Yuxarı

Virus burdan yayılır: buna kimlər göz yumur?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada və ölkəmizdə tüğyan edən pandemiya səbəbindən karantin rejimi elan edilsə də, paytaxtımızda, eləcə də bölgələrdə qaydaların kobud şəkildə pozulması hallarına rast gəlinir.

Politoloq Aynur Camalqızı bununla bağlı müşahidələrini paylaşıb. O bildirib ki, bölgələrimizdə, xüsusən Bərdə, Tərtər və Goranboyda yas mərasimləri geniş, ənənəvi qaydada keçirilir. A.Camalqızının sözlərinə görə, belə mərasimlər koronavirusun ölkədə daha da yayılmasına səbəb olur.

Politoloqun bu paylaşımı sosial şəbəkələrdə xüsusi reaksiya doğurub. Əksəriyyət vurğulayıb ki, digər rayonlarda da eyni vəziyyətdir.

Məsələ ilə bağlı Axar.az-a danışan Bərdə icra başçısının müavini Fəqət Şadlinskaya nə qədər qəribə də olsa, bildirib ki, rayonda epidemiya ilə əlaqədar kütləvi mərasimlər qadağan edildiyi üçün yas mərasimləri keçirilmir:

"Ölən şəxsin yaxınlarından cəmi 7 nəfər dəfndə iştirak edir. Yas mərasimi isə keçirilmir. Mənim öz yaxınım da vəfat edən zaman mərasim keçirmədik və cəmi 7 nəfər dəfndə iştirak etdi".

Tərtər Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Murad Səfərov da sözügedən rayonda yas mərasimləri keçirilmədiyini iddia edib:

"Bununla bağlı təbliğat işləri aparılır və lazımi tədbirlər görülür. Mərasim keçirilməsi halı ilə rastlaşmamışıq. İH-nin karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarət etmək üçün Operativ Qərargahı və mobil qrupları fəaliyyət göstərir".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirilib ki, polis əməkdaşları daim yas mərasimi və digər kütləvi tədbirlər təşkil edilən şəxslər barədə lazımi tədbirləri görür:

"Karantin rejimi ilə əlaqədar sanitariya qaydalarına əməl edilməsinə nəzarət Daxili İşlər Nazirliyinin əməkdaşlarına həvalə olunub. Bununla əlaqədar bütün ölkə ərazisində daxili işlər orqanları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Demək olar ki, bu istiqamətdə sutka ərzində yas mərasimləri ilə yanaşı, insanların kütləvi toplandığı bütün məsələlərə diqqət yetirilir".

Əhalinin pandemiya zamanında yas mərasimləri təşkil etmə səbəbləri barədə danışan sosioloq Əhməd Qəşəmoğlu isə deyib ki, bütün rayonlarda təşviqat qrupları yaradılmalıdır:

"Yas mərasimlərinin təşkil edilməsinə qarşı ictimai qınaq formalaşmalıdır. Təəssüf ki, hazırda bəzi qüvvələr ictimai qınağı bu prosesin əleyhinə formalaşdırır. Yəni ictimai qınaq xəstəliyin yayılmasına qarşı deyil, yayılmanın sürətlənməsinə yönəlib. Bu gün rayonlarda virusa görə yas mərasimlərində iştirak etməyən şəxsləri qınayırlar. Bu vəziyyətin formalaşmasının arxasında bir neçə səbəb dayanır. Bunlardan birincisi sosial şəbəkələrdə virusun "boş şey" olması və çiplə bağlı əsassız iddialardır. Hesab edirəm ki, belə məlumatları yaymaqda bəzi qüvvələr maraqlıdır. İstəyirlər ki, vətəndaşlar ehtiyatsızlıq etsin və virusa yoluxma artsın. İkincisi, müəyyən şəxslər, məsələn, bəzi kafe-restoran sahibləri, gözəllik salonlarının işçiləri və s. gəlirlərini fikirləşərək virusun olmaması barədə boş-boş fikirlər səsləndirirlər. Üçüncüsü isə vətəndaşlarımızın bəzilərinin avamlıq səbəbindən "virus boş şeydir, hər şey Allahın əlindədir" deməsidir. Amma Allah deməyib ki, siz nə istəyirsiniz edin, mən sizi qoruyacam. Bu halların qarşısını almaq üçün icra strukturlarının nəzdində təşviqat qrupları yaradılmalıdır. Onlar icra strukturları və QHT-lərlə birgə əhali arasında təşviqat işləri aparmalıdır. Əhali arasında indiki maarifləndirmə işlərini deyil, arxasında elmi metodlar dayanan maarifləndirmə işlərini tətbiq etmək lazımdır".

Qeyd edək ki, yas mərasimlərinin təşkil edilməsinin qarşısını almaq və cəza tədbirlərinin gücləndirilməsi ilə bağlı təkliflərin olub-olmaması barədə Nazirlər Kabineti yanında Operativ Qərargaha sorğu göndərilib.

Tarix
2020.07.03 / 22:01
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla