Novruz bayramı ərəfəsində Heydər Əliyev Mərkəzinin
parkında "Cracking Art" və "Səməni" sərgilərinin açılış mərasimi
keçirilib.
Trend-in məlumatına görə, açılış mərasimində Heydər Əliyev
Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla
Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov,
tanınmış mədəniyyət və incəsənət xadimləri, yaradıcı ziyalılar və
gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. İştirakçılar
ekspozisiyaya böyük maraqla tamaşa ediblər.
Martın 20-də Azərbaycan xalqının ən sevimli bayramlarından biri
olan Novruz qədəm qoyacaq. Novruz bayramı yaz gecə-gündüz
bərabərliyi gününə təsadüf edir. Qədim günəş təqviminə əsasən bu
gün baharın və yeni ilin başlamasını təcəssüm edir. Qışın başa
çatması və baharın gəlişi sayılan Novruz bayramı təkcə Azərbaycanda
deyil, həmçinin Şərqin bir çox ölkələrində qeyd edilir.
Qonaqlara Avropanın məşhur "Cracking Art Group" qrupunun
yaratdığı "Pop-art" janrındakı "Cracking Art" nəhəng incəsənət
əsərləri təqdim olunub.
1993-cü ildə Avropanın 6 rəssamı - italiyalı Renzo Nukara (Renzo
Nucara), Marko Veronez (Marco Veronese), Kikko (Kicco), fransalı
Aleks Anci (Alex Angi), belçikalı Karlo Rizzetti (Carlo Rizzetti),
Vilyam Svitlav (William Sweetlove) bir araya gələrək "Cracking Art
Group"u yaradıblar.
Bu hərəkat bütün səylərini müasir incəsənət haqqında
təsəvvürlərin dəyişməsinə, sənətdə sosial və ekoloji istiqamətlərdə
innovativ metodlar tətbiq etməklə yenilik yaratmağa yönəldib.
Rəssamlar təkrar emal edilmiş və asan utilizasiya olunan
sintetik materiallardan istifadə etməklə hazırlanan nəhəng, parlaq
rəngli heyvanlarla ictimaiyyətin nəzərini ətraf mühitin
problemlərinə yönəldir.
"Cracking Art" əsərləri bir tərəfdən diqqəti ekoloji məsələlərə
çəkir, digər tərəfdən isə yeni texnologiyaların tətbiqini nümayiş
etdirir.
"Cracking Art Group" öz yaradıcılığı ilə bu günədək dünyanın bir
sıra şəhərlərini fəth edib. Qeyd olunan əsərlər Nyu-York, Sidney,
Milan və digər şəhərlərdə nümayiş olunub.
Bu incəsənət nümunələri bu dəfə Bakıda Heydər Əliyev Mərkəzinin
parkında şəhər sakinləri və qonaqların ixtiyarına verilir. IDEA
(Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxaq Dialoq) İctimai
Birliyinin rəsmi tərəfdaşlığı ilə həyata keçirilən bu layihənin
məqsədi Azərbaycanda ekoloji problemlərin həllinə, flora və
faunanın qorunmasına insanların diqqətini artırmaqdır.
Həmçinin Mərkəzin parkında ənənəvi "Səməni" sərgisi təşkil
olunur. Novruz bayramı ərəfəsində keçirilən sərgidə müasir
incəsənət nümunələri - səmənilər nümayiş etdirilib. Heydər Əliyev
Mərkəzindəki bu sərgi Novruz günlərində izləyicilərə bayram
əhvali-ruhiyyəsini birlikdə yaşamağa və rəssamların Novruz
ənənələrinə modern yanaşmasını təqdim edən incəsənət əsərləri ilə
tanış olmağa imkan yaradır.
Tədbir çərçivəsində gənclər arasında müsabiqə keçirilib.
Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıb.