Yuxarı

Serbiyanın Bakıya xəyanəti: Kosovanı “unutdu”?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyanın Ermənistana silah satması qəbuledilməzdir. Kosova kimi bir münaqişənin içərisində olan bu ölkənin işğalçı ölkəyə silah satması işğala dəstək deməkdir.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Serbiyanın Ermənistana silah satması haqda danışarkən deyib. Politoloq bildirib ki, Serbiyanın unutduğu bəzi reallıqlar var:

“Bir müddət öncə Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri baş tutmuşdu. Təbii ki, Serbiya Prezidenti də qısa müddət sonra Bakıya gəldi. İkitərəfli görüşlər zamanı Serbiya Prezidenti bəyan etdi ki, Azərbaycan-Serbiya münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyətləri var. Hətta bununla bağlı bəzi mühüm sənədlər də imzalandı. Lakin rəsmi Belqradın Ermənistana silah satması nəinki iki ölkə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək, mövcud münasibətlərinə də ciddi zərər verəcək mahiyyətdədir. Ermənistan Azərbaycanın düşməni, torpaqlarını işğal edən ikiüzlü, riyakar işğalçı bir ölkədir. Biz bunu heç vaxt unutmuruq, ancaq görünür, rəsmi Belqradın unutduğu məsələlər var. Birincisi, Serbiya Azərbaycanın Kosova münaqişəsində Serbiyanın ərazi bütövlüyünü dəstəkləməsini unudub. Bu heç də sadə məsələ deyil. Çünki Türkiyə Kosovanın müstəqilliyinin tanınması üçün dəfələrlə Azərbaycana müraciət edib. Lakin Azərbaycan Kosovanın müstəqilliyini Serbiya tanıdığı halda tanıyacağını açıqca vurğulamışdı.

İkincisi, Serbiya Bosniyada törətdiyi Srebrenitsa qətliamını unudub. Əks təqdirdə Xocalı, Quba və daha neçə soyqırım törədən Ermənistana silah satmazdı. Bilməyənlər üçün bir daha xatırladım ki, bu, 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır.

Düşünürəm, Serbiya tərəfi bunları unutmamalı və aid olduğu Avropa ailəsinin demokratik, humanist dəyərlərinə daha çox yönəlməlidir. Misal üçün şimal qonşusu Macarıstandan örnək alacağı çox şey var”.

Politoloqun sözlərinə görə, Serbiya da Ermənistanın arxasındakı qüvvəyə arxayındır:

“Əslində, Tovuz hadisələri bir çox reallığı gün üzünə çıxardı. Xüsusilə də bizimlə xoş münasibətlər qurub, arxamızdan düşmənə silah satan Serbiya kimi ölkələrin iç üzünü göstərdi. Serbiyalı nazirin Azərbaycana verdiyi “izah” isə etdikləri əmələ bəraət qazandırma cəhdi idi. O, izahatında qeyd edir ki, bölgəyə silah ixracatı üzərinə heç bir qadağa qoyulmayıb. Ona qalsa, heç Azərbaycana da silah satışına dair qadağa qoyulmayıb. Lakin AB, ABŞ regiondakı münaqişəni əsas gətirərək, bölgəyə silah satışı etmir. Burada məsələ heç də qadağada deyil, münaqişənin yenidən alovlanmamasındadır. Belə çıxır, Serbiya Ermənistanın arxasındakı qüvvələrə söykənərək bu qədər cəzasətlənib”.

Tarix
2020.07.24 / 08:00
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla