Ana səhifə Gündəm |
Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalmamasının
səbəbi Ermənistanın sülh istəməməsi, status-kvonu saxlamaq
istəyidir.
APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu
gün Nazirlər Kabinetinin iclasında deyib.
Prezident xatırladıb ki, Minsk qrupuna həmsədrlik edən dövlətlərin
başçıları da dəfələrlə status-kvonun qəbuledilməz olduğunu
bildiriblər: "Ermənistan buna məhəl qoymur və bu dövlətlər bu
bəyanatlardan başqa heç bir konkret addımlar da atmırlar. Ona görə
bu bəyanatlar havada qalır və beləliklə, münaqişə uzanır, öz
həllini tapmır. Keçən ilin ortalarından həmsədr ölkələrin başçıları
tərəfindən fəallıq göstərilirdi. Avqust, sentyabr, oktyabr
aylarında Rusiya, Amerika və Fransa rəhbərləri zirvə görüşləri
keçirmişlər ki, biz vəziyyətdən çıxış yollarını tezliklə tapaq və
münaqişəyə son qoyaq. Azərbaycan əlbəttə ki, bu fəallığı
dəstəkləyir. Çünki həmişə qeyd etdiyim kimi, münaqişənin həll
edilməsində ən maraqlı tərəf məhz Azərbaycandır".
Prezident bildirib ki, Ermənistan bu görüşlərdə qeyri-səmimi mövqe
nümayiş etdirib, hər vəchlə danışıqların mahiyyətinin kənarda
qalmasına və hansısa etimad tədbirləri haqqında daha da çox söhbət
aparılmasına çalışıb: "Biz buna etiraz etmirdik. Etimad tədbirləri
də önəmlidir, ancaq işin mahiyyəti işğala son qoyulmasıdır. Buna
baxmayaraq, Paris görüşündən sonra biz şifahi olaraq razılaşdıq ki,
hər iki tərəf təmas xəttində gərginliyi azaltmağa çalışacaq və
bəlkə bu, danışıqlar prosesinə müsbət təsir göstərə bilər. Ancaq
Ermənistanın riyakar siyasəti bir daha özünü büruzə verdi. İki
həftə keçməmiş Ağdam rayonunda genişmiqyaslı hərbi təlimlərə
başladılar. O təlimlərin bir məqsədi var idi- Azərbaycanı təxribata
çəkmək və danışıqlar prosesini pozmaq. Biz bu təxribatlara bir neçə
gün dözərək ondan sonra düşmənə layiqli cavab verdik və beləliklə,
onlara öz yerini göstərdik. Onlar isə bundan istifadə edərək
Azərbaycanı aqressiv davranışda ittiham etməyə başladılar".
Prezident deyib ki, heç kim Ermənistanın bu tezisinə ciddi
yanaşmayıb: "Azərbaycan həmişə çox təmkinli mövqe nümayiş etdirir.
Danışıqlarda 20 ildən çox iştirakımız onu göstərir ki, biz
məsələnin sülh yolu ilə həll olunmasını istəyirik. Məsələnin həll
olunmamasını Ermənistan istəyir. Çünki torpaqlarımızdan çıxmaq
istəmir. Keçən ilin sonlarından Ermənistan tərəfi daim bizim
mövqelərimizə hücumlar çəkir, bu, bu il də davam edir. Bu hücumlar
nəticəsində onlarla erməni öz həyatını itirib. Bizdə olan məlumata
görə, son 3-4 ay ərzində 50-dən çox işğalçı təmas xəttində məhv
edilib. Bunun günahkarı kriminal Ermənistan rejimidir, onun
başçılarıdır, Ermənistanda hökm sürən diktatura rejimidir. Bu
barədə mən artıq öz fikirlərimi bildirmişəm. Əgər ölmək
istəmirsinizsə, Azərbaycan torpaqlarından rədd olun".
Prezident bildirib ki, Azərbaycan öz prinsipial mövqeyindən əl
çəkməyəcək: "Biz bu mövqeyi müdafiə edəcəyik. Ermənistan isə bu
işğalın yüksək qiymətini ödəyir - həm iqtisadi tənəzzül, həm
müstəqillik qalıqlarının tamamilə itirilməsi, təmas xəttindəki
itkilər, Ermənistan ordusunda artan fərarilik halları. İndi
Azərbaycan tərəfinə keçən erməni əsgərləri qeyd edirlər ki,
Azərbaycan tərəfinə keçmək istəyənlərin sayı kifayət qədər çoxdur.
Sadəcə olaraq qorxurlar, çünki orada əmr verilib ki, əgər kimsə
Azərbaycan tərəfinə keçmək istəyərsə, onlar onu arxadan
güllələməlidirlər, öldürməlidirlər. Yəni, budur reallıq. Bu,
işğalçı dövlətin ödədiyi qiymətdir və nə qədər ki,
Ermənistan-Azərbaycan münaqişəsi həll olunmayıb onlar bu qiyməti
ödəyəcəklər".
"Biz Ermənistana qarşı daha da fəal mübarizə aparmalıyıq, aparırıq,
bütün beynəlxalq, regional layihələrdən onları təcrid etmişik.
Onların rəsmi statistik məlumatlarına görə əhalinin 30 faizi
yoxsulluq, səfalət içində yaşayır. Amma real məlumat 50-60 faizdir.
Onların rəsmi məlumatlarına görə, hər il ölkədən 60-70 min insan
həmişəlik köçür. Amma bizdə olan məlumat onu göstərir ki, bu rəqəm
100 minə yaxındır. Yəni, bir neçə ildən sonra artıq Ermənistan
dövlətində, tarixi Azərbaycan torpaqlarında yaradılan bu dövlətdə
erməni əhalisi qalmayacaq" deyə ölkə başçısı bildirib.
Prezident bildirib ki, Azərbaycan cəmiyyəti, xüsusilə gənc nəsil
heç vaxt unutmamalıdır ki, Ermənistan dövləti tarixi Azərbaycan
torpaqları üzərində qurulub: "Bu, bizim tarixi dədə-baba
torpaqlarımızdır. Bütün toponimlər Azərbaycan mənşəlidir. Bunu
bilmək üçün XX əsrin əvvəllərində çar Rusiyasında tərtib olunan
xəritələrə baxmaq kifayətdir. Orada bir erməni toponimi tapmaq
mümkün deyil. İndiki Ermənistanda bütün kəndlərin 80 faizi
Azərbaycan mənşəli adlar daşıyır. Yəni, bu, bizim tarixi
torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Başqa cür
mümkün deyil. Bu, bizim strateji hədəfimizdir və biz bu hədəfə
çatmaq üçün çalışırıq, çalışacağıq. İqtisadi, siyasi, hərbi
gücümüz, demoqrafik vəziyyətimiz bunu deməyə əsas verir. Maşallah,
Azərbaycan əhalisi yaxın zamanlarda artıq 10 milyonu keçəcəkdir və
bu, məsələnin həlli üçün az əhəmiyyət daşımır".
Prezident bildirib ki, Azərbaycan ərazi bütövlüyünün bərpası üçün
bundan sonra da fəal səylər göstərəcək: " Münaqişə beynəlxalq hüquq
normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini
tapmalıdır. Bunun başqa yolu ola bilməz. İkili standartlara son
qoyulmalıdır. Ölkəmizin ərazi bütövlüyü başqa ölkələrin ərazi
bütövlüyündən az əhəmiyyət daşımır. Əgər Qərb dünyası postsovet
məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll
olunmasını tələb edirsə, bizim münaqişə də öz həllini bu prinsiplər
üzərində tapmalıdır. Amma bizə gəldikdə görürsünüz ki, münasibət
fərqlidir. Bu, riyakarlıqdır, ikili standartlardır,
ədalətsizlikdir. Hər bir görüşdə, ən yüksək səviyyədə keçirdiyim
görüşlərdə bu sözləri mən bax dediyim ifadələrlə
tərəf-müqabillərimə çatdırıram. Bu riyakarlığa, ikili standartlara
son qoyulmalıdır. Ermənistan Azərbaycanın tarixi, qanuni
torpaqlarını işğal edib. Ancaq rəsmi bəyanatlara gəldikdə, çox
mücərrəd ifadələr işlədilir. Biz öz sözümüzü deyirik, deyəcəyik.
Qeyd etdiyim kimi, bizim beynəlxalq nüfuzumuz artır. Azərbaycanla
hesablaşmamaq artıq mümkün deyil və ölkəmizin iştirakı, razılığı
olmadan bölgədə heç bir təşəbbüs irəli sürülə və öz həllini tapa
bilməz".
Tarix
2015.04.11 / 00:22
|
Müəllif
Axar.az
|