Həkim səhlənkarlığı üzündən dünyasını dəyişmiş BSU-nun
dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə
bağlı bu gün keçiriləcək proses təxirə salınıb.
Bu barədə Axar.az-a məlumat verən zərərçəkən Anar Niftəliyevin
hüquqi nümayəndəsi Səməd Vəkilovun sözlərinə görə, bu gün əslində
məhkəmə yekunlaşmalı idi:
"Təqsirləndirilən şəxs Firuz İbrahimovun vəkili məhkəməyə
teleqram vurmuşdu ki, xəstə olduğu üçün prosesdə iştirak edə
bilməyəcək. Həmçinin, təqsirləndirilən Firuz İbrahimov da
gəlməmişdi. Zərərçəkən tərəf kimi biz hesab edirik ki, Firuz
İbrahimov və onun vəkilinin məqsədi vaxtı uzatmaqdır. Onlar prosesə
gəlməməklə vaxt qazanmağa çalışırlar. Bundan öncəki prosesdə Firuz
İbadovun təqsiri tam olaraq sübuta yetirildi, məhkəmə istintaqı
başa çatdı və prokuror çıxış edib, 3 il iş istədi. Təqsirləndirilən
şəxs isə hökmü təxirə salmağa çalışır".
S.Vəkilov qeyd edib ki, məhkəmənin növbəti iclası aprel ayının
16-sı saat 12:45-ə təyin edilib:
"Hesab edirəm ki, bu cür mənasız cəhdlərlə təqsirləndirilən şəxs
öz məsiliyyətini daha da artırmış olur. Əlbəttə, müvəkkilim üçün
heç bir fərqi yoxdur, amma hakim Şəlalə Həsənova F.İbrahimovun
məhkəmədən bu cür üsullarla yayındığından şübhələndiyi təqdirdə
onun məsuliyyəti daha ağır olacaq".
Qeyd edək ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də
"Medi Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı
zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də
Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb.
2014-cü il aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq,
Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına
verilib.
Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə
məhkəmə prosesi 19 noyabr 2014-cü ildən başlayıb və hələ də davam
edir.
Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri - anestezioloq
Firuz İbrahimov CM-in 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və
320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə
ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent
Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa
cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar
müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi
Rayon Polis İdarəsinə göndərilib.
Hazırda F.İdrisov barəsində CM-nin 178.1-ci maddəsi ilə açılan
cinayət işi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin
icraatındadır.