Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya
inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid
Slutskinin Ermənistana səfərindən sonra erməni mediası onun adından
bir sıra anti-Azərbaycan yönümlü məlumatlar yayıb. Leonid Slutski
Azərbaycanın Rusiyadakı səfirliyində mətbuat konfransı keçirərək
onun adından yayılmış fikirləri təkzib edib, Azərbaycan
rəhbərliyinin və Azərbaycan xalqının dostu olaraq qaldığını
vurğulayıb.
Azərtac xəbər verir ki, Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov
bununla bağlı xüsusi bəyanatla çıxış edib:
"Son zamanlar Azərbaycan və Türkiyənin rəsmi orqanları, ictimai
təşkilatları, eləcə də Azərbaycan və Türkiyənin dünyanın müxtəlif
ölkələrindəki diaspor qurumları tərəfindən reallaşdırılan müştərək
tədbirlər, layihələr, əks kampaniya- bir sözlə, birgə fəaliyyət
həddən artıq effektli və uğurlu olmuş, nəticədə Ermənistanın
Türkiyə və Azərbaycan əleyhinə illərdir ki, həyata keçirdiyi çirkin
təbliğat kampaniyası iflasa uğramışdır. Azərbaycan və Türkiyə
əleyhinə formalaşdırılan qərəzli stereotiplər dağıdılmış, eyni
zamanda, ermənilərin özləri haqqında uydurduqları "məzlum, əzabkeş
erməni xalqı" obrazının, "erməni soyqırımı" iddialarının saxtalığı
üzə çıxmışdır. Azərbaycan xalqının uzun illər ərzində erməni
işğalçı qüvvələri tərəfindən məruz qaldığı soyqırımı və təcavüz
barədə dünya ictimaiyyətinin dolğun məlumatlandırılması sayəsində
get-gedə daha çox beynəlxalq təşkilat, ayrı-ayrı dövlətlər, o
cümlədən ABŞ-ın bir sıra ştatları təcavüzkarı öz adı ilə çağırmağa
başlamışdır. Son zamanlar Azərbaycan torpaqlarının Ermənistan
tərəfindən işğalını pisləyən, Xocalı soyqırımının tanınmasını
dəstəkləyən çoxsaylı qətnamələr qəbul edimişdir.
Beləliklə, ermənilər qondarma soyqırımının 100 illiyi üçün öz
qarşılarına qoyduqları hədəflərə çata bilməmişlər. Qondarma
soyqırımının 100 illiyi ilə bağlı keçirəcəkləri tədbirlərdə ali
səviyyəli xarici qonaqların iştirakı da sual altında qalmışdır.
Bütün bunlara görə Ermənistan dövləti, onun xarici siyasətinə,
yalanlar üzərində qurulmuş təbliğatına məsul qurumlar və xaricdəki
erməni diasporu isterika içərisindədir. İndi onlar öz yalanlarını
başqa ölkə rəsmilərinin fikirlərini açıq-aşkar təhrif etməklə
yaymağa cəhd edirlər. Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya
inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid
Slutskinin adından iki gün əvvəl erməni mediasında yayılmış
fikirlər bu baxımdan növbəti uğursuz cəhddir. Belə addımlar ilk
növbədə Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq
münasibətlərinə xələl gətirmək, iki ölkənin parlament təmsilçiləri,
müxtəlif qeyr-hökumət təşkilatları, vətəndaş cəmiyyəti
institutları, ziyalılar və s. arasında sıxlaşan əlaqələrə kölgə
salmaq məqsədi güdür. Biz cənab Slutskini Azərbaycan xalqının,
dövlətimizin və ölkənin siyasi rəhbərliyinin sadiq dostu hesab
edirik. Bu dostluq Azərbaycan və Rusiya arasında çoxəsrlik tarixi
ənənələrə, siyasi və iqtisadi maraqlara, bir-birinin suveren
siyasətinə qarşılıqlı hörmətə və təbii ki, onilliklərin sınağından
çıxmış insani münasibətlərə söykənir. Hesab edirik ki, Azərbaycan –
Rusiya münasibətləri hər hansı təxribatların fövqündədir,
ermənilərin belə ucuz şouları bizim əlaqələrə heç bir təsir göstərə
bilməz. Əminik ki, bizim Rusiya ilə əlaqələrimiz bundan sonra da
uğurla inkişaf edəcək, Azərbaycanın Leonid Slutski kimi dostları bu
əlaqələrə öz töhfələrini verməkdə davam edəcəklər.