"Azərbaycanla Qərb arasında
müttəfiqlik müqaviləsi bağlamağa ehtiyac yoxdur".
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Respublikasının
Xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə
söyləyib.
Onun sözlərinə görə, Qərblə münasibətlərin pisləşməsi Rusiyanı
çöküşə doğru aparır:
"Azərbaycan onsuz da Qərbin təsir zonasındadır və Qərb
Azərbaycanda maraqlıdır. Mən o zaman demişəm və indi də deyirəm ki,
əgər Rusiya Qərbə qarşı genişmiqyaslı müharibəyə başlasa, o zaman
Azərbaycana Rusiya tərəfindən birbaşa təhlükə ola bilər. Amma
hadisələrin gedişi onu göstərir ki, sanksiyalar, Qərblə
münasibətlərin pisləşməsi Rusiyanı çökməyə doğru aparır. Rusiya
Ukraynada uğur qazanmayıb. Əgər Rusiyanın iqtisadiyyatı inkişaf
etsəydi, onun Çinlə, Avropayla və başqa dövlətlərlə müttəfiqliyi
mümkün olsaydı, o zaman mən deyərdim ki, Rusiya SSRİ-ni bərpa
edəcək. Lakin Rusiyanı çökürdürlər və ona imkan vermirlər. Rusiya
iqtisadiyyatı bu vəziyyətdə olduğu zaman yeni heç bir yerdə özünə
ikinci, üçüncü cəbhə açmaq iqtidarında deyil. Rusiya Abxaziya və
Osetiyada öz bazalarını yerləşdirir. Bundan əlavə, ərazilərinin hər
yerində hərbi təlimlər keçirir. Bunun vasitəsilə Moskva Qərbə
çatdırmağa çalışır ki, sanksiyalarsız onunla danışığa girsin və
Rusiya ilə sülh müqaviləsi bağlansınlar".
V.Quluzadə Rusiyanın dünyanı yenidən bölmək iddiasına nail
olmayacağını deyib:
"Yenidən Yalta konfransını keçirmək mümkün deyil. Çünki o zaman
danışan müttəfiqlər idi. SSRİ, ABŞ və Böyük Britaniya müttəfiq
olduqlarına görə razılığa gəlmişdilər. Bu dəqiqə Rusiyanın heç bir
müttəfiqi yoxdur və Avropa da, ABŞ da onunla qarşıdurmadadır.
Onların heç biri Rusiyanın atdığı addımı dəstəkləməyəcək. Rusiyanın
vəziyyəti ağırlaşmağa doğru gedir. Doğrudur, gördükləri tədbirlər
rublun qiymətini bir qədər stabilləşdirə bilər. Amma hansı
müstəvidə bunu ediblər? Fəlakət müstəvisində. Dollar indi 57-58
rubldursa, bu, artıq fəlakətdir. Neft qiyməti yenə aşağı gedəcək və
Rusiyanı yeni sarsıntılar gözləyir. Rusiya Ukraynadan salamat
çıxmaq istəyir. Mən bir müddət öncə Lukaşenkonun Qərbə müraciətini
dinlədim. Danışan Lukaşenko yox, Putin idi. Yalvarırlar ki, gəlin,
Normand dördlüyü içində Rusiya ilə danışıq aparın. Amerika buna
getməyəcək. Çünki Rusiya bundan öncə gərək tutduğu ərazilərdən əl
çəksin. Hadisələr göstərir ki, Rusiya yeni cəbhələr açmayacaq. Ona
görə də Rusiyadan nə Azərbaycana, nə Qazaxıstana, nə Özbəkistana
təhlükə gözləyirəm".