Moskvada səfərdə olan Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva aprelin 11-də
Rusiyanın TASS Agentliyində bu ölkənin nüfuzlu aparıcı kütləvi
informasiya vasitələrinin rəhbərləri ilə görüşüb.
AzərTac xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı və Fondun
vitse-prezidenti Leyla Əliyevanı TASS Agentliyində səmimiyyətlə
qarşıladılar.
TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman görüşü
açaraq bildirdi ki, Azərbaycanın birinci xanımı, ilk Avropa
Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın TASS
Agentliyinə gəlməsi onlar üçün böyük şərəfdir. Bakıda keçiriləcək
Birinci Avropa Oyunları barədə məlumat verən M.Qusman qeyd etdi ki,
bu Oyunların keçirilməsi unikal hadisədir. Azərbaycanda bu
Oyunların keçirilməsinə böyük əhəmiyyət verirlər.
Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban
Əliyeva yenidən Moskvada olmasından məmnunluğunu bildirdi. Qeyd
etdi ki, bu şəhərlə onu bir çox xoş xatirələr bağlayır. İlk Avropa
Oyunlarından danışan Azərbaycanın birinci xanımı bu idman tədbiri
ilə əlaqədar ölkəmizdə görülən işlərdən bəhs etdi. Bildirdi ki, ilk
Avropa Oyunlarının məhz ölkəmizdə keçirilməsi bizim üçün həm böyük
şərəf, həm də məsuliyyətdir. Azərbaycanın birinci xanımı dedi ki,
ölkəmizdə bu Oyunlara dövlət, ictimai təşkilatlar, sadə vətəndaşlar
tərəfindən həm böyük dəstək, həm də böyük maraq var. "Eurovision"
mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil edildiyini bildirən
Heydər Əliyev Fondunun prezidenti vurğuladı ki, hazırda "Bakı-2015"
birinci Avropa Oyunları ilə bağlı işlər final mərhələsinə qədəm
qoyub. Qarşıya qoyulan bütün məqsədlərə nail olunub, bütün
xidmətlər Oyunlara tam hazır vəziyyətdədir. Hazırda Oyunların
açılış mərasiminə ciddi hazırlıq gedir.
Azərbaycanın birinci xanımı bildirdi ki, bu Oyunların ölkəmizdə
keçirilməsi ilə bağlı qərar Azərbaycanda idmana göstərilən dövlət
qayğısı, respublikanın paytaxtı ilə yanaşı, regionlarda da müasir
idman infrastrukturunun yaradılması, idmançılarımızın beynəlxalq
idman yarışlarında qazandığı uğurlarla bağlıdır. İlk Avropa
Oyunlarının Təşkilat Komitəsinin sədri vurğuladı ki, bu Oyunlarda
iştirak edəcək idmançıların və ölkəmizə gələcək nümayəndə
heyətlərinin rahatlığını təmin etmək üçün bütün işlər görülüb.
Beynəlxalq ekspertlərin qənaətinə görə, Azərbaycanda yaradılan
Olimpiya Kəndi dünyada indiyədək yaradılan ən gözəl kəndlərdən
biridir. Bundan əlavə, kütləvi informasiya vasitələri üçün də Media
Kəndinin yaradıldığını diqqətə çatdıran Azərbaycanın birinci xanımı
tədbir iştirakçılarını Oyunlara baxmağa dəvət etdi.
Sonra Mehriban Əliyeva Rusiya Federasiyasının nüfuzlu aparıcı
kütləvi informasiya vasitələri rəhbərlərinin "Bakı-2015" birinci
Avropa Oyunları ilə bağlı suallarını cavablandırdı. Bildirildi ki,
Azərbaycan qonaqpərvər ölkədir və xalqımız ölkəmizə gələcək
qonaqları səbirsizliklə gözləyir. Son illərdə paytaxt Bakıda müasir
mehmanxana komplekslərinin inşa olunduğunu qeyd edən Mehriban
Əliyeva ölkəmizin iqtisadi inkişafı, beynəlxalq aləmdə qazandığı
uğurlar, beynəlxalq idman ictimaiyyətinin Azərbaycanı dəstəkləməsi
barədə də ətraflı məlumat verdi.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyev
Fondu və Fondun Rusiya nümayəndəliyinin fəaliyyəti barədə danışdı.
Səfir bildirdi ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın
rəhbərlik etdiyi Rusiya nümayəndəliyi bu ölkənin müxtəlif
şəhərlərində çox mühüm humanitar və sosial layihələr həyata
keçirir.
Azərbaycanın birinci xanımı TASS-ın fotomüxbirlərinin müxtəlif
dövrlərdə çəkdikləri fotolara baxdı.
Sonra Heydər Əliyev Fondunun prezidenti "Rossiya-24"
telekanalının "Vesti nedeli" verilişinə müsahibə verdi.
Müsahibədə ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri bu
Oyunlara hazırlıqla bağlı görülən işlərdən ətraflı danışdı.