tapılmasıdır. Doğrudur, sonralar onların ölümündə
müxtəlif iddialar səsləndirilsə də, bunların sırasında Luqovuyun
adı heç bir zaman əskik edilmir.
Hazırda Luqovoy deputatdır. O, həm də 2007-ci ildən
Jirinovskinin Liberal Demokrat Partiyasının üzvüdür. Andreyi bura
məhz Jirinovskinin özü dəvət edib. Bir zamanlar KQB-də çalışdığı
üçün bəziləri onu Putinlə eyniləşdirməyə çalışırlar. Bir sıra
şəxslər hətta bu adamın gələcəkdə FSB rəhbərliyinə gətirilməsi
ehtimalı olduğunu da söyləyir.
Hazırda Luqovoy həm də iş adamı kimi fəaliyyət göstərir.
"Forbes" jurnalının hesablamalarına görə, onun rəsmi sərvəti 2
milyon dollardır.