"Putin filmdə Azərbaycanın
adını çəkməklə bildirmək istəyir ki, guya vaxtilə Amerika
kəşfiyyatı Qafqazda baş verən proseslərə Azərbaycandan müəyyən
diktələr etmiş və bir növ Rusiyanın dağılma prosesini
sürətləndirmək üçün işlər görürmüş. Bu, qəti sürətdə belə
deyil".
Bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli
deyib. Sabiq dövlət müşaviri bildirib ki, əksinə, Azərbaycan həmin
dövr Rusiya ilə münasibətləri qaydaya salmaq üçün ciddi addımlar
atırdı:
"Söhbət 1990-cı illərin əvvəllərindən gedir. Həmin dövr
Azərbaycan Ermənistanla qızğın müharibə şəraitində idi. Bu
müharibədə Rusiya qoşunlarının müəyyən hissəsi yaxından iştirak
edirdi. Bu dövrdə Azərbaycanın ən ciddi problemi Ermənistanla
müharibə idi. Azərbaycan həmin dövr Rusiya ilə münasibətləri normal
vəziyyətə gətirmək üçün çox ciddi səylər göstərirdi. Çünki
Yeltsinin dövründə Rusiya Azərbaycana qarşı bir blokada siyasəti
həyata keçirməyə başlamışdı. Bunun nəticəsində Azov dənizi
vasitəsilə Volqodonsk kanalı ilə Xəzərə dənizinə Ukraynadan taxıl
daşınmasının və ümumiyyətlə Azərbaycanın dünya okeanına çıxışının
qarşısı alınmışdı. Azərbaycan gəmiçilikdən istifadə yolu ilə bir
növ yükdaşımalarını həyata keçirə bilmirdi. Belə bir zamanda
ölkəmizdə Amerikanın elə də böyük səfirliyi yox idi ki, onun
ərazisində hər hansı məxfi cihazları və yaxud çeçenlərin hərəkətini
istiqamətləndirəcək təlimatçı işinin həyata keçirilməsini təsəvvür
edə biləsən. Düzdür, həmin dövrdə Azərbaycanda çeçen yaralıları var
idi. Onlar da ölkəmizə qanuni yollarla gələrək müalicə olunurdular.
Ancaq bu çeçenlər sayca çox az idi. Buna görə də onların Amerika
kəşfiyyatının nəzarəti altında Azərbaycana gətirilməsi və yaxud
səfərbər edilmiş çeçenlərin Şimali Qafqazda Amerika kəşfiyyatı ilə
işbirliyi qətiyyən ağlabatan deyil".
Politoloq bildirib ki, Putinin işlətdiyi ifadələrin heç bir
ciddi əsası yoxdur:
"Həmin dövr mən dövlət vəzifələrində işləmişəm və proseslərin
içində olmuşam. Səmimi deyirəm ki, Azərbaycan heç vaxt bu cür
proseslərin olmasına imkan verməzdi. O vaxt təhlükəsizlik
xidmətləri və hüquq-mühafizə orqanlarımız kifayət qədər səmərəli iş
aparırdı. Yəni sözügedən hadisənin baş verməsi və Azərbaycanda belə
bir şəraitin yetişməsi qeyri-mümkün idi. Xüsusilə də Heydər Əliyev
Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına həmin vaxt çox böyük
önəm verirdi. Ölkəmizin MDB-yə daxil olması və MDB-nin bütün yüksək
səviyyəli görüşlərində iştirak etməsi və s. şəxsən onun təşəbbüsü
idi. Bu, iki dövlət arasında münasibətlərin qaydaya salınmasına
xidmət edirdi. Tutalım ki, bir-iki kəşfiyyat cəhdi olubsa da,
Azərbaycan bundan xəbərdar olmayıb. Bu o demək deyil ki, kimlərsə
Azərbaycan ərazisindən Rusiyanı dağıtmaq istəyirdi. Zənnimcə, bu,
Putin tərəfindən ciddi götür-qoy edilmədən işlədilmiş ifadələrdir
və heç bir ciddi əsası da yoxdur".