Yuxarı

Prezident bunu niyə korrupsiya adlandırdı...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Bakının Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışı zamanı yerli TV kanallarına verdiyi geniş müsahibədə toxunduğu mühüm mövzulardan biri də işğalçı Ermənistanın beynəlxalq hüquqa zidd əməllərini davam etdirmək cəhdlərinin hər platformada özünü göstərməsi və düşdüyü rəzil durumla bağlı idi. Dövlət başçısı həmişə olduğu kimi, çox prinsipial, qəti mövqeyini ifadə edərək, işğalçı dövlətin öz istəklərinə çata bilməyəcəyi, Azərbaycanın haqq işinin qalib gələcəyini bir daha məntiqin, tarixi zərurətin və dövlətimizin apardığı işin nəticəsi kimi qeyd etdi.

Cənab Prezidentin Ermənistanla bağlı fikirlərini doqquz başlıq altında qruplaşdırmaq olar:

- Pandemiyadan ən çox zərər çəkən ölkələrdən biri kimi Ermənistan BMT Baş Assambleyasının keçirilməsində maraqlı olmalıydı;

- Avropanın hüquq-mühafizə orqanları Ermənistan hökumətinin Avropada korrupsiyanın yayılmasına verdiyi dırnaqarası töhfəni araşdırmalıdırlar;

- Azərbaycanın məqsədyönlü fəaliyyəti nəticəsində Ermənistanın əsl faşist mahiyyəti ifşa edildi;

- Ermənistanın dırnaqarası müstəqillik tarixi rüsvayçılıq tarixidir;

- Ermənistanda xunta getdi, indi də diktatura hökm sürür;

- Beynəlxalq təşkilatlar Ermənistanda formalaşmış diktatura rejiminə heç bir reaksiya vermir;

- Artıq heç kimdə şübhə yoxdur ki, beynəlxalq təşkilatlar tərəfindən verilən qərarların əksəriyyəti siyasi xarakter daşıyır, siyasi sifarişdir;

- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır;

- Azərbaycan ATƏT-in Minsk Qrupu həmsədrlərindən daha ciddi, konkret və hədəfə ünvanlanmış bəyanatlar gözləyir.

*

Artıq ictimaiyyətimizə bəlli olduğu kimi, Azərbaycanın koronavirusla bağlı BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü 130-dan çox ölkə tərəfindən dəstəklənərək, dünya miqyasında yüksək qiymət alıb. Azərbaycanın bu təşəbbüsünün mahiyyəti nədir? Əlbəttə, COVİD-19-la mübarizədə vahid qlobal yanaşmanın tətbiqinə, ölkələrin özlərinə qapanmamasına, inkişaf etmiş ölkələrin ağır durumda olan ölkələrə kömək göstərməsinə nail olmaq. Yəni bu, elə bir mövzu, elə bir təşəbbüsdür, hər hansı bir ölkənin buna qarşı çıxması məntiqin heç bir forma və şəkli ilə qənaətbəxş izah oluna bilməz. Çünki koronavirus yalnız bir ölkəni, bir irqi, bir milləti, yaxud dini mənsubiyyəti eyni olanları və ya başqa kateqoriya ilə fərqlənənləri təhdid etmir, bu, ümumbəşəri problemdir, zərəri hər kəsə toxunur. Hətta ayrıca götürülmüş bir ölkə və ya qrupa qarşı olsa belə, mədəni millətlər, zəkalı insanlar belə məqamlarda kəmfürsətlik etmir, tarix qarşısında məsuliyyət hiss edir. Gəl gör ki, Ermənistanın demokrat libaslı, işğalçı zehniyyətli hökuməti, XXI yüzilin 20-ci ilində belə bir səbatsızlığı, rəzilliyi, anti-bəşəri addımı məqbul saydı. Bu bir daha göstərdi ki, Azərbaycana, haqq-ədalət işinə münasibətdə öz sələflərindən zehniyyətcə qətiyyən fərqlənməyən Nikol Paşinyan “demokrat libası” ilə də gülünc görünür.

Demokratiya ilə işğalçılıq, demokratiya ilə anti-bəşəri davranış… bir araya sığırmı? Belə bir “konfiqurasiya” hansı ciddi kitabda, ciddi alim tərəfindən yazılıb, tarixin hansı mərhələsi belə bir fakta şahidlik edib? Üstəlik, sən özün pandemiyadan əziyyət çəkəsən, ən kiçik yardımlara möhtac olasan, amma təşəbbüs Azərbaycandan gəlib deyə, buna qarşı çıxasan!

Azərbaycan Prezidenti bu “düyün nöqtəsi”ni çox dəqiq ifadələrlə açdı:

“BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi təşəbbüsünüzün əleyhinə səs verən Ermənistanın mövqeyi bu ölkədə hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur.

Ermənistan rəhbərliyi etiraf edir ki, bu pandemiya ilə bacarmır. Özləri döymədikləri qapı qalmayıb ki, onlara yardım etsinlər. Yenə də dilənə-dilənə, yalvara-yalvara, oradan-buradan hansısa yardım hesabına yaşamağa çalışırlar. Belə olan halda onlar özləri maraqlı olmalıdır ki, BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutsun.

Ermənistanın mövqeyi onların ksenofob, irqçi və faşist mahiyyətini göstərir. Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir”.

Ancaq “hər ziyanda bir xeyir var” deyib atalarımız – hərçənd Ermənistanın bir səsini almamaq ziyan da sayılmaz, zatən 97 səs tələbinə qarşılıq 130 səsimiz vardı; beləliklə, dünya birliyi, tərəqqipərvər bəşəriyyət bir daha öz diqqətini təşəbbüs müəllifi olan Azərbaycana və konstruktiv təşəbbüsün əleyhinə olan yeganə ölkə - cırtdan Ermənistana yönəltdi! İstər-istəməz, münasibətsizliyin kökünə diqqət yetiriləcək və bilməyənlər də biləcək ki, məhz işğalçılıq faktı var və işğalçı ölkə qarayaxma kampaniyalarının suya düşməsindən, anti-Azərbaycan təbliğatının sıfırlanmasından əndişəyə düşərək, belə addım atıb…

Əlbəttə, biz bilirik ki, erməni lobbisi Ermənistanı bütün təşkilatlarda müdafiə edir. Cənab Prezident bu haqsız müdafiəyə vurğu edərək, Avropa Şurası Parlament Assambleyasının işğalçı dövləti tənqiddən tamamilə kənar tutduğunu və bəzi siyasi xadimlərin, deputatların, bəzi Avropa ölkələrinin hökumət üzvlərinin Ermənistana xüsusi münasibət bəsləməsini, əslində, Avropa hüquq-mühafizə orqanlarının Ermənistan hökumətinin Avropada korrupsiyanın yayılmasına verdiyi “töhfə”ni araşdırmalı olduğunu dedi: “Ermənipərəst deputatlar və əslən Avropa ölkələrindən olan varlı ermənilər bütün imkanlardan, öz maliyyə imkanlarından istifadə edib Ermənistanı bütün tənqidlərdən qoruyurdular.

…Ermənistanın lobbiçilik fəaliyyəti, əslində, korrupsiya fəaliyyətidir. Bu fəaliyyət Avropada geniş araşdırılmalıdır”.

*

Ermənistan – “forpost” adı üstündə olan bir ölkədir; bu “forpost”luqdan məkrli şəkildə yararlanaraq, işğalçılıq edib; son illərdəsə, məkr üstə məkr, hiylə üstə hiylə əlavə edərək, guya demokrat Baş nazirin başçılıq etdiyi hökumətə sahib ölkə kimi qələmə verilir. Ancaq hər şeyin bir hədd-hüdudu vardır, dünyanı aldatmağın da, özünü inanmış, aldanmış kimi göstərməyin də, erməni məkrindən, hiyləsindən yararlanmağın da… - bütün maraqlı tərəflər üçün, bütün oyunların bir “limit”i, sonluğu var, əlbəttə. Bu, kainatın ruhu, tarixi hadisələrin məntiqi və heç şübhəsiz, müstəqil Azərbaycan dövlətinin məqsədyönlü, ədalətli mövqeyi ilə şərtlənir.

“Ermənistan hər bir güc mərkəzinə o güc mərkəzinin eşitmək istədiyi yalanları deyir, bir neçə stulda oturmaq istəyir” – Bu, cənab Prezidentin təsbitidir. Cənab Prezident özünün tutarlı, dərin məntiqli təsbitini bu yəqinliklə, müəyyənliklə tamamlayır: “Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədir”.

*

Və nəhayət, Azərbaycanın dövlət başçısının sözlərindən çıxan nəticəni ümumiləşdirsək və lakonik şəkildə ifadə etsək, bu, Ermənistanın iç üzünü faktların dili, təkzibolunmaz dəlillərlə açmaq və bunun üzərindən beynəlxalq ictimaiyyətə, konkret olaraq, əlaqədar qurum və quruluşlara ünvanlanan prinsipial ismarışlardır:

“Azərbaycan dözümlülük göstərir və konstruktiv olmağa çalışır. Amma bu gün faktiki olaraq danışıqlar prosesi getmir.

…Azərbaycan danışıqları imitasiya üçün aparmaq niyyətində deyil”.

Bu ismarışdan hər kəs özü üçün nəticə çıxarmalıdır…

Qənirə Paşayeva,

Milli Məclisin Komitə sədri

Tarix
2020.07.08 / 14:48
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla