Amerika Birləşmiş
Ştatlarının (ABŞ) dövlət xadimi, XX əsr ABŞ xarici siyasətinin əsas
strateqlərindən biri, beynəlxalq münasibətlər üzrə diplomat və
ekspert Henri Kissencer III Qlobal Açıq Cəmiyətlər Forumunda
iştirak etmək üçün aprel ayının sonunda Azərbaycana
gələcək.
Bu barədə Report-a Diasporla İş üzrə Dövlət Komitəsinin
(DİDK) mətbuat xidmətindən bildirilib.
Henri Kissencerin "Yeni dünya düzənində etimadın bərpa olunması"
mövzusuna həsr olunan beynəlxalq forumun açılış sessiyasında çıxışı
planlaşdırılıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri üzvü, 2014-cü ildə
Mərkəzin xüsusi Qızıl medalı ilə təltif olunub.
H.Kissencer ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq
müşaviri (1973-1977), keçmiş dövlət katibi, Nobel sülh mükafatı
laureatıdır. ABŞ-ın müasir xarici siyasətinin formalaşmasında mühüm
rola malik H.Kissencer ABŞ-SSRİ münasibətlərinin yeni müstəviyə
keçməsinin təşəbbüskarı və icraçısı, ölkəsinin Çin Xalq
Respublikası ilə münasibətlərinin əsasını qoyan, Vyetnam
müharibəsini bitirən Paris sülh müqaviləsini imzalayan siyasətçi
kimi tarixə düşüb. H.Kissencer hazırda "Kissenger Associates"
beynəlxalq konsaltinq firmasının rəhbəridir.
Xatırladaq ki, III Qlobal Açıq Cəmiyətlər Forumu Diasporla İş
üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi tərəfindən aprelin 28-30-da Bakıda keçiriləcək. Forumda 75
ölkədən 350-dək yüksək səviyyəli dövlət xadimi, siyasətçi, ekspert
və alimin iştirakı nəzərdə tutulub.