"Soyqırımlardan deyil, Çanaqqaladan itirilmiş torpaqlara
getməyi bacaranları meydanda görmək istərdim".
Axar.az xəbər verir ki, bu haqda Zahid Oruc açıqlama verib. O,
bildirib ki, dünyanı ədalətsizlikdə qınamağı tarixə buraxmaq, artıq
meydanlara çıxmaq vaxtıdır:
"Dünya informasiya məkanının nəhəngləri - BBC, CNN və "Euronyus"
"Çanaqqala zəfəri"ni birbaşa yayımlayır. Düz 100 il öncə ingilis və
fransız ordularının dağıdıldığı yerdə indi Britaniya hərbi orkestri
xatirə ritualları keçirir, dini liturgiya və ayinlər icra edir.
Əski və qalib türk əsgərinin memorial abidənin əhatəsində görənlər
iki əsr arasında dəyişən və qüdrətlənən türk ordusunun kiçik bir
parçasını gördülər. Onlar Çanaqqaladan keçib cümhuriyyətin
quruculuğunda iştirak etmiş, imperializmə qalib gələrək müstəqil
dövlət qurmuşdular. İndi bir əsr əvvəl Türkiyəni məğlub tərk
edənlər şanlı bir ordunun qələbəsinin başına toplaşıblar. Bax,
dünyaya bu sifətlə çıxmaq gərəkdir. Fatehlik və uğurun tərəfdarları
hər zaman çox olur. İrəvanın üzərini örtən hadisə bax budur.
Məğlubiyyət, qırılma, matəm, mərsiyyə, şikayət və yardım
istəklərini bir kənara buraxıb, dünyaya yeni sifətdə çıxmağı
düşünmək lazımdır. Milli kodunu və əfsanəvi tarixini unudub da
şikayətçi bir üslubda dünyanı ədalətsizlikdə qınamağı tarixə
buraxmaq vaxtıdır.
Ərdoğan bir zamanlar Yaponiya dövlətinin etdiklərini
gerçəkləşdirməyə qadir oldu. Gündoğar ölkənin vətəndaşları xarakiri
keçmişini bir kənara ataraq təhsilə, elmə, texnologiyaya və
ədalətli cəmiyyətə qovuşa bilmişdilər. Soyqırımlardan deyil,
Çanaqqaladan itirilmiş torpaqlara getməyi bacaranları meydanda
görmək istərdim".