"Azərbaycanda keçirilən
mötəbər tədbirləri, "Avroviziya" mahnı müsabiqəsini, indi də I
Avropa Oyunlarını ermənipərəst qüvvələr və erməni diasporu hər
vəchlə gözdən salmağa çalışır".
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət
Həsənquliyev APA-ya geniş müsahibəsində deyib. Millət vəkilinin
sözlərinə görə, insan haqları ilə bağlı problemlər hər bir ölkədə
var:
"Bakıda keçirilən Avropa Oyunlarının üzərinə bu problemlərdən
istifadə edərək kölgə salınması qətiyyən yolverilməzdir. Əvvəla, bu
oyunları siyasiləşdirmək olmaz. Digər tərəfdən, Azərbaycanda hər
bir vətəndaş bilməlidir ki, bu oyunlar ölkəmiz üçün son dərəcə
əhəmiyyətlidir. Çünki erməni diasporu bizi İslam dünyasının ən geri
qalmış və yarı vəhşi ölkəsi kimi təqdim etməyə çalışır. Azərbaycanı
Qərbdə sadə insanlar tanımırlar. Mən özüm xaricdə səfərlərdə oluram
və görürəm ki, bəzi hallarda Azərbaycanın harada yerləşdiyini
bilmirlər. Ona görə də "Avroviziya" mahnı müsabiqəsi, I Avropa
Oyunları, İslam Həmrəylik Oyunları, "Formula-1" və dünyada böyük
diqqət cəlb edəcək digər tədbirlərin Azərbaycanda keçirilməsi
ölkəmizin yaxşı mənada tanıdılması üçün böyük fürsətdir. Burada biz
Azərbaycanın Avropa dəyərlərini mənimsəmiş xalq olduğunu ortaya
qoyacağıq. Eyni zamanda, xalqımızın nə qədər xeyirxah, qonaqpərvər
və alicənab olduğunu nümayiş etdirəcəyik. Çünki ermənilər deyirlər
ki, Qarabağ erməniləri bizimlə bir yerdə yaşaya bilməz. Bizi bir
çox halda aşağı səviyyəli, mədəniyyətsiz xalq kimi təqdim etməyə
çalışırlar. Amma biz göstəririk ki, burada tolerantlılıq,
dözümlülük var, müxtəlif millətlərin nümayəndələri Ermənistandan
fərqli olaraq, burada birgə yaşayırlar".
Millət vəkilinin fikrincə, ABŞ-ın indiki məqamda Azərbaycana bu
təzyiqinin arxasında öz maraqları dayanır:
"ABŞ-ın özündə insan haqları ilə bağlı ciddi problemlər var.
Orada qaradərililərə qarşı olan zorakılıqlar, irqi ayrı-seçkilik,
insanların polis zorakılığına məruz qalması və polislər tərəfindən
qətlə yetirilməsi, həbsxanada yatanların böyük əksəriyyətinin
qaradərili olması, qaradərililər arasında işsizlik, təhsil
problemi, ağdərililər və qaradərililərin bir-birini qəbul
etməmələri çox ciddi problemlərdir. Dövlət siyasəti bu problemin
aradan qaldırılmasına yönəlməlidir. Ancaq görürsən ki, öz
daxilindəki problemlərdən ictimaiyyətin diqqətini yayındırmaq üçün
başqa ölkələrdəki insan haqları məsələsinə daha çox diqqət
yetirilir.
Əlbəttə, ABŞ Konqresi tərəfindən maliyyələşdirilən radionun
əməkdaşı, ABŞ-dakı qeyri-hökumət təşkilatlarından qrant alan QHT
rəhbərləri var ki, onlar hazırda Azərbaycanda həbsdədir. Bu da
ABŞ-ı qıcıqlandırır və həmin şəxslərin azad olunmasını tələb edir.
Mən əvvəllər də bu fikirdə olmuşam ki, hətta onların əsaslı və ya
əsassız həbsindən asılı olmayaraq, 5-6 nəfərin cəza almasına görə
biz böyük dövlətlərlə, dünyada tanınmış insan haqlarını müdafiə
təşkilatları ilə üz-üzə gəlməməliyik, onları azad etməliyik.
Vaxtilə biz Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan, etnik
separatizmi yaradan, talışlarla Azərbaycan türkləri arasında
qarşıdurma yaratmaq istəyən milli satqın Ələkrəm Hümbətovu belə əfv
etmişik. O zaman əsaslandırmışdıq ki, bu adama görə beynəlxalq
təşkilatlarla qarşıdurmaya getmək lazım deyil. Hesab edirəm ki, o
cür ağır cinayətlərə görə məhkum olunmuş bir şəxsi azad edən
hökumət digər şəxsləri də azad edə bilər. Mən həm də hökuməti Tofiq
Yaqublu başda olmaqla, həmin o beynəlxalq təşkilatlar tərəfindən
vicdan məhbusu hesab edilən digər şəxsləri azad etməyə
çağırıram".
Q.Həsənquliyev Milli Şuranın bu qara kampaniyaya qoşulmasına da
münasibət bildirib:
"Milli Şuranın adından fərqli olaraq, heç bir milliliyi yoxdur.
Xatırlayırsınızsa, bu qüvvə hakimiyyətə gəlmək üçün son prezident
seçkiləri ərəfəsində İran və Rusiya ilə də əməkdaşlıq edib. Bütün
bunlar onu göstərir ki, bu adamlar istənilən qüvvənin əli ilə
hakimiyyətə gəlməyə hazırdırlar. İndi də Milli Şura ABŞ və Avropa
ölkələrinin tapşırığı və verəcəyi maliyyəyə görə Azərbaycanda
istənilən mövqeni nümayiş etdirməyə hazırdır. Burada da təəccüblü
bir şey yoxdur. Bu proseslərdə xarici qüvvələr onlardan istifadə
etməyə çalışır və çalışacaqlar. Bu, birmənalı belədir".