"Dünyada heç bir şey özbaşına baş vermir və ola bilməz
ki, papanın bu bəyanatı dünyanın lider ölkəsi ABŞ-la
razılaşdırılmamış olmasın".
Bu sözləri Axar.az-a açıqlamasında Roma Papası Fransiskin
uydurma erməni soyqırımı tanımasına münasibət bildirərkən politoloq
Vəfa Quluzadə deyib. Sabiq müşavirin sözlərinə görə, əslində bu,
hesablanmış bir addımdır:
"Amerika Türkiyədən narazıdır və bu onlar tərəfindən dəfələrlə
ifadə olunub. Papanın bu çıxışı sözsüz ki, indi Türkiyəyə bir
basqıdır. Bu, ona görə baş verdi ki, ABŞ özü soyqırımı tanımasın,
ancaq Vatikan isə bunu səsləndirsin. Bununla da bəlkə də Amerika
erməni diasporundan canını qurtarmaq istəyir. Çünki erməni
diasporunın Amerika iqtidarına təsiri var və qarşıdan da seçkilər
yaxınlaşır. 2016-cı il üzrə Hillari Klinton öz namizədliyini verib.
Respublikaçılar da öz namizədliyini irəli sürüb. Yəqin ki, bu
seçkilərdə Amerikada ermənilərin səsinə böyük ehtiyac olacaq. Əsas
səbəblərini bunda görürəm. Ancaq Papanın qondarma bir soyqırımı
tanımasının Türkiyəyə heç bir təsiri olmayacaq. Türkiyə Türkiyədir,
soyqırım isə uydurma və qondarma bir məsələdir. Ona görə də mən
əminəm ki, Türkiyə öz prosesini deyəcək və papanın bunu
səsləndirməsi Türkiyə üçün heç bir mənfi nəticəyə gətirib
çıxarmayacaq".
V.Quluzadə bildirib ki, papanın bu addımı əslində qondarma
soyqırımın 100 illiyi münasibətilə ermənilərə edilmiş bir "sus
payı"dır:
"Qərb indi ermənilərə bir pay atmasaydı, onların ürəyi tutardı.
Hesab edirəm ki, ermənilərə qondarma soyqırımın 100 illiyi ilə
bağlı bir pay atılıb. Bu pay Roma papasının "erməni soyqırımı"
ifadəsini işlətməsindən ibarətdir. Bu da ona görə edilib ki, nə
Amerika, nə İngiltərə, nə də ki başqa dövlətlərin heç biri qondarma
erməni soyqırımını dövlət səviyyəsində heç vaxt tanımayacaq.
Deməli, ermənilər bir 100 il də gözləməli olacaqlar. Hesab edirəm
ki, elə məsələ Papanın bu sözü deməsi ilə də bağlandı. Papanın bu
jesti Türkiyənin zərərinə yox, əksinə, xeyrinə olan bir ifadə
olub".